Hazırda ümumilikdə erməni adlandırılan millət uzun
illərdir ki, bütün dünyaya Qafqazın əsl sahibləri olduqları barədə
yalanlar yayırlar. Ancaq onların bu yalanını başda erməni və rus
tarixçiləri olmaqla, ciddi alimlərin hamısı təkzib
edir.
Axar.az xatırladır ki, tarixə olduğu kimi yanaşan və siyasi
məqsədlər güdməyən bir çox rus və erməni tarixçiləri də ermənilərin
(hayların) əslində haradan və nə zaman Qafqaza gətirilmələrini
araşdıraraq, faktlarla təqdim ediblər.
Erməni tarixinin yalançı atası
Uzun illər Qafqaz tarixini araşdıran rus tədqiqatçı Aleksandr
Anninski hay tarixinin atası adlandırılan Movses Xorenatsinin
(410-490) öz xalqının tarixi haqqında yazdıqlarına şübhə ilə
yanaşır. O, Xorenatsinin istinad etdiyi erməni müəlliflər olan Mar
Abas Katina, Aqafangel, Zenob, Favstos Buzandın avropalı
ermənişünaslar tərəfindən tarixi mənbə kimi inkar edildiyini
bildirib.
Erməni tarixçi Arakel Babaxanyan isə erməni tarixinin atası
Movses Xorenatsinin sözlərinin əleyhinə çıxış edir. O, Xorenatsinin
öz əsərində 59 erməni hökmdarının adını çəkdiyini və onlardan
32-sinin ümumiyyətlə, nə zaman hökmranlıq etdiyi haqqında məlumat
vermədiyini bildirib. Babaxanyanın fikrincə, məhz Xorenatsi hay
tarixini doğru yazmayıb və hadisələrin böyük əksəriyyətini özündən
uydurub.
Şopendən ərmən həqiqəti
Məşhur rus qafqazşünas alimi İvan Şopen apardığı tədqiqatlardan
sonra haylar və ermənilərin ayrı-ayrı etnoslar olduğu qənaətinə
gəlib. Belə ki, bizim eradan əvvəl XII əsrdə haylar özlərinə yaxın
olan frank-frigiya tayfaları ilə birgə Balkan yarımadasından Kiçik
Asiyaya – Dəclə və Fərat çayları arasındakı əraziyə köçüblər. Mifə
görə, haylar burada Assuriya çarı Belin üzərində qələbə çalaraq Van
gölü hövzəsində məskunlaşıblar. Bu ərazi o zaman Hayasa (Hayastan)
adlanırdı. Anadoluda Ərməniyyənin dağlıq bölgəsində, Urmiya gölü
hövzəsində və Qafqazda yaşayan haylar hurrilərlə (Azərbaycan
ərazisində mövcud olmuş ilkin etno-siyasi birliklərdən biri – red.)
qaynayıb-qarışaraq o zamana qədər mövcud olan ərmən tayfalarının
tarixini və irsini mənimsəyiblər. Şopenin fikrincə, ərmən tayfaları
əslən türk-subarlardan törəmə olublar. Nəticədə hazırkı zamanda
eyni xalq iki ad daşıyır. Xalq özü-özünü hay, digərləri isə onu
erməni adlandırır. Onu da bilmək lazımdır ki, ərmən etnoniminə
təkcə Anadolu və Qafqazda yox, həm də türkün tarixən keçdiyi bütün
ərazilərdə, o cümlədən Mərkəzi Asiya və Baykal gölü yaxınlığında
rast gəlinir.
Əslində, haylar Qafqazda digər xalqlardan sonra məskunlaşıblar.
Erməni tarixçi Karen Yüzbaşyan da etiraf edir ki, məhz bu
ərazilərdə indi erməni adlandırılan haylardan xeyli öncə qədim
türklər mövcud olub. Onun sözlərinə görə, türklər Qafqaza
səlcuqlardan çox öncə gəliblər.
Təsadüfü deyil ki, Ukraynada yaşayan erməni Artur Ağacanov
erməni təbliğatı və tarixin saxtalaşdırılmasına qarşı uzun illərdir
mübarizə aparır. Ağacanov Qarabağdakı əksər xristianların zorla
haylaşdırıldığını bildirir və etnik baxımdan Qarabağ ermənilərinin
qaykan (hay) xalqına heç bir aidiyyəti olmadığını isbat edir.
Onun sözlərinə görə, insanlar tam qədimdən etnik deyil, dini
mənsubiyyətinə görə bölünüblər. 19-cu əsrədək insanları məhz dini
və konfessional mənsubiyyətinə görə yəhudi, xristian, müsəlman,
buddist, atəşpərəst, erməni və s. adlandırırdılar. Müxtəlif
xalqların bu və ya digər dinə inanan nümayəndələri bu adlar altında
birləşirdilər. Sonradan müxtəlif xalqlar özlərinə verdikləri ad
altında birləşməyə başladılar. Beləliklə, "ermənilər" anlayışı dini
termindən "erməni" etnik termininə çevrildi və qıpçaqlar, tatlar,
kürdlər, udinlər və monofizit xristianlığa etiqad edən digər Qafqaz
xalqları da "erməni" kimi (hay) təqdim olunmağa başladı.
Faciə ondadır ki, "erməni" adlandırılan hər kəs Eçmiədzin
kilsəsinə aid edilməyə başlayıb. Halbuki, əvvəllər ora qaykan (hay)
xalqının dini mərkəzi olub. Nəticədə bütün erməniləri zorla haya
çevirib, onları öz etnik mənsubiyyətlərindən, mədəniyyət və
tarixlərindən məhrum ediblər.
Artıq iki əsrdir ki, Türkiyədən, İrandan, Yaxın Şərq
ölkələrindən olan köçkünlər (hay və ya qaykan xalqının
nümayəndələri) Qarabağın qədim torpaqlarını mənimsəyir. Bu iki
əsrdə həmin köçkünlər Eçmiədzin kilsəsinin dəstəyi ilə qədim
Avtokefal Alban Kilsəsini ləğv etməyə də nail olublar. Qandzasar və
Amaras kilsələrinin, Alban kilsəsinin Qarabağda və bütünlükdə
Cənubi Qafqazdakı digər patriarx taxt-taclarının ləğvi nəticəsində
çoxsaylı xalqlar, onların mədəniyyəti, məbədləri, kitabları və irsi
Eçmiədzin erməni kilsəsinin əlinə keçib. Bu xalqların bir hissəsi
erməni qriqoryanlığına etiqad etsələr də, onların hay xalqına və
Eçmiədzinə heç bir aidiyyəti olmayıb. Lakin bu xalqların etnik
mənşəyi zorla dəyişdirilib və onlar haylaşdırılıblar.
Ağacanov bildirir ki, Qarabağ xristianları bioloji baxımdan
Qafqaz Albaniyasının Azərbaycan və digər xalqlarına yaxındırlar.
Lakin müxtəlif siyasi mərkəzlərin və ölkələrin susqun razılığı və
himayəsi fonunda iki əsr ərzində müxtəlif xalqların, ölkələrin və
mədəniyyətlərin irsi təhrif olunaraq hay xalqının və Eçmiədzin hay
kilsəsinin adına yazılıb.
Artur Ağacanov Qarabağ ermənilərinin Ermənistanda qaykanlarla
etnik fərqlərinə görə hər zaman "ikinci dərəcəli" insan
sayıldıqlarının da səbəbini bununla əsaslandırıb: "Orada bizi hər
zaman nifrətlə "şurtvas" ("dönmə") adlandırıblar. Bu, bir daha
göstərir ki, qaykanların özləri də bizi ayrı, etnik, dini və tarixi
baxımdan fərqli xalq sayırlar".
Tanınmış ermənişünas alim, Ərciyəz Universitetinin professoru
Qafar Çaxmaqlı da ermənilərin Qafqaza gəlmə olduğunu tarixi
dəlillərlə sübuta yetirib. Onun sözlərinə görə, indiki haylar qədim
babaları saydıqları ermənilərin dilini başa düşmürlər: "Mən həm
qravar, həm də asqaravar dilindən dərs deyirəm. Qravar qədim erməni
dilidir. Bu dildən 8-ci əsrə qədər istifadə edilib. Və indi həmin
əsərlər müasir erməni dilinə tərcümə edilir. Ermənilərin müasir
dilləri - asqaravardır. Biz 10-11-ci əsrlərdə qələmə alınan
əsərlərimizin, hətta 6-7-ci əsrlərdə daşlara yazılan abidələrimizin
dilini (Orxon-Yenisey abidələri) asanlıqla başa düşürük, oxuya
bilirik, çünki ana dilimizdir. Amma ermənilər 10 əsr qabaq
yazdıqlarını anlaya bilmirlər. Çünki qravar hay deyil, əski türk
tayfalarından biridir. Haylar isə indi erməni adlandırılan
millətdir. Qafqaza köçən və burada separatizmi yayan haylardır,
ermənilər deyil. Hay və erməni xalqlarını bir-birindən ayırmaq
vacibdir".