Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına
Akademiyasında 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş "Heydər
Əliyevin xilaskarlıq missiyası" mövzusunda elmi-praktik konfrans
keçirilib.
Bu barədə Axar.az-a DTX-nin İctimaiyyətlə Əlaqələr Şöbəsindən
bildirilib.
Məlumata görə, əvvəlcə tədbir iştirakçıları ümummilli lider
Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək abidəsi önünə
gül dəstəsi qoyublar. Sonra Akademiyanın akt zalında öz işinə
başlayan elmi-praktik konfransda ulu öndərin xatirəsi birdəqiqəlik
sükutla anılıb, dövlət himni səsləndirilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət
Quliyev Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını, o
cümlədən Akademiyanın müəllimlərini, dinləyiciləri və kursantları,
eləcə də təhlükəsizlik orqanlarının veteranlarını təbrik edib.
General-leytenant bildirib ki, müasir tariximizdə 15 iyun
xalqımızın taleyini, onun gələcəyini müəyyənləşdirən çox əlamətdar
bir gündür: "Çağdaş yaddaşımızın ən mürəkkəb və ağrılı bir dövründə
xalqın təkidli tələbi ilə ulu öndərin Azərbaycanda rəhbərliyi öz
üzərinə götürməsi dövlətimizi siyasi iflasdan, Vətənimizi
parçalanmaqdan, respublikamızı yenidən əsarət altına düşməkdən
xilas etdi. Ümummilli lider Heydər Əliyev deyirdi: "müstəqilliyi
əldə etmək böyük nailiyyətdir, lakin onu qoruyub-saxlamaq, yaşatmaq
daha çətin və şərəflidir". Təcrübəli, uzaqgörən və müdrik dövlət
xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı, əslində böyük, ulu bir
millətin oyanışı, özünəqayıdışı, ən başlıcası - qurtuluşu idi. Biz
fəxr edirik ki, Heydər Əliyev epoxasının müasirləri və onun
məktəbinin yetirmələriyik. Bu, həm böyük iftixar, həm də yüksək
məsuliyyət deməkdir. Bütün fəaliyyətimiz ümummilli liderin
ideyaları üzərində qurulmalıdır".
M.Quliyev qeyd edib ki, Prezident İlham Əliyev ulu öndər Heydər
Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması
və möhkəmləndirilməsi siyasi xəttini layiqincə davam etdirir, milli
inkişaf strategiyasını məharətlə həyata keçirir: "Dövlət başçısı
İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu,
ümumxalq məhəbbəti belə deməyə əsas verir ki, Heydər Əliyevin şah
əsəri olan müstəqil Azərbaycan daha böyük uğurlara, yeni-yeni
zəfərlərə doğru inamla addımlayır. Prezidentimizin düşünülmüş,
praqmatik, müdrik daxili və xarici siyasəti nəticəsində ölkəmiz
bütün sahələrdə dinamik inkişaf edir, özünün 25 illik
müstəqilliyini qeyd etməyə hazırlaşan Vətənimizin siyasi-iqtisadi
nüfuzu dünyada ildən-ilə artır. Bu ilin aprel ayında Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə düşmənin
təxribatlarının qarşısının layiqincə alınması, Azərbaycan ordusunun
torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi yüksək döyüş
əzmi, həyata keçirdiyi ixtisaslı hərbi əməliyyatlar və əldə edilmiş
qələbə bir daha dövlətimizin qüdrətini, gücünü bariz şəkildə
nümayiş etdirdi".
General-leytenant sonda Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi
heyətinin öz Ali Baş Komandanının müstəqil və güclü Azərbaycan
naminə, dövlət maraqlarının və təhlükəsizliyinin etibarlı qorunması
üzrə siyasət xəttinin uğurla həyata keçirilməsi üçün bütün əmr və
göstərişlərini bundan sonra da dərhal və vicdanla yerinə
yetirəcəyini bildirib və konfansın işinə uğurlar arzulayıb.
Tədbirdə Akademiyanın müəllimləri, dinləyici və kursantları,
həmçinin ümummilli lider Heydər Əliyevin şanlı məktəbinin
yetirmələri olan veteranlar Azərbaycanın bu gününün və gələcəyinin
təməli - Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə məruzə ilə
çıxış edərək bildiriblər ki, 1993-cü ilin 15 iyun günü öz
müstəqilliyini yenicə bərpa etmiş gənc Azərbaycan Respublikasının
taleyində mühüm mərhələnin başlanğıcı, dönüş nöqtəsidir: "Dahi
rəhbərimiz Heydər Əliyevin gərgin zəhməti, möhkəm siyasi iradə və
zəngin idarəetmə təcrübəsi sayəsində reallaşdırdığı nəhəng işlər öz
miqyasına görə insanı heyrətə gətirir. Məhz ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqı vətəndaş
müharibəsi uçurumuna yuvarlanmaq, xaos və iqtisadi böhran girdabına
düşmək, müstəqilliyini yenidən itirmək təhlükəsindən qurtularaq,
müasir, demokratik dövlət quruculuğu, hərtərəfli inkişaf yoluna
qədəm qoydu. Böyük düha sahibi olan Heydər Əliyev xalqını işıqlı
gələcəyə, müasir, sivil və demokratik cəmiyyət quruculuğuna doğru
apararaq, dövlətimizi yeni dünya düzənində söz və mövqe sahibinə
çevirməyə nail oldu, hazırda regionun lider dövləti olan
Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi".
Qeyd olunub ki, bu gün Heydər Əliyevin azərbaycançılıq irsi
etibarlı əllərdədir. Müstəqil Azərbaycan Respublikası ülu öndərin
göstərdiyi tərəqqi yolunda inamla irəliləyir, dövlətçiliyini
qətiyyətlə qoruyur və möhkəmləndirir, demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğunda yeni-yeni nailiyyətlər əldə edir. Bütün bunlar
ulu öndərin müəyyən etdiyi və möhtərəm Prezident İlham Əliyev
tərəfindən ardıcıl olaraq inamla həyata keçirilən müasirləşmə və
yeniləşmə xəttinin möhtəşəm təntənəsidir.