İyunun 20-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva Fransada Azərbaycanın Dostları
Assosiasiyasının prezidenti, Milli Assambleyanın deputatı Jan
Fransua Manselin başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşüb.
Axar.az xəbər verir ki, qonaqları Azərbaycanda görməkdən məmnun
olduğunu bildirən birinci xanım Mehriban Əliyeva Fransada
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua
Manselin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin
uğurla keçdiyinə əmin olduğunu söyləyib. "Şadam ki, Azərbaycanda
ilk dəfə keçirilən Formula-1 yarışını siz də izlədiniz", - deyən
Heydər Əliyev Fondunun prezidenti Fransada Azərbaycanın Dostları
Assosiasiyasının üzvlərinin sayının artdığına görə Jan Fransua
Manselə xüsusi minnətdarlığını ifadə etdi. Fransadan gələn
nümayəndə heyətinin tərkibində ölkəmizə ilk dəfədir ki, səfər
edənlərin olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bu şəxslərin
Azərbaycan reallıqları ilə yaxından tanış olub Fransa-Azərbaycan
əlaqələrinin möhkəmlənməsinə səylər göstərəcəklərinə ümidvar
olduğunu bildirib. Heydər Əliyev Fondunun prezidenti ölkələrimiz
arasında bütün sahələrdə - həm siyasi, həm iqtisadi, həm
parlamentlər arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb,
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri kimi bu əlaqələrin daha da möhkəmlənməsi üçün müxtəlif
tədbirlər görüldüyünü dedi. Humanitar sahədəki əlaqələrə toxunan
Mehriban Əliyeva bir ildən artıqdır ki, ölkəmizdə Fransız Liseyinin
fəaliyyət göstərdiyini, bu il Azərbaycan–Fransız Universitetinin
açılışının nəzərdə tutulduğunu qonaqların diqqətinə çatdırdı.
"Əminəm ki, humanitar sahədə birgə səylərimiz insanlarımızın
bir-birini daha yaxından tanımasına imkan verəcək", - deyən birinci
xanım Mehriban Əliyeva bu səfərin xalqlarımızın və ölkələrimizin
daha da yaxınlaşması işinə xidmət edəcəyini bildirib.
Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti,
Milli Assambleyanın deputatı Jan Fransua Mansel başçılıq etdiyi
nümayəndə heyəti adından görüşə görə Mehriban Əliyevaya
minnətdarlığını bildirib, nümayəndə heyəti üzvlərinin bundan əvvəl
heç vaxt ölkəmizdə olmadıqlarını, amma ürəklərinin artıq
Azərbaycanla döyündüyünü söyləyib. Jan Fransua Mansel Formula-1
Avropa Qran-pri yarışının Bakıda yüksək səviyyədə keçirildiyini
vurğuladı, bu cür beynəlxalq tədbirlərin təşkil edilməsində
Azərbaycanın zəngin təcrübəyə malik olduğunu qeyd edib.
Görüşdə Mehriban Əliyevaya Fransa Milli Assambleyası adından
xatirə hədiyyəsi təqdim edilib.