Ana səhifə İdman |
10:17
Bu gündən etibarən Bakıda Formula-1 üzrə dünya çempionatının dördüncü – SOCAR Azərbaycan Qran-Pri yarışlarına start verilir.
Axar.az xəbər verir ki, Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Lyuis Hemilton, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Layihənin müəllifi bütün müasir Formula-1 treklərinin memarı olan Herman Tilkedir.
Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqama xüsusi diqqət yetiriblər. Yarış zamanı pilotlar və televiziya tamaşaçıları YUNESKO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini görə biləcək.
Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əksi istiqamətində olacaq. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətləri Azadlıq meydanında olacaq.
Bu gün həmçinin Formula-1 və Formula-2 üzrə sərbəst yürüşlər təşkil olunacaq. Aprelin 27-də Formula-1 üzrə sərbəst və sıralama yürüşü, Formula-2 üzrə isə birinci yarış keçiriləcək. Sonuncu gün – aprelin 28-də isə Formula-1 SOCAR Azərbaycan Qran-Prisi, həmçinin Formula-2 üzrə ikinci yürüş baş tutacaq.
Bu yollar tamamilə bağlıdır – 28 aprelə kimi
Yarışlarla əlaqədar artıq 22 apreldən etibarən Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.
Yarışma Azadlıq meydanından başlayaraq, Puşkin, Xəqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala Qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi, Azneft dairəsi və Dənizkənarı bulvar, Neftçilər prospekti marşrutu üzrə keçirilir. Bu səbəbdən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - Azneft meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyad Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdirilib.
Qeyd edilən istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.
Hazırda yarışla əlaqədar paytaxtın Azadlıq prospekti, Zərifə Əliyeva küçəsindən Neftçilər prospekti kəsişməsinədək olan hissəsi tam bağlanıb.
Həmçinin Üzeyir Hacıbəyov küçəsi, Puşkin küçəsinin kəsişməsindən Azadlıq küçəsinin kəsişməsinədək olan hissədə 6 hərəkət zolağı 3 hərəkət zolağına çevrilib.
Xatırladaq ki, Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində də dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar 22 apreldən etibarən alternativ küçələrdən keçməklə hərəkət edirlər.
Yarışla əlaqədar bağlanan yollar yarış bitdiyi günün axşamı – 28 aprel axşam saatlarında açılacaq.
Builki yarışlarda nə yeniliklər var?
Bu il ölkəmizdə keçirilən Formula-1 yarışının bundan öncəki yarışlardan heç bir fərqi olmayacaq. Trekin konfiqurasiyası dəyişməz olaraq qalıb. Pit binasında, trekin özündə və asfalt qatında da hər hansı bir yenilik edilməyib.
Yenilik hər il olduğu kimi yarış həftəsində təşkil olunan əyləncə proqramı ilə bağlıdır. Belə ki, hər il olduğu kimi bu il də konsert proqramı ilə əlaqədar ölkəyə fərqli ulduzlar dəvət edilib.
Yarışlara baxmaq üçün ən çox hansı ölkələrdən gəlirlər?
Bilet satışına 2018-ci ilin noyabr ayından start verilib. 52 ölkədən bilet alınıb. Bilet alanların 78 faizi əcnəbidir.
2019 Formula-1 Azərbaycan Qran Prisinə 50 günün qaldığı ərəfədən artıq Filarmoniya tribunasına olan biletlərin hamısı tamamilə satılıb.
Əvvəlki illərlə müqayisədə bu il Qərbi Avropa ölkələrindən, xüsusən də Böyük Britaniyadan bilet alanların sayında kəskin artım qeydə alınıb. Bundan başqa, ən çox bilet alanlar Rusiya, Monako, Gürcüstan, Avstriya, Hollandiya, Polşa, Ukrayna vətəndaşlarıdır.
Həmçinin ötən ilin eyni dövrü ilə müqayisədə biletlərin satış tempində 10 faizlik artım müşahidə olunur.
Sırf yerli sakinlərə bilet satışında əlavə 25%-lik endirim tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir.
Yerli sakinlərə biletlərin qiymət intervalı 70-850 manat civarındadır.
Nə qədər biletin satılması ilə bağlı isə təşkilatçılar yarışlar tam başa çatdıqdan sonra məlumat verir.
Tarix
2019.04.26 / 11:03
|
Müəllif
Nigar İxtiyarqızı
|