Əgər Heydər Əliyev olmasaydı, bu gün müstəqil Azərbaycan
Respublikası mövcud olmayacaqdı. Heydər Əliyev öz adını dünya
siyasi tarixinə qızıl hərflərlə yazıb. Xalqına və dövlətinə sonsuz
sevgi və xidmət – bu, həqiqətən Ümummilli Lider, müasir Azərbaycan
dövlətinin qurucusu, islahatçısı və memarına xas cizgilərdir".
Ukraynanın populyar internet nəşri olan "Versii.com" saytında
iyunun 13-də yerləşdirilən "Heydər Əliyev: Azərbaycanın müasir
tarixində dərin iz qoyan insan" analitik məqaləsi bu sözlərlə
başlayır.
Axar.az xəbər verir ki, məqalənin müəllifi, Azərbaycanın
Ukraynadakı müvəqqəti işlər vəkili Nazim Əliyev yazır ki, 1991-ci
ilin oktyabrında Azərbaycan xalqı müstəqilliyini bərpa etdikdən
sonra ölkəmizdə ictimai-siyasi, iqtisadi vəziyyət ziddiyyətli və
ağır idi. Bir tərəfdən, biz erməni işğalçılarının Azərbaycana qarşı
ərazi iddiaları nəticəsində müharibəyə cəlb olunmuşduq, digər
tərəfdən, Azərbaycanda hakimiyyət uğrunda mübarizə aparan
qüvvələrin fəaliyyəti vəziyyəti daha da kəskinləşdirirdi. Bu,
ölkənin ayrı-ayrı hərbi-siyasi qüvvələr tərəfindən bölünməsi və
müstəqilliyin itirilməsi təhlükəsini doğururdu.
Bu qorxulu və çətin anda beynəlxalq nüfuza malik görkəmli siyasi
xadim Heydər Əliyev xalqın tələbi ilə xilaskarlıq missiyasını öz
üzərinə götürdü və şərəfli həyat yolunda Vətənə və millətə
məhəbbətini sübut etdi. Məhz həmin gün, 1993-cü il iyunun 15-i
Azərbaycan xalqının tarixinə əbədi olaraq Milli Qurtuluş Günü kimi
daxil oldu. Məqalədə xüsusi vurğulanır ki, məhz bu gündən etibarən
Azərbaycan dünya ölkələri və xüsusilə qonşu ölkələrlə normal
münasibətlərin yaradılması kursu götürdü. Hakimiyyətə qayıdışla
Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsini dayandırdı,
Azərbaycanı parçalamaq və məhv etmək üçün çalışan düşmənlərimizin
planlarını alt-üst etdi. Ölkədə separatçılığın, dövlət çevrilişləri
cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ordu quruculuğu başladı.
1997-ci ilin iyun ayında Azərbaycanın Milli Məclisi ictimaiyyətin
razılığı ilə iyunun 15-ini bayram günü elan etdi.
Analitik materialda daha sonra qeyd olunduğu kimi, Heydər Əliyev
etibarlı əllərə və gələcək nəsillərə miras olaraq sabit inkişaf
edən iqtisadiyyat, balanslaşdırılmış ictimai-siyasi vəziyyət,
tolerant millətlərarası və dinlərarası mühit, eləcə də müstəqil
Azərbaycan Respublikasının incə ustalıqla hazırlanmış uzaqgörən və
çoxvektorlu xarici siyasətini qoyub getdi. Azərbaycan xalqının ulu
öndəri Heydər Əliyev görkəmli dövlət xadimi və dünya miqyaslı
siyasətçi idi. Azərbaycan xalqı xoşbəxtdir və fəxr edir ki, onun
Heydər Əliyev kimi oğlu var.
Məqalədə həmçinin Heydər Əliyevin Ukrayna üçün gördüyü işlər,
zamanı qabaqlayaraq Azərbaycanla Ukrayna arasında siyasi, iqtisadi
və humanitar sahələrdə müasir beynəlxalq əməkdaşlığın təməlini
qoyması, Azərbaycan diasporunun nümayəndələrinə xüsusi diqqət
yetirməsindən danışılır.
Məqalənin sonunda vurğulanır: "Heydər Əliyev Vətəni və
Azərbaycan xalqı qarşısında borcunu bütünlüklə yerinə yetirdi:
ölkəsini laləzara çevirdi, güclü, müstəqil dövləti - Azərbaycan
Respublikasını qurdu və layiqli oğul – davamçısı və varisi olan
İlham Əliyevi yetişdirdi.
Buna görə də Heydər Əliyevin böyük adı əbədi olaraq
yaşayacaq".
Məqalənin tam mətni bu resursdan tanış olmaq mümkündür:
http://versii.com/news/349794