Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Fərmanda deyilir: "Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci
bəndlərini rəhbər tutaraq, "Hərbi vəzifə və hərbi xidmət haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 262-VQD
nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun
tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının "Hərbi vəzifə və hərbi xidmət
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Hərbi vəzifə və hərbi xidmət haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiqi və "Azərbaycan Respublikasının
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında
Əsasnamə"nin təsdiqi barədə" Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 13 fevral tarixli 593 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 82; 2015,
№ 2, maddə 138, № 7, maddə 831) 5.2-ci bəndindən ", 21.1.5-ci"
sözləri çıxarılsın.
4. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının 2015-ci il 29 may tarixli 1302-IVQD nömrəli
Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 14 iyul tarixli 557 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 825) 3-cü
hissəsi ləğv edilsin".