Sankt-Peterburq sammitində Qarabağ münaqişəsinin həlli
ilə bağlı hər hansı razılıq əldə olunmayıb.
ANS-in məlumatına görə, bu sözləri Ermənistanın
xarici işlər naziri Edvard Nalbəndyan Prezident Administrasiyası
rəhbərinin müavini Novruz Məmmədovun münaqişənin həlli ilə bağlı
açıqlamasını şərh edərkən deyib.
O bildirib ki, mərhələli həll üçün ilk növbədə Dağlıq Qarabağın
öz müqəddəratını təyin etməsi və bu planın Azərbaycan tərəfindən
qəbul edilməsi məsələsi müzakirə olunmalıdır.
Nalbəndyan razılığın əldə olunmadığını desə də, prezidentlərin
görüşündən sonra hər iki tərəf müzakirələrdən razılıq ifadə
etdilər. Ümumilikdə Ermənistan rəhbərliyi Sankt-Peterburq görüşünə
Rusiyanın təziqləri ilə razılıq verib. Çünki aprelin əvvəlində baş
verən döyüşlərdən sonra Ermənistan cəmiyyətində və rəhbərliyi
arasında işğal olunan ərazilərin Azərbaycana qaytarılacağı ilə
bağlı qorxular hökm sürürdü.
Görüşdən əvvəl Ermənistan mətbuatı və analitikləri
Santk-Peterburqdə rəsmi İrəvanın güzəştə gedəcəyini
proqnozlaşdırırdı. Novruz Məmmədovun açıqlaması isə Ermənistanda bu
proqnozların reallığa çevirildiyi qorxusunu artırıb.
Politoloq Rasim Ağayev
bildirib ki, Edvard Nalbəndyanın razılaşmanın əldə olunmasını
təkzib etməsi daxili auditoriyaya hesablanıb. "Münaqişə
tərəflərinin qarşısına konkret sülh planı qoyulub. Əgər hər iki
tərəf bu plana razılığını verməsəyədi, Sankt-Peterburq görüşü baş
tutmazdı. Amma Ermənistan hakimiyyəti üçün bu planı həyata keçirmək
çox çətin olacaq. Çünki Sərkisyan rejimi əhaliyə işğal olunmuş
ərazilərin geri qaytarılacağını desə, xalq hazırkı hakimiyyəti o
dəqiqə devirə bilər. Nalbəndyanın razılığı təkzib etməsi isə
insanları sakitləşdirməyə hesablanıb. Sərkisyana demək lazımdır ki,
əgər razılıq əldə olunmayacaqdısa, bəs Sankt-Peterburqa niyə
getmişdi?" - politoloq bildirib.
Keçmiş səfir, politoloq Fikrət Sadıqov deyib ki, əgər razılıq
əldə olunmasa, Novruz Məmmədov belə bir açıqlama verməzdi. "Görüş
zamanı şifahi olsa da müəyyən razılaşmalar əldə olunub. Ermənistan
rəhbərliyi isə əhalidən çəkindiyi üçün bu razılaşmanı yalanlarla
ört-basdır etmək istəyir. Ümumilikdə Novruz Məmmədovun
müsahibəsində də Madrid prinsipləri öz əksini tapıb. Ona görə də
Nalbəndyan görüşdə əldə olunan razılaşmanı təkzib edib. O, çıxışı
ilə daxili auditoriyanı sakitləşdirməyə çalışıb", - politoloq
vurğulayıb.
Novruz Məmmədov Ermənistan rəhbərliyini qorxuya salan
açıqlamasında deyib ki, Sankt-Peterburq görüşündə Dağlıq Qarabağ
münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub.
"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi.
Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə
getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması,
ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi.
Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi", - deyə
Novruz Məmmədov bildirib.
O deyib ki, prezidentlər görüş zamanı bu istiqamətdə prinsip
etibari ilə razılığa gəliblər.