Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və
İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin iyul ayında 26 754 ton
dizel yanacağı ixrac edib ki, bu da ötən ilin iyul ayından 61%
azalma deməkdir.
Axar.az SOCAR-a istinadən xəbər verir ki, ötən ay 4 801 ton
təyyarə yanacağı ixrac edilib. Bu isə ötən ilin iyul ayından 83%
azdır.
Şirkət ötən ay 8 904 ton yüksək təzyiqli polietilen, 1 270 ton
mütləqləşdirilmiş izopropil spirti, 3 618 ton propilen və 3 185 ton
butilen butadien fraksiyası ixrac edib.
Ümumilikdə, 2016-cı ilin yanvar-iyul ayları ərzində 415 978 ton
dizel yanacağı, 133 539 ton təyyarə yanacağı ixrac edilib ki, dizel
yanacağının ixracında 26% azalma, təyyarə yanacağının ixracında
1,6% artım qeydə alınıb.
Yanvar-iyul ayları ərzində 2,5 min ton soba mazutu 55 800 ton
yüksək təzyiqli polietilen, 8 655 ton mütləqləşdirilmiş izopropil
spirti, 35 215 ton maye piroliz qətranı, 28 171 ton propilen və 13
271 ton butilen butadien fraksiyası ixrac edilib. 2016-cı ilin iyul
ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton
üçün) 440,30 ABŞ dolları, təyyarə yanacağı - 419,26 dollar, dizel
yanacağı - 389,43 dollar, 1% kükürdlü mazutun qiyməti - 243,33
dollar, yüksək təzyiqli polietilen - 1 160 dollar, butilen butadien
fraksiyası - 440,57 dollar, maye piroliz qətranı - 440,30 dollar,
propilen - 670 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti
isə 920 avro təşkil edib.
İyul ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli
45,10 dollara, "Urals" nefti 44,28 dollara, "BTC FOB Ceyhan" tipli
xam neft isə 46,95 dollara satılıb.