Xəbər verdiyimiz
kimi, əfsanəvi boksçu Məhəmməd Əli bu gün
vəfat edib. Dünya idmanının ən məşhur simalarından olan Məhəmməd
Əlinin vəfatı bütün dünyada yüz milyonlarla insanı
kədərləndirib.
Axar.az xəbər verir ki, Məhəmməd Əli boks tarixçiləri, idman
ekspertləri, keçmiş boksçular, indiki boksçular və boks azarkeşləri
tərəfindən "Bütün zamanların ən böyük boksçusu" kimi tarixə
düşüb.
Həyatı
Əsil adı Kassius Marsellus Kley olan əfsanəvi boksçu Məhəmməd
Əli 1942-ci il yanvar ayının 17-də ABŞ-ın Kentukki əyalətində
anadan olub. Kleyin atası reklam sahəsində çalışıb, anası isə evdar
qadın olub. Metodist kilsəsinin üzvü olan atası öz həyat yoldaşına
oğullarını anasının istəyinə görə yetişdirməyə - Baptist kilsəsinə
aparmağa icazə verirdi.
Kasius 12 yaşında olarkən onun velosipedini oğurlayırlar. Tez
tədbir görmək qərarına gələn kiçik Kley polis idarəsinə yollanır.
O, polis zabiti, eyni zamanda boks müəllimi olan Joy Martinə
müraciət edərək, xuliqanın dərhal həbs edilərək, yaxşıca
əzişdirilməsini tələb edir. Polis zabiti ona bunu edə bilmək üçün
əvvəlcə bu işi bacarmağın lazım olduğunu bildirir. Bundan bir gün
sonra Kasius Martinin boks zalında məşqə başlayır...
Kley 1960-cı ildə Romada keçirilən Olimpiya oyunlarında ilk
böyük qələbəsini qazanır. Burada o, turnirin qızıl medallarına
layiq görülür.
1961-ci ildə Kasius dövrün məşhur "nokautçu" boksçusu Lamar
Klarkla üz-üzə gəlir. O, Klarkı ikinci raundda nokauta
göndərir.
1962-ci ildə Sonni Benkslə görüşdə Kley həyatında ilk dəfə
nokdauna düşür. Dördüncü raundda isə Kley rəqibini nokauta
salır.
1960-63-cü illərdə gənc boksçu keçirdiyi bütün 19 görüşü tam
qələbə ilə başa vurub ki, bunlardan 15-i nokautla başa çatıb.
Kley islamı qəbul edir
1964-cü ildə Sonni Listonu məğlub etdikdən sonra Kley islamı
qəbul edir və Məhəmməd Əli adını götürür. O, həmçinin, ABŞ
müsəlmanlarının təşkilatı - Aliya Məhəmmədin rəhbərlik etdiyi
qurumun üzvü olur.
Həmin dövrdə bu təşkilat qaradərili müsəlmanların təşkilatı
hesab olunurdu. Təşkilatın rəhbəri Aliya Məhəmməd təşkilata yeni
üzv seçilən boksçuya Malkolm X-in razılığından sonra Kasius X adını
verir. 1964-cü il mart ayının 6-da Malkolm X onu özü ilə birlikdə
Birləşmiş Millətlər Təşkilatına dörd günlük səfərə aparır. Həmin
gecə Aliya Məhəmməd Kasiusun adının dəyişdiyini və bundan sonra
onun Məhəmməd Əli olduğunu radiodan bəyan edir.
Gənc boksçunun bu təşkilata üzv olması bir sıra dairələri də
bərk narahat edirdi. Onlar təşkilatın digər üzvləri kimi Əlini də
separatçı hesab edir və ondan şübhələnirdilər. Müsahibələrinin
birində Əli ağ və qara dərili insanların inteqrasiyası fikrini
tənqid edərək, ağlarla birlikdə yaşamaq istəmədiyini bildirmişdi.
Onun fikrincə, ağdərili insanların qaraları görən gözü yox idi.
1975-ci ildə Aliya Məhəmmədin vəfatından sonra Əli əsas islam
cərəyanı olan sünni islama mənsub olduğunu bildirir.
1965-ci ilin noyabrında Əli Floyd Pattersonla titulunu müdafiə
etmək üçün ikinci dəfə döyüşür. Əli bu döyüşdə xüsusi səylə
rəqibinə zərbələr endirirdi, çünki döyüşdən əvvəl Patterson onu
yeni adı - Əli adı ilə çağırmaqdan imtina etmiş və onu Aliya
Məhəmmədin rəhbərlik etdiyi təşkilata üzv olduğuna görə
qınamışdı.
1967-ci ildə Əli ABŞ ordusunda hərbi xidmətə çağırılır. Bu zaman
ABŞ Vyetnam ilə müharibəyə girişmişdi. Əli orduda xidmət etməkdən
imtina edir. O özünü könüllü imtinaçı adlandırır. Əli ABŞ-ın
başlatdığı müharibənin müqəddəs Quranın təlimlərinə zidd olduğunu
elan edirdi. "Biz Allah və onun peyğəmbəri tərəfindən bildirilməyən
heç bir müharibədə iştirak etməməliyik. Biz xristian və Allahın
varlığını inkar edənlərin əli altında vuruşmamalıyıq. Mənim Vyetnam
Konqresi ilə heç bir problemim yoxdur. Onlar məni heç vaxt
təhqiredici formada "qara zənci" çağırmayıblar. Bu, ədalətsiz bir
müharibədir", - Əli bildirirdi.
Bundan sonra ABŞ-ın Boks Federasiyası onun bütün titullarını
əlindən alaraq, Əlini boksdan uzaqlaşdırır. Daha sonra isə Əliyə
külli miqdarda pul cəzası kəsilir və ömürlük azadlıqdan məhrum
edilir.
Əlinin hərbi xidmətdən boyun qaçırması ilə bağlı məhkəmə işi
ölkənin Ali Məhkəməsinə göndərildiyi zaman Əlini dəstəkləyənlərin
və müharibə əleyhinə səslərini ucaldanların sayı günbəgün artırdı.
Əli ictimaiyyətin hörmət və ehtiramını qazanırdı, dinindən və
irqindən asılı olmayaraq hər kəs ona hörmət edirdi, tarixdə heç kəs
insanlar tərəfindən bu qədər hörmətə layiq görülməmişdi.
"Əsrin döyüşü"
1970-ci ildə Əliyə yenidən rinqə qayıtmağa icazə verilir. Bu
işdə ona Corcia ştatınından olan senator köməklik edir. Belə ki, o
zaman Corcia ştatı ABŞ-da boks lisenziyası olmadan döyüşlərin
keçirildiyi yeganə ştat idi.
1971-ci il mart ayının 8-də Əli və Co Freyzer arasında "Əsrin
döyüşü" adlandırılan döyüş baş tutur. Döyüş Freyzerin qələbəsi ilə
başa çatır. Bu, Əlinin ilk məğlubiyyəti idi.
1973-cü ilin martında Əli karyerası ərzində hakimlərin
mübahisəli qərarı ilə ikinci dəfə Kenon Nortona məğlub olur.
1974-cü ilin yanvarında Əli daha əvvəl məğlub olduğu Co
Freyzerlə ikinci dəfə rinqdə üz-üzə gəlir və onu məğlub edir.
Elə həmin ilin oktyabr ayında Əli məğlubedilməz Corc Formanı
məğlub edərək, ikiqat dünya çempionu tituluna sahib çıxır. Bu döyüş
"Cəngəllikdə guppultu" adı ilə boks tarixinin qızıl səhifəsinə
çevrilir.
1975-ci ilin martında Əlinin Çak Vepnerlə mübarizəsi və
karyerası ərzində dördüncü dəfə nokdauna düşməsi Rokki filminin
ssenarisinin "əsasını qoyur". Görüşün 9-cu raundunadək müdafiə
olunub zərbələr "yeyən" və 9-cu raundda nokdauna düşən Əli sonrakı
üç raundda rəqibinə çoxlu zərbə endirərək qalib gəlir.
1975-ci ilin sentyabrında Məhəmməd Əli ilə Co Freyzer arasında
üçüncü döyüş keçirilir. Görüş Filippinin Manila şəhərində 30
dərəcədən artıq isti havada keçirilir. Bu, sonadək aqressiya dolu
döyüş idi. Görüşün 14-cü raundunda Freyzer döyüşü davam etdirməkdən
imtina edir və Əli qələbə qazanır. Bu döyüş "Manilada triller"
adını qazanır və hələ də dünyada bu gunə qədər keçirilmiş ən böyük
boks qarşılaşması olaraq qəbul edilməkdədir. Döyüşdən sonra Əli
Freyzeri özündən sonra bütün dövrlərin ən yaxşı boksçusu
adlandırır.
Əlinin qürubu
1978-ci ildə Əli Leon Spinksə məğlub olur. Bu onun üçüncü
məğlubiyyəti idi. Ancaq Əli onu revanşa dəvət edərək, bu
məğlubiyyətin əvəzini elə həmin ilin sentyabr ayında çıxır və
tarixdə ilk dəfə olaraq bir boksçu 3-cü dəfə dünya çempionu adı
qazanır.
1980-ci ildə Əli Larri Holmesə məğlub olur, 10 raunddan sonra
döyüşü davam etdirmək istəməyən Əli hakimlərin qərarı ilə texniki
nakautla məğlub olur. 1981-ci ildə Trevor Berbikə məğlub olan Əli
boksu tərk etdiyini elan edir. O, parkinson olduğu üçün son
döyüşlərində məğlub olur.
Əli nüfuzlu boks jurnalı "Rinq"in ən çox "İlin boksçusu" elan
edilən şəxsdir.
1978-ci ildə Əlinin doğma rayonu Luisvildə Valnut küçəsinin adı
Məhəmməd Əli Bulvarı kimi dəyişdirilir.
Bir neçə il sonra tanınmış boksçuda parkinson xəstəliyinin
əlamətləri ciddi-ciddi görünməyə başlayır. Əli boksu tərk etsə də,
onun danışığı və refleksləri pisləşməkdə davam edir. O, parkinson
xəstəliyindən əziyət çəkirdi. Fiziki çatışmazlığa baxmayaraq, Əli
hələ də bütün dünyada hər kəsin gözündə güc, qürur və yenilməzlik
abidəsi olaraq qalmaqdadır.
1991-ci ildə Tomas Hauzer tərəfindən "Məhəmməd Əli: Onun həyatı
və zamanlar" adlı kitab işıq üzü görür. Əliyə dünyada ən çox
tanınan şəxsiyyət olduğuna görə, "Amerikanın ruhu" mükafatı təqdim
olunur.
2001-ci ildə Əlinin həyatı
ekranlaşdırılır. Filmdə əsas rolu məşhur Hollivud ulduzu Vil Smit
ifa edirdi. Vil Smit əvvəlcə rolu ifa etməkdən imtina edir. O,
ancaq Əlinin razılığını aldıqdan sonra rolu qəbul edir. Smitin
dediyinə görə, Əlinin onun haqqında dediyi ilk söz: "Sən məni
canlandırmaq üçün kifayət qədər gözəl deyilsən" olub.
2002-ci ilin noyabr ayının 17-də Əli Birləşmiş Millətlər
Təşkilatının sülh elçisi kimi Əfqanıstana səfər edir. O, BMT-nin
xüsusi qonağı kimi üç gün ərzində xoşməramlı səfir sifəti ilə
Kabildə qalır.
2005-ci il noyabrın 9-da Ağ Evdə keçirilən mərasimdə Əli
prezident Corc Buş tərəfindən Azadlıq Medalı ilə təltif edilir.
Həmin il dekabrın 17-də o, Almaniyanın Ottohan Sülh Qızıl Medalı
ilə təltif edilir. Buna səbəb Əlinin ictimai fəaliyyəti idi.