İyunun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri
şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə
öz iqamətgahında iftar süfrəsi açıb.
Axar.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev iftar
mərasimində iştirak edib.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev dövlət-din
münasibətlərinin tənzimlənməsində ümummill lideri Heydər Əliyevin
xidmətlərini xatırlayıb, Ulu Öndərlə şeyxülislam Allahşükür
Paşazadə arasındakı dostluğun dövlət-din münasibətlərinin
formalaşmasında mühüm rol oynadığını vurğulayıb. "Biz çalışırıq ki,
Azərbaycan cəmiyyətində xalqımıza xas olan cəhətlər üstünlük təşkil
etsin", - deyən dövlət başçısı ölkəmizin müsəlman aləminin ayrılmaz
hissəsi olduğunu və bütün İslam dünyasında böyük nüfuz qazandığını
diqqətə çatdırıb.
"Biz İslam həmrəyliyini gücləndirməliyik. Müsəlman aləmində sülh
və sabitlik möhkəmlənməlidir", - deyən prezident İlham Əliyev
Azərbaycanın bu prosesə öz töhfəsini verdiyini xatırladıb. Bildirib
ki, bütün sahələrdə böyük inkişaf yolu keçən ölkəmiz dünyada baş
verən gərginliklər fonunda öz yolu ilə uğurla gedir və öz
timsalında göstərir ki, bütün dini konfessiyaların nümayəndələrinin
bir yerdə yaşaması mümkündür.
Artıq bir neçə ildir Bakıda mötəbər beynəlxalq tədbirlərin
keçirildiyini, bu dəfə isə paytaxtımızın tamaşaçı auditoriyası
yarım milyard olan Formula-1 kimi nüfuzlu yarışa ev sahibliyi
etdiyini deyən dövlət başçısı bildirdi ki, bütün bunlar ölkəmizin
daha yaxşı tanıdılmasına yönəlib və Azərbaycana gələn turistlər
reallıqları öz gözləri ilə görürlər. "Bizim uğurlarımızın təməlində
vətəndaşlarımızın birliyi durur", - deyən prezident İlham Əliyev
ölkəmizin çoxmillətli olduğunu, onların Azərbaycanın inkişafında
yaxından iştirak etdiklərini vurğuladı.
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə
toxunan dövlət başçısı bu ümummilli məsələnin həllində dini
konfessiyaların nümayəndələri də daxil olmaqla bütün
vətəndaşlarımızın bir nöqtəyə vurduqlarını bildirib. Prezident
İlham Əliyev deyib ki, münaqişənin tez bir zamanda həll olunması
ilə bağlı konkret addımların atılmasının vaxtı çatıb, vasitəçilər
də anlamalıdırlar ki, bu münaqişə dondurulmuş deyil, aprel
döyüşləri isə Ermənistan rəhbərliyinə yaxşı dərs oldu və Azərbaycan
qazandığı üstünlüyü heç vaxt əldən verməyəcək.
Nitqinin sonunda prezident İlham Əliyev xalqımıza sülh,
firavanlıq və xoşbəxtlik arzulayıb.