Ana səhifə İdman |
“Kəpəz”in bəzi futbolçuları 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar klubun saytına fikirlərini bölüşüb.
Axar.az klubun saytına istinadən futbolçuların təbriklərini təqdim edirik:
Davud Kərimi: “8 mart kişilərin xərcə düşdüyü gündür (gülür). Təbii ki, zarafat edirəm, bu gün qadınlar üçün xüsusi önəmi olan gün, bayramdır. Amma xanıma yalnız bu gün və sevgililər günündə deyil, hər gün eyni sevgini, münasibəti göstərmək, qayğını hiss etdirmək lazımdır. Biz kişilərin ürəyində həmişə qadın sevgisi var, bu sevgi anaya, bacıya və həyat yoldaşına ola bilər. Mən bayram günü ilk növbədə anamı, xanımımı və qızımı təbrik edirəm. Qohum-əqrabada olan qadınları da unutmuram. Maddi planda gücüm çatan qədər hamını təbrik etməyə, hədiyyə almağa çalışıram”.
Serjio Kosta: “Portuqaliyada biz həmişə bu günü hədiyyə ilə qeyd edirik. Xanımlara tək hədiyyə yox, həm də çiçək buketi veririk. Axşamlar isə bütün bayramlara xas tərzdə şam yeməyi üçün stol ətrafına yığışırıq. Bu, demək olar ki, illərdən bəri davam edən xoş adət-ənənə halını alıb. Mənim həyatımda 3 qadın var, anam, bacım və həyat yoldaşım. Həmişə bu günü onlarla birgə qeyd edirəm. Onlar mənə görə çox dəyərlidirlər. Hədiyyə və güllə yanaşı, təbrikimi xoş sözlərlə dəifadə edirəm. Onların mənim həyatımda necə vacib insan olduqlarını, önəmli yer tutduqlarını söyləyirəm. Bu xanımlar mənim gücüm, dəstəyim və hər şeydə sağ əlimdirlər. Kişiləri qadınlarsız təsəvvür etmək belə çətindir”.
Tural Rzayev: “Sizin vasitəniz ilə bütün xanımları bayram münasibəti ilə təbrik edirəm, qoy həyatda bütün arzularına çatsınlar. Bilirəm ki, qadınlar həmişə 8 martda hədiyyə gözləyirlər (gülümsəyir). Bizim komandamızın zərif azarkeşləri var, onlara ən böyük hədiyyəmiz uğurlu nəticələrimiz ola bilər. Bu gün anamı təbrik edəcəm. Ona həmişə müxtəlif hədiyyələr alıram, amma daha çox pul verirəm ki, hədiyyə seçimini özü etsin. Bu dəfə də belə olacaq. Çünki məşqlərlə bağlı Bakıdayam. Həyatımda hələ ki, ayrı qadın yoxdur, nə evliyəm, nə də ki, nişanlı. Heç sevgilim də yoxdur. Ona görə də çox xərcə düşmürəm (gülür)”.
Tadas Simaitis: “Dünyanın bəzi yerlərində olduğu kimi, Litvada da 8 mart bayramı qeyd olunur. Biz kişilər bu günü sevirik, amma təbii ki, qadınlar bu bayramı daha çox sevirlər. Bayramda öz analarımızı, bacılarımızı, həyat yoldaşlarımızı və ya qız dostlarımızı təbrik etmək üçün gül alırıq. Litvada həmçinin, sizdəki kimi birgə işlədiyin xanımları da təbrik etmək adətdir. Mən uşaq yaşlarımdan anam üçün gül alardım. Məktəbdə oxuyanda isə müəllimlərimə də gül almağa başladım. İndi növbə həyat yoldaşıma çatıb (gülür). 8 martda hər bir kişi həyatında olan önəmli qadınları xatırlayır. Bu bayram bizim həyatımıza rəng qatan, onu gözəlləşdirən xanımları təbrik etmək üçün özəl gündür”.
Tarix
2017.03.08 / 20:55
|
Müəllif
Axar.az
|