18:34
Prezident İlham Əliyev V.A.Muradovun "Azərxalça" Açıq
Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında
sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq
qərara alıram:
Vidadi Aydın oğlu Muradov "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin
İdarə Heyətinin sədri təyin edilsin.
***
İlham Əliyev A.A.Rzayevanın Azərbaycan Respublikasının
Avstraliya İttifaqında fəxri konsulu təyin edilməsi haqqında
sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aydan Atif qızı Rzayeva Azərbaycan Respublikasının Avstraliya
İttifaqında fəxri konsulu təyin edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu
Sərəncamdan irəli gələn məsələləri həll etsin.
18:55
İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların
dam örtüklərinin dəyişdirilməsi və şəhər avtomobil yollarının
əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər
haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası
nəticəsində Sumqayıt şəhərində mühüm infrastruktur layihələri
həyata keçirilmiş, yeni sənaye müəssisələri yaradılmış,
genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, o cümlədən 200
çoxmənzilli binanın dam örtüyü və lift təsərrüfatı yenilənmiş,
şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilmiş, küçə və
prospektlərdə müasir işıqlandırma sistemi quraşdırılmışdır. Hazırda
93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır,
Musiqi, Şahmat məktəbləri üçün yeni binaların tikintisi, Sumqayıt
Dövlət Dram Teatrı binasının, "Kimyaçılar" Mədəniyyət sarayının
əsaslı təmiri davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində abadlıq-quruculuq
işlərinin, o cümlədən daha 100 çoxmənzilli binanın dam örtüyünün
dəyişdirilməsinin və şəhər avtomobil yollarının əsaslı təmirinin
davam etdirilməsi məqsədi ilə qərara alıram:
1. Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin davam
etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 10,0 (on)
milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin
dəyişdirilməsi üçün 5,0 (beş) milyon manat, şəhər avtomobil
yollarının əsaslı təmiri üçün 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.