İyunun 3-də Azərbaycanın gənclər və idman naziri Azad
Rəhimov Böyük Britaniya Baş nazirinin ticarət üzrə elçisi baronessa
Nikolsonu və Köln Almaniya İdman Universitetinin vitse-prezidenti
Kristof Bruerini qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Axar.az-a
verilən məlumata görə, baronessa Nikolsonla görüş zamanı nazir
gənclər və idman sahələrində görülən işlər, ölkəmizdə fəaliyyət
göstərən Olimpiya İdman kompleksləri, Gənclər evləri, eyni zamanda
qeyri-hökumət gənclər təşkilatları, hər iki sahədə həyata keçirilən
yerli və beynəlxalq layihələr, qarşıda baş tutacaq "Formula-1"
yarışı, Ümumdünya Şahmat Olimpiyadası və digər yarışlar haqqında
geniş məlumat verib. A.Rəhimov, eyni zamanda Avropa Oyunları
çərçivəsində Azərbaycan mütəxəssislərinin ingilis mütəxəssislərlə
sıx əməkdaşlığından, ingilis idmançıların yarışlar zamanı yüksək
nəticələrindən də söz açıb.
Qarşılıqlı əməkdaşlıq sahəsinə gəldikdə isə nazir Azərbaycanın
müxtəlif ölkələrin universitetləri ilə həyata keçirdiyi "Mən
Azərbaycan haqqında nə bilirəm?" layihəsini Böyük Britaniyada da
reallaşdırmağın mümkünlüyündən, ümumilikdə gənclərin müxtəlif
sahələrdə qarşılıqlı əməkdaşlığından, bununla yanaşı, idmançıların
qarşılıqlı təlim-məşq toplantılarına qatılmalarının mümkünlüyündən,
bütün bunların yüksək nəticələr verə biləcəyindən danışıb.
Öz növbəsində, baronessa Nikolson iki ölkə arasında gənclər və
idman sahələrində əməkdaşlığa hazır olduqlarını diqqətə çatdırıb,
xüsusilə Azərbaycan hökumətinin fiziki qüsurlu insanlar üçün
müxtəlif sahələrdə hayata keçirdiyi layihələri, onların "Formula-1"
Qran Prisinə cəlb olunmalarını çox yüksək qiymətləndirib, bu sahədə
də əməkdaşlığa geniş şəkildə hazır olduqlarını diqqətə
çatdırıb.
Köln Almaniya İdman Universitetinin vitse prezidenti K.Brueri
ilə görüşü çərçivəsində nazir A.Rəhimov Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyində dəyişikliklər
edildiyini, akademiyanın təhsil sistemində yeniliklərin nəzərdə
tutulduğunu və bu istiqamətdə Almaniyanın Köln Universiteti ilə
əməkdaşlığın müsbət nəticələr verə biləcəyini qeyd edib.
A.Rəhimov deyib: "Biz istər idmanın tibb, istərsə də digər
sahələrində sözün əsl mənasında peşəkarların yetişməsini istəyirik.
Təcrübə öz yerində, lakin elmi biliklərə əsaslanan hər bir sahədə
inkişaf köklü şəkildə gedə bilər".
K.Brueri səfərdən məmnunluğunu bildirib, akademiyada artıq
maraqlı və yeni islahatlar aparıldığnı, fakültələrin sayında, eyni
zamanda əhatə dairəsində dəyişikliklərin edildiyini müsbət
qiymətləndirib, qarşılıqlı əməkdaşlığın yüksək nəticələr verəcəyinə
inandığını bildirib.