Mayın 4-də Azərbaycan Universitetində ümummilli lider
Heydər Əliyevin anadan olmasının 93-cü və Ulu Öndərin hakimiyyətə
qayıdışının 23-cü ildönümünə həsr edilən "Multikulturalizm
Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir"
mövzusunda IV beynəlxalq konfrans keçirilib.
Universitetdən Axar.az-a bildiriblər ki, konfrans bu ali
məktəbin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Türkiyənin
Anadolu Universitetinin, "Gənclərin Elmi Araşdırmalarına Dəstək"
İctimai Birliyinin və "SƏS" media qrupunun birgə təşkilatçılığı ilə
reallaşdırılıb.
Konfransın plenar iclasında Azərbaycan Universitetinin rektoru
Fərid Əhmədov multikulturalizmin nəzəri və praktik cəhətdən
dünyanın diqqət mərkəzində olduğunu söyləyib. Qeyd edilib ki,
dominant və periferik mədəniyyətlərdən ibarət cəmiyyətlər
multikultural dəyərlərin yüksək səviyyədə təmin olunmasında
problemlərlə üzləşir. Azərbaycan özünün multikulturalizm siyasəti
və modeli ilə böhran yaşayan ölkələrə nümunə ola bilər.
Nəsimi Ryon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov xalqımızın
mültikultural ənənələrə dəyər verdiyini deyib. Bildirilib ki,
xalqımız əsrlərdir müxtəlif etnik qrupların nümayəndələri ilə
qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayır. Ölkəmizdə
tolerantlıq mühitinin güclənməsi istiqamətində ciddi addımlar
atılır.
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Məlahət Həsənova
bildiriblər ki, Azərbaycanda multikultural sərvətin və ənənələrin
qorunmasına və nəsildən–nəslə ötürülməsinə xüsusi diqqət yetirilir.
Dünyada yaşanan multikutural böhran fonunda Azərbaycanın öz
tolerant dəyərləri ilə fəxr etməyə haqqı var.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə
işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev, Azərbaycan
Respublikasının Millətlərarası multikulturalizm, milli və dini
məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi
Ceyhun Məmmədov konfransın "Multikulturalizm ili" çərçivəsində
həyata keçirilən birgə tədbirlər planına uyğun təşkil olunduğunu
diqqətə çatdırıblar. Qeyd edilib ki, Bakı Multikulturalizm
Mərkəzinin açılması, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə
2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması,
multikulturalizm fənninin tədrisi ölkədə multikultural və tolerant
mühitin möhkəmlənməsinə dövlət səviyyəsində göstərilən diqqət və
qayğının göstəricisidir.
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan
Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov, "SƏS"
media qrupunun baş direktoru Bəhruz Quliyev və "Gənclərin Elmi
Araşdırmalarına Dəstək" İctimai Birliyinin nümayəndəsi Həzi Eynalov
ölkəmizdə multikulturalizm siyasətinin həyata keçirilməsində
görülən işlərdən söz açıb, bunun Azərbaycan dövlətinin strateji
xəttində xüsusi əhəmiyyət daşıdığını bildiriblər.
Azərbaycan, Türkiyə, Rusiya və Gürcüstandan olan elm
adamlarının, ekspertlərin iştirak etdikləri konfrans işini bölmə
iclasları ilə davam etdirib.