Yuxarı

“Ordu topladıq, Zəngəzura imkan vermədik” - Vilayəti nə istəyir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Ordu topladıq, Zəngəzura imkan vermədik” - Vilayəti nə istəyir?

Xameneinin müşaviri Əli Əkbər Vilayəti yenidən Zəngəzur dəhlizi ilə köhnə iddiaları yenidən gündəmə gətirib. İddia edir ki, bu dəhliz NATO-nun Cənubi Qafqaza, Xəzər regionu və Mərkəzi Asiyaya nüfuz etməsinə şərait yaradacaq. Və İranla Rusiyanı regionun cənubunda blokadaya salacaq.

Vilayətinin iddiaları – dəhliz layihəsini geosiyasi mübarizənin elementi kimi təqdim etməsi, xüsusilə Rusiyaya təhlükə yaratması haqda dedikləri Moskva ilə gündəliyini eyniləşdirmək və onun dəstəyini əldə etmək məqsədi daşıyır. Vurğunu məhz NATO təhlükəsi və Rusiya üçün strateji regionlar üzərinə yönəltməsi də buna hesablanıb. Onun digər iddiası da şübhəlidir. Vilayəti deyir ki, “İran daha öncə “qırmızı xəttini” elan edib və sərhəddə (Azərbaycanla sərhəd) hərbi təlimlər keçirməklə dəhlizin açılmasının qarşısını alıb”. Hərçənd, Zəngəzur dəhlizinin indiyə qədər açılmamasına səbəb İranın sərhədə “leşkər” toplaması yox, regionda güc balansının toqquşması olub:

- Bakı, Ankara və Moskva dəhlizlə bağlı ortaq mövqedən çıxış edir, İrəvan isə Qərb tərəfdaşlarının, xüsusilə Bayden Administrasiyasının dəstəyi ilə müqavimət göstərirdi;

- Rusiya Ukrayna müharibəsinə görə prosesə müdaxilə etmir/edə bilmirdi;

- Bakı və Ankara alternativ variant kimi Qərbdən edilən təklifləri də dəyərləndirirdi;

Bu prosesdən kənarda qalan İran yalnız Ermənistan üçün regionda alternativ “qapı” rolunu oynayır, eyni zamanda, Fransa başda olmaqla Qərbdə dəhlizə qarşı çıxan oyunçularla “paslaşırdı”. Tehran hələ o vaxt da indiki iddiaları – “NATO/Turan dəhlizi” məsələsini Moskvanın mövqeyinə təsir etmək məqsədilə gündəmə gətirirdi.

İndi situasiyanın dəyişdiyi müşahidə edilir: Bakı, Ankara və İrəvan xəttində müzakirə edilən regional kommunikasiyanın açılması prosesində Moskvanın birbaşa iştirakı arxa plana keçib.

İranın son dövrlər Zəngəzur dəhlizi ilə bağlı intensiv açıqlamalarının birinci səbəbi budur: Moskvanı öz cəbhəsinə çəkmək, xüsusilə Tramp Administrasiyasının təklifləri fonunda.

İkinci səbəb İsraillə 12 günlük müharibədən sonra regionda İranın gücünə olan inamın azalmasıdır, xüsusilə indiyə qədər Tehranı alternativ “qapı” olaraq görən İrəvan üçün. Buna görə İran proseslərə yeganə müdaxilə imkanı olan Ermənistan amilindən məhrum olmaq riski ilə üzləşib. Vilayətinin “qırmızı xətlərdən” bəhs etməsi və “dəhlizin qarşısını biz aldıq” deməsi Ermənistana xatırlatmadır.

Tehran mövqelərini Moskva ilə birləşmək xətti üzərindən saxlamaq niyyətindədir. Mövcud şərtlərdə - ABŞ-ın prosesə müdaxiləsi fonunda İranla mövqelərini eyniləşdirmək Rusiyanın “əlini gücləndirsə” də, strateji perspektivlərdə sərfəli görünmür. Lakin əsas risk cari dövrdə Tehran və Moskvanın regiona hansı təhlükələr yarada biləcəyidir. Daha öncə Bakıya qarşı Tehran-Moskva marşrutu üzərindən təhlükələr olub. Vilayətinin “passiv və müşahidəçi siyasət erası”nın bitdiyini elan etməsi də bu kontekstdə xəbərdarlıq hesab oluna bilər.

Tarix
2025.07.28 / 12:16
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla