Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib və
2016-cı ilin 2-ci maliyyə müsabiqəsinin nəticələrini təsdiq
edilib.
Axar.az xəbər verir ki, şura sədri, millət vəkili Azay Quliyev
gündəliyə Şuranın 2016-cı il 2-ci qrant müsabiqəsinin yekunları,
Şuranın Apelyasiya Komissiyasının qərarlarının icrası, 4 aprel
2016-cı il tarixli 10 (151) saylı iclasının qərarına müvafiq
dəyişikliyin edilməsi, təqdim olunan müsabiqədənkənar layihələr,
2016-cı il 3-cü qrant müsabiqəsi elanı və prezidentinin 2016-cı il
27 aprel tarixli 1993 nömrəli Sərəncamı ilə təsdiq edilən "Açıq
hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət
Planı"nın icrası ilə bağlı məsələlərinin daxil edilməsini təklif
edib. Gündəlik yekdilliklə təsdiq olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəliyin
1-ci məsələsi ilə əlaqədar bildirib ki, 5 aprel 2016-cı ildə elan
olunan və 14 mövzunu əhatə edən 2-ci qrant müsabiqəsinə QHT-lər
tərəfindən 295 layihə təklifi daxil olub. Onlardan 21-i təşkilatın
qanuni təmsilçisinin səlahiyyət müddətinin bitməsi, layihə
təkliflərinə tələb olunan sənədlərin edilməməsi və digər bu kimi
çatışmazlıqlara görə seleksiyadan keçməyib. 274 layihə isə Şura
tərəfindən ekspertizaya təqdim edilib. Hər bir layihənin 3 müxtəlif
ekspert tərəfindən qiymətləndirildiyini qeyd edən icraçı direktor
123 layihənin keçid balı topladığı üçün maliyələşdirilməsini təklif
edib.
F.Qurbanov 2016-cı il 1-ci qrant müsabiqəsində qalib gələn 3
QHT-nin müraciətini və müqavilə öhdəliklərini icra edə
bilmədiklərini nəzərə alaraq, onların layihələrinin
maliyələşdirilməsi haqqında Şuranın qəbul etdiyi qərarın ləğv
edilməsi barədə məsələ qaldırıb.
Katibliyin icraçı direktoru 2016-cı il 1-ci qrant müsabiqəsinin
nəticələrindən narazı olan və Apelyasiya Komissiyasına müraciət
edən QHT-lərdən 8-nin layihəsinin maliyələşdirilməsinə Komissiyanın
müsbət rəy verdiyini deyib.
F.Qurbanov 2016-cı il 3-ci qrant müsabiqəsinin mövzuları
haqqında ətraflı məlumat verərək məsələ ilə bağlı müsbət qərar
qəbul olunacağı halda Şuranın cari ildə elan etdiyi hər 2 maliyyə
müsabiqəsində layihələri keçid balı toplamayan QHT-lərə yeni bir
imkan yaradılacağını bildirib.
İclasda həmçinin Apelyasiya Komissiyasının (Emin Həsənli, Sahib
Məmmədov, Nərgiz Xələf, Rauf Məcidbəyli, bir QHT və bir jurnalist)
yeni tərkibi müəyyən edilib.