Azərbaycan Milli Avarçəkmə Federasiyası 2007-ci ildə
yaradılıb. Həmin vaxtdan etibarən 3 idman növü - kayak, kanoe və
avarçəkmə üzrə xaricdən məşqçilər ölkəmizə dəvət olunub, idmançılar
hazırlanıb. Mingəçevir şəhərində Kür çayının üzərində və Bakı
şəhərində bu idman növü üzrə məşqlər, yarışlar keçirilməyə
başlayıb. Artıq bu gün Azərbaycanda yüzlərlə gənc avarçəkmə ilə
məşğul olur.
Report-un məlumatına görə, bu sözləri
Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti,
"Kür" Olimpiya Tədris İdman Mərkəzinin direktoru Natiq Abbasov
deyib.
N.Abbasov kanoeçimiz Valentin Demyanenkonun Rioda gümüş medal
qazanmasına belə münasibət bildirib:
"Demyanenko 2007-ci ildən yığmamızın üzvüdü, kanoe yarışlarında
Azərbaycanı təmsil edir. 4 qat dünya, 3 qat Avropa çempionudu. Bir
neçə dəfə dünya kubokuna sahib çıxıb. Daha əvvəl ölkəmizi London
olimpiadası və Bakı 2015 Avropa Oyunlarında da təmsil edib. Avropa
Oyunlarında ikinci olmuşdu. Rioda isə karyerasının ən böyük uğuruna
imza atdı. Gərgin mübarizədə Demyanenko arzuladığımız nəticəyə nail
oldu".
Abbasov Demyanenkonun Mingəçevirdə hər kəs tərəfindən
sevildiyini qeyd edib:
"Valentin artıq 9 ildir ki, Mingəçevirdə yaşayır. Burada onu
balacadan böyüyə hər kəs tanıyır, sevir. O, Mingəçevir şəhərinin
fəxridir. Bu gün keçirilən görüşdə də sıravi vətəndaşların ona olan
sevgisinə şahid oldunuz".
Federasiya rəsmisi Demyanenkonun olimpiya çempionu ola
bilməməsini bəxtsizliklə əlaqələndirib:
"Bu günə kimi avarçəkmədə Azərbaycanda Demyanenko kimi güclü
idmançı görməmişəm. Heç kim onun nəticələrinə yaxın dura bilmir.
London olimpiadasından öncə reytinqdə birinci idi. Olimpiadanın
qalibi olmalı idi. Hamı onu gələcək olimpiya çempionu kimi təqdim
edirdi. Lakin bəxtsizliklə üzləşdi. Finala 1 gün qalmış
ehtiyatsızlıqdan zədə aldı. Bu dəfə də sonda qalib olan Yuri
Çebandan üstün idi. Yarımfinalda ona qalib gəlmişdi. Hətta deyim
ki, olimpiadada son anda iştirak hüququ qazanan Çebanın adı əvvəlcə
finalçılar arasında yox idi. Amma qadın idmançımız İnna
Osipenko-Radomskaya ona hakimlərə müraciət etməyi məsləhət gördü.
Belədə Çebanın etirazı qəbul edildi və finala vəsiqə qazanmaqla
sonda qalib oldu. Hamı Çebanı şanslı idmançı kimi tanıyır. İnanıram
ki, Demyanenko 37 yaşında olimpiya çempionu ola bilər",
Natiq Abbasov Azərbaycanda yetişən gənc idmançılardan da söz
açıb:
"Gələcəkdə Mirnazim Cavadov və Cavid Əfəndiyevdən uğur
gözləyirik. Onların idmançı karyeralarının parlaq alınacağına
ümidimiz var. Hazırda gəncdirlər, potensilları var. Eləcə də bəzi
legionerlərlə hazırda danışıqlar aparırıq. Amma Azərbaycanda qadın
idmançı tapmaq çətindir. İdmançılar var, amma gənclərdirlər.
Radomskaya gələcəkdə burada məşqçi kimi fəaliyyət göstərə
bilər".
Natiq Abbasov federasiyanın üzləşdiyi çətinliklərə də
toxunub:
"Müəyyən çətinliklərimiz var. Avarçəkmə xüsusi idman növüdür.
Futbolla küçədə, güləşlə zalda məşğul olurlar. Amma bizdə vəziyyət
fərqlidir. Müəyyən xüsusi qayıqlar lazımdır. Ümumiyyətlə, tələblər
çoxdu. Məşq üçün ancaq 1 yerdə, Mingəçevirdə şərait var. Buna
baxmayaraq, növbəti olimpiadada ən azı budəfəki nailiyyətləri
təkrarlamalıyıq".