Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında
QHT-lərə Dövlət Dəstəyi Şurasının növbəti iclası
keçirilib.
Axar.az xəbər verir ki, Şura sədri, millət vəkili Azay Quliyev
gündəliyə Şuranın 2016-cı il 2-ci qrant müsabiqəsinin yekunları,
Şuranın Apelyasiya Komissiyasının qərarlarının icrası, Şuranın 04
aprel 2016-cı il tarixli 10 (151) saylı iclasının qərarına müvafiq
dəyişikliyin edilməsi, Şuraya təqdim olunan müsabiqədənkənar
layihələr barədə, Şuranın 2016-cı il 3-cü qrant müsabiqəsi elanı və
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli
1993 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə
dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə
bağlı Şuranın 2016-cı il üzrə iş planının müzakirəsi məsələlərinin
daxil edilməsini təklif edib. Gündəlik yekdilliklə təsdiq
olunub.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov gündəliyin
1-ci məsələsi ilə əlaqədar bildirib ki, 5 aprel 2016-cı ildə elan
olunan və 14 mövzunu əhatə edən 2-ci qrant müsabiqəsinə QHT-lər
tərəfindən 295 layihə təklifi daxil oldub. Onlardan 21-i təşkilatın
qanuni təmsilçisinin səlahiyyət müddətinin bitməsi, layihə
təkliflərinə tələb olunan sənədlərin daxil edilməməsi və digər bu
kimi çatışmazlıqlara görə seleksiyadan keçməyib. 274 layihə isə
Şura tərəfindən ekspertizaya təqdim edilib. Hər bir layihənin 3
müxtəlif ekspert tərəfindən qiymətləndirildiyini qeyd edən icraçı
direktor 123 layihənin keçid balı topladığı üçün
maliyələşdirilməsini təklif edib.
F.Qurbanov 2016-cı il 1-ci qrant müsabiqəsində qalib gələn 3
QHT-nin müraciətlərini və müqavilə öhdəliklərini icra edə
bilmədiklərini nəzərə alaraq, onların layihələrinin
maliyələşdirilməsi haqqında Şuranın qəbul etdiyi qərarın ləğv
edilməsi barədə məsələ qaldırıb.
Katibliyin icraçı direktoru 2016-cı il 1-ci qrant müsabiqəsinin
nəticələrindən narazı olan və Apellyasiya Komissiyasına müraciət
edən QHT-lərdən 8-nin layihəsinin maliyələşdirilməsinə Komissiyanın
müsbət rəy verdiyini deyib.
F.Qurbanov 2016-cı il 3-ci qrant müsabiqəsinin mövzuları
haqqında ətraflı məlumat verərək məsələ ilə bağlı müsbət qərar
qəbul olunacağı halda Şuranın cari ildə elan etdiyi hər 2 maliyyə
müsabiqəsində layihələri keçid balı toplamayan QHT-lərə yeni bir
imkan yaradılacağını bildirib.
Katibliyin icraçı direktoru F.Qurbanov "Açıq hökumətin təşviqinə
dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə
bağlı Şuranın 2016-cı il üzrə iş planı haqqında da geniş məlumat
verib. F.Qurbanov sənəd üzərində işin davam etdirilməsinin zəruri
olduğunu qeyd edib.
İclasda həmçinin Apellyasiya Komissiyasının (Emin Həsənli, Sahib
Məmmədov, Nərgiz Xələf, Rauf Məcidbəyli, bir QHT və bir jurnalist)
yeni tərkibi müəyyən edilib.
Şura üzvləri Şahin İsmayılov, Sahib Məmmədov, Vüsal Quliyev,
Rufiz Qonaqov, Emin Həsənli, Əliməmməd Nuriyev və Nərgiz Xələf
çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı rəy və
təkliflərini bildiriblər.
İclasın gündəliyində olan bütün məsələlər ayrılıqda səsə qoyularaq
qəbul edilib.
Müsabiqənin nəticələri ilə Şuranın (www.cssn.gov.az; www.qhtxeber.az) saytlarında tanış ola
bilərsiniz.