Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında
strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafı
çərçivəsində hüquqi əlaqələrin möhkəmləndirilməsinə böyük əhəmiyyət
verilir. 2001-ci ildə Ədliyyə nazirlikləri arasında əməkdaşlıq
haqqında Saziş imzalanaraq, hüquqi əməkdaşlığın genişləndirilməsinə
təkan verilib, müqavilə-hüquq bazası möhkəmləndirilib, nümayəndə
heyətlərinin qarşılıqlı səfərləri və birgə tədbirlər
keçirilib.
Axar.az xəbər verir ki, bu fikirlər iyunun 9-da Azərbaycanda
səfərdə olan Rusiyanın ədliyyə naziri Aleksandr Konovalovun
respublikamızın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri
Fikrət Məmmədov ilə görüşündə səslənib.
Görüşdə ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq
münasibətlərini vurğulayan nazir F.Məmmədov bu əlaqələrin
inkişafında dövlətlərimizin başçılarının xüsusi rolunu qeyd edib.
Nazir ötən ilin payızında Sankt-Peterburqda keçirilmiş Beynəlxalq
Antikorrupsiya Orqanları Assosiasiyasının illik konfransı
çərçivəsində görüşünü xatırladıb.
F.Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən genişmiqyaslı məhkəmə-hüquq islahatları barədə
məlumat verib, ölkəmizdə hakimlərin seçiminin Avropada örnək kimi
dəyərləndirildiyini, elə bu gün hakimliyə namizədlərlə vahid
auditoriyada ən şəffaf şəraitdə və internetdə onlayn rejimdə
yayımlanmaqla test imtahanının keçirildiyini qeyd edib. Həmçinin
ədliyyə, o cümlədən penitensiar sistemin inkişafı, qanunvericiliyin
təkmilləşdirilməsi, məhkumların və təqsirləndirilən şəxslərin
hüquqlarının genişləndirilməsi üzrə və digər görülən işlərdən
danışıb.
A.Konovalov Azərbaycan ilə Rusiya arasında tarixi dostluq
əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi
və humanitar sahədə uğurla inkişaf etdiyini, Ədliyyə
nazirliklərinin ən intensiv qarşılıq fəaliyyət göstərdiyini, o
cümlədən vətəndaşların məmnunluğuna xidmət edən hüquqi yardım üzrə
əməkdaşlığı və bu sahədə iş həcminin artdığını vurğulayıb. Qonaq
hüquqi əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğunu
söyləyərək təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini
qeyd edib.
Görüşdə qarşılıqlı fəaliyyətin gələcək prioritetləri müzakirə
olunaraq maraq doğuran sahələr üzrə təkliflər irəli sürülüb, birgə
tədbirlərin keçirilməsinə dair razılığa gəlinib.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi, habelə Azərbaycan-Rusiya
münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olub. Rusiyanın
ədliyyə nazirinə müasir ədliyyə fəaliyyətini və iki ölkə arasında
hüquqi əlaqələri əks etdirən xüsusi jurnallar təqdim olunub.
Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin
iştirak edib.