Bakı şəhərində ilk dəfə keçirilən Formula-1 Avropa
Qran-pri yarışı Yaponiyada böyük maraqla izlənilib.
Axar.az xəbər verir ki, Tokionun idman proqramlarının birbaşa
yayımlandığı "M-Spo" kafesində toplaşan Formula-1 yarışının
azarkeşləri bu böyük idman tədbirinin açılış mərasimini və final
mərhələsini "Fuji TV Next" kanalı vasitəsilə burada quraşdırılmış 2
böyük və 4 kiçik monitorda böyük coşqu ilə izləyiblər. Kafedə
toplaşan azərbaycanlı gənclər Qran-prinin startından əvvəl səslənən
dövlət himnini Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivi
ilə birlikdə ifa ediblər.
Yarışların start götürməsi gənclərimiz, onların müxtəlif
ölkələrdən olan dostları, eyni zamanda, yapon tamaşaçılar
tərəfindən alqışlarla qarşılanıb.
"Fuji Tv Next" televiziya kanalının icmalçıları yarışları şərh
edərək bildiriblər ki, Formula-1 Avropa Qran-pri yarışı Bakıda ilk
dəfə keçirilməsinə baxmayaraq, Azərbaycan bu böyük idman bayramına
xüsusi diqqətlə yanaşıb. Yarışların yüksək səviyyədə keçirilməsi
üçün qısa müddətdə hər cür şərait yaradılıb.
Qeyd edilib ki, hər biri iki pilotla təmsil olunan 10 komandanın
birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6
kilometrdir. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları –
Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel,
Valtteri Bottas və digərləri yarışıblar.
Nadir xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası elə qurulub ki,
yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçısı
UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan İçərişəhəri,
paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu
hissəsini özündə birləşdirən ecazkar mənzərəni görüblər.
Qran-prinin birinci günündə Formula-1 və GP2 seriyası üzrə
sərbəst yürüşlər təşkil olunub. İyunun 18-də Formula-1 üzrə sərbəst
və sıralama yürüşü, GP2 üzrə isə birinci yarış keçirilib. İyunun
19-da Avropa Qran-pri yarışı, həmçinin GP2 üzrə ikinci yürüş baş
tutub.
Yarışın final mərhələsində 22 pilot qalib adı uğrunda mübarizəyə
qatılıb. İyunun 18-də keçirilən sıralama yürüşünün nəticəsinə
əsasən, start xəttinə ən yaxın "Mercedes"in pilotu Niko Rosberq
dayanıb. Ondan sonra "Red Bull Racing"in sürücüsü Daniel Rikkardo
və "Ferrari"nin sürücüsü Sebastian Fettel yer alıblar.
Yarışlar barədə təəssüratlarını bölüşən həmyerlilərimiz,
Azərbaycanın Yaponiyadakı səfirliyinin əməkdaşı Fuad Bağırov, JGC
şirkətinin əməkdaşı Emin İlyasov, Bodibilder üzrə Yaponiya
beşincisi Fərhad Ağayev bildiriblər ki, Formula-1 Avropa
Qran-prisinin Bakıda yüksək səviyyəli təşkili hər bir azərbaycanlı
kimi onları da sevindirir. Qürur hissi keçiririk ki, dünyanın
inkişaf etmiş ölkələri ilə bərabər Azərbaycan da Formula-1 ailəsinə
daxil oldu. Vətənimizdən nə qədər uzaq olsaq da, ölkəmizin
uğurlarına ürəkdən şadıq. Fəxr edirik ki, yarışları yüksək
səviyyədə təşkil edən belə müasir və inkişaf etmiş ölkənin
vətəndaşlarıyıq. Bu yarışlar Azərbaycanı bütün dünyada daha yaxşı
tanıdacaq.
Həmvətənlərimizlə birlikdə yarışları izləmək üçün kafeyə gəlmiş
Tokio sakinləri Maneki İvao, Şotaro Ono, Yusuke Kubota, Saşi
Kubota, Yazan Badran, Patrisio Cespedes, Mayuko Otomo, Akiko Fucii
bildiriblər ki, qədimliyin və müasirliyin harmoniyasını üzvi
şəkildə özündə birləşdirən Bakıda yarışların keçirilməsi Formula-1
ilə yanaşı, bu gözəl şəhəri seyr etməyə də imkan yaradıb.
Vurğulayıblar ki, Azərbaycan çox ecazkar ölkədir. Bakı halqasının
şəhərin həm müasir, həm də qədim hissəsini əhatə etməsi bu gözəl
ölkəyə marağımızı daha da artırdı. Yarışları böyük məmnuniyyətlə
izlədik. Yüksək səviyyədə təşkili ilə seçilən yarışın onlarda
Azərbaycana getmək istəyini yaratdığını qeyd edən yapon tamaşaçılar
ölkəmizə səfər edəcəkləri günü səbirsizliklə gözlədiklərini
bildiriblər.