Futbol üzrə Türkiyə çempionatının 22-ci turunda
"Qalatasaray" və "Trabzonspor" klubları arasındakı qalmaqallı
oyunla bağlı mübahisələr davam edir.
APA xəbər verir ki, fevralın 22-də Türkiyə
Futbol Federasiyasının binasında Mərkəzi Hakimlər Komitəsinin
toplantısı keçirilib. Toplantıda qarşılaşmanın hakimi Dəniz Atəş
Bitnelin oyunu idarə etmə səviyyəsi dəyərləndirilib.
Toplantıdan sonra Mərkəzi Hakimlər Komitəsinin rəhbəri Kuddusi
Müftüoğlu mətbuat konfransı keçirib. O bildirib ki, Dəniz Atəş
Bitnel Türkiyənin ən yüksək potensiallı hakimlərindən biridir və
prinsipial qarşılaşmanın ona tapşırılmasında heç bir problem
yoxdur.
Bununla belə, Kuddusi Müftüoğlu qeyd edib ki, Dəniz Atəş
Bitnelin bazar günü idarə etdiyi qarşılaşma hamını təəssüfləndirib:
"Trabzonspor" camiəsinin üzüntüsünü paylaşırıq. Uğurlu hakimləri
mükafatlandırdığımız kimi uğursuz hakimlərlə bağlı gərəkli
sanksiyaları da tətbiq edəcəyik".
O ki qaldı "Trabzonspor"un futbolçusu Salih Dursunun
qarşılaşmanın hakiminin əlindən yerə düşən qırmızı vərəqəni onun
özünə göstərməsində, Kuddusi Müftüoğlu deyib ki, həmin futbolçunun
qəhrəman kimi təqdim olunması doğru deyil: "Görüntü xoş deyil. Bu
məsələdə İntizam Komitəsi gərəkli cəzaları verir. Salihin qəhrəman
olduğunu düşünmürəm".
Mərkəzi Hakimlər Komitəsinin rəhbəri mərc oyunlarında iki və
daha çox qırmızı vərəqəyə əmsalların yüksək olduğu ilə bağlı
iddialara da münasibət bildirib və bunu iddia edənlərdən sübut
tələb edib.
Xatırldaq ki, bazar günü keçirilən qarşılaşmada "Qalatasaray"
"Trabzonspor"a 2:1 hesabı ilə qalib gəlib. Oyunun hakimi Dəniz Atəş
Bitnel qapıların hər birinə 1 penalti təyin edib, "Trabzonspor"un
dörd futbolçusuna qırmızı vərəqə göstərib. Nəticədə Trabzon klubu
qarşılaşmanı 7 futbolçu ilə bitirməli olub.