Ana səhifə Gündəm |
Bu gün Dünya Azərbaycanlıları Konqresinin növbəti konfransı keçirilib.
DAK mətbuat xidmətindən Axar.az-a daxil olan məlumata görə, ictimai-siyasi qurumların və müxtəlif araşdırma mərkəzləri məsullarının, aydınların iştirak etdiyi konfrans DAK-ın qərargahında gerçəkləşib. "Güney Azərbaycanda milli haqlar uğrunda mübarizə: son durum" mövzusuna həsr olunmuş tədbiri giriş sözü ilə DAK həmsədri Sabir Rüstəmxanlı açıb.
İstanbulda məlum terror hadisəsi qurbanlarının xatirəsinin sayğı duruşu ilə yad edilməsindən sonra Sabir Rüstəmxanlı mövzu ətrafında geniş məruzə edib. Hazırkı İranda siyasi vəziyyətin çalarlarını şərh edən natiq bu konteksdə Güney Azərbaycan milli azadlıq hərakatının istiqamət məcrasından və inkişaf təzahürlərindən bəhs edib.
"Güney Azərbaycan milli hərəkatının güclənməsi, Güney Azərbaycanla birgə, İranda bütün türklərin öz kimlikləri və milli-mədəni haqlarının tələb və müdafiəsini də artırmışdır. İstər prezident, istərsə də məclis seçkilərində Güney Azərbaycan toplumunun bütün tələblərinin mərkəzində milli-mədəni və iqtisadi məsələlər dayanmışdı. Bu, o dərəcədə açıq və ardıcıl olub ki, İranın daxili siyasətində yeni dövrün yaranmasına gətirib çıxarıb. Artıq yerli məsullar, o cümlədən deputatlar, İslami Şura nümayəndələri, hətta ali dini liderin səlahiyyətli nümayəndələri belə Tehranın qulluqçusu kimi davranmayaraq, mübariz millətin tələbləri istiqamətində ciddi atdımlar atmağa başlayıblar. Məhz bu səbəblərdən İranda yeni siyasət dövrünün başlanması faktını qəbullanmaq mümkündür. Mühüm dəyişikliklərdən biri də odur ki, Tehranda müəyyən dairələrdən dəstək alan kürd terrorizmi seçkilərdə ağır məğlubiyyətə uğradı".
Çıxışında son dəyişiklikləri bütün detallarına qədər incələyən
DAK həmsədri həmçinin Urmiya-Kərkük-Diyabəkir üçbucaq
strategiyasını izləyən kürdlərin seçkilərdə ağır məğlubiyyətə
uğramasının əsas səbəblərindən, Güney Azərbaycan millət
vəkillərinin qələbəsindən və İran parlament tarixində bir ilk olan
"Türk Millət Vəkilləri Fraksiyası"nın yaradılmasından danışdı və
bütün bu faktlar arasındakı əlaqələrin inkişaf yönümünü izah
etdi.
DAK həmsədrinin Güney Azərbaycan milli azadlıq hərakatının son
durumu haqda geniş bilgiləndirməsindən sonra başlayan müzakirələr
fonunda bir çox natiqlər də öz fikirlərini bildirdilər. Çıxış
edənlərdən milli aydınımız professor Firudun Ağasıoğlu, DAK İdarə
Heyətinin üzvü Adil Minbaşı, DAK-ın Güney Azərbaycan təmsilçisi
Babək Muğanlı, araşdırmaçı alim professor Qafar Çaxmaqlı, DAK-ın
mədəniyyət müşaviri Xəzər Emin məsələyə münasibət bildirərək
müəyyən təkliflər verdilər. Ümid Partiyasının Güney Azərbaycan üzrə
müavini Rüfət Muradlı da müzakirəyə qatılaraq öz baxışlarını
açıqladı.
Sonda DAKSAM sədri Yasəmən Qaraqoyunlu da mövzu ətrafında məruzə etdi. O, izlənilən müəyyən inkişafla yanaşı həm də axsayan cəhətlərdən və onları doğuran səbəblərin aradan qaldırılması yollarından danışdı. Güney Azərbaycan milli hərakatının rejimə qarşı bütün müstəvilərdə əks hərəkətə keçməsinin gərəkliyini bildirən Yasəmən Qaraqoyunlu hərəkatı parçalaya biləcək din amilini ortadan qaldırmaq üçün "şiəlik" faktoruna yeni elmi və milli yanaşmanın labüdlüyünü dilə gətirdi. Bu yöndə optimal yol göstərən natiq, həmçinin, müzakirə boyu səsləndirilən bütün fikirlərin və təkliflərin dəyərləndirilməsini uyararaq, Azərbaycan Respublikası hökumətinə DAK adından müraciətin ünvanlanmasını zəruri saydı.
Konfrans tədbir iştirakçılarının İran prezidentinə Güney Azərbaycanda mədəni haqlar və ana dili tələbini ifadə edən müraciətin qəbul edilməsi qərarıyla başa çatdı.
Tarix
2016.06.29 / 22:47
|
Müəllif
Axar.az
|