Avropa Liqasının 3-cü
təsnifat mərhələsində "Qəbələ" səfərdə "Apollon"la qarşılaşıb.
Oyunun sonlarına yaxın "Antonis Papadopulos" stadionunda gərgin
anlar yaşanıb. 90+2-ci dəqiqədə rəqib futbolçu Voislav Stankoviçi
cərimə meydançasında yıxdığı üçün kiprlilərin qapısına penalti
təyin olunub. Bundan sonra ara qarışıb və bəzi azarkeşlər
meydançaya daxil olub. Topun arxasına keçən Cavid Hüseynov isə
hesabı bərabərləşdirib (1:1). Bundan sonra iki komandanın
futbolçuları arasında da insident yaşanıb. Hətta bir neçə azarkeş
meydana daxil olaraq "Qəbələ"nin futbolçularına hücum çəkiblər.
Hakim komandaları paltardəyişmə otağına göndərib. Ancaq bir qədər
sonra hakim tərəfləri geri çağırıb və oyun davam
etdirilib.
Baş verənlərlə bağlı Publika.az-a danışan "Qəbələ"nin meneceri
Səbuhi Səfiyarlı kiprli azarkeşlərin Azərbaycana olan nifrətinin 20
il keçsə də, bitmədiyini deyib:
"Ümumiyyətlə, azarkeşlər oyuna "yaxşı" hazırlaşmışdılar.
Komandalarına möhtəşəm dəstəklə bərabər bizim texniki zonanın
arxasından su qabı, alışqan, müxtəlif əşyalar atırdılar. İngiliscə,
türkcə söyüşlərin sayı-hesabı yox idi. Qol vurandan sonra balaca
uşaqlar kənara çıxan topları vermirdilər - bunlar hamısı əsəbiliyə
gətirib çıxarırdı. Buna baxmayaraq, futbolçular özlərini itirmədi,
start həyəcanı keçəndən sonra oyunumuz alındı, bir neçə qol
vəziyyətimiz oldu. Oyunu rəqibdən pis keçirmədik. Meydandan kənarda
baş verənləri isə indiyədək heç yerdə görməmişdim - hakimin hər
qərarına etiraz, texniki zonadan futbolçularımızın üstünə yerimək
cəhdləri; texniki işçilərin bir neçə dəfə baş məşqçimizin üstünə
getməsinə hətta təhlükəsizlik xidmətinin əməkdaşları da mane ola
bilmirdilər. İş o yerə çatmışdı ki, tribunada Ukrayna bayrağı ilə
bizi dəstəkləməyə gələn 2 azarkeşi fasilədə məcbur olub bizim
rəhbərliyin oturduğu VIP tribunaya göndərdik. İkinci hissənin
ortalarında isə bayrağımızı yandırmağa cəhd etdilər, buna müdaxilə
etdik, amma polis və təhlükəsizlik xidmətçiləri passivlik göstərdi,
tribunaya qalxıb bayrağı onlardan almadılar. Buna görə də həm UEFA
nümayəndəsinə, həm də klub rəhbərliyinə etiraz etdik. Hətta
meydançadan isinmə hərəkəti edən futbolçular reaksiya verdilər -
təbii ki, bunları Kipr televiziyası göstərmirdi. Penalti təyin
olunandan sonra isə "Apollon"un ehtiyat skamyası hakimlərin, bizim
üstümüzə qaçmağa başladılar. Sanki azarkeşlər də bundan
ilhamlandılar. Amma hakim penaltini yerinə yetirməyə imkan verdi.
Qoldan sonra daha da azğınlaşdılar. İlk dəfə görürdüm ki, yerli
komanda rəqib komandanın ehtiyat skamyasına belə hücum edir. Ona
görə də hakim oyunu saxladı. Konkret komandalar arasında dava
düşdü, tuneldə də davam etdi. Təhlükəsizlik xidmətinin köməyi ilə
soyunma otağına keçə bildik. Təxminən 15 dəqiqə orda qaldıq. Bundan
sonra ara sakitləşdi və oyunun qalan 3 dəqiqəsi oynandı. Stadiondan
çıxmağımız üçün də çox güclü təhlükəsizlik tədbirləri görüldü, əks
halda oradan sağ çıxmaq mümkün deyildi. Kiprli azarkeşlərin
dəfələrlə belə hadisələrinin şahidi olduğumuz ucun deyim ki,
gözlənilməz olmadi. Hələ 1995-ci ildə APOEL – "Neftci" oyunu olanda
bayrağımızı yandırmaqlarını yada salın. Deməli, kiprli azarkeşlərin
bizə olan nifrəti 20 il keçsə də, hələ soyumayıb".