Bakı-Tiflis-Qars yeni dəmir yolu bağlantısının Gürcüstan
hissəsində tikinti işləri davam edir.
"Azərbaycan Dəmir Yolları"nın mətbuat xidmətindən Axar.az-a
bildirilib ki, Gürcüstan hissəsində işlər dörd mərhələdə (Marabda -
Tetriskaro - 29,2 kilometr, Tetritskaro-Salka - 49,7 kilometr,
Salka-Axalkalaki - 74,1 kilometr, Axalkalaki - Kartsaxi - 26,3
kilometr) həyata keçirilir.
Birinci mərhələdə uzunluğu 29,2 kilometr olan Marabda-Tetriskaro
sahəsində birinci (Tetriskaro stansiyası daxil olmaqla) yolun
torpaq yatağında, üst quruluşu elementlərində, süni qurğularda,
elektrik təchizatı, rabitə və İMB qurğularında, mülki və inzibati
binalarda reabilitasiya, rekonstruksiya və tikinti işləri əsasən
başa çatdırılıb. Stansiyalarda qaz, su, istilik və çirkab suların
axıdılması xətləri çəkilib və istismara hazırdır. Sahədə qatarların
elektrovozla hərəkəti təmin edilib.
İkinci mərhələdə uzunluğu 49,7 kilometr olan Tetriskaro-Salka
sahəsində (Salka stansiyası daxil olmaqla)
reabilitasiya-rekonstruksiya, tikinti işləri əsasən aparılıb.
Sahəyə lifli optik rabitə və işarəvermə kabelləri qoyularaq, üstü
örtülüb. Ərazidə rabitə, işarəvermə, mərkəzləşmə qurğularında
sazlama işləri aparılır. Stansiyaların vağzal binalarında, mülki və
yardımçı binalarda, 111 süni qurğuda işlər əsasən başa çatdırılıb.
Nadarbazevi və Bedeni dartı yarımstansiyalarında işlər başa
çatdırılıb, elektrik kontakt şəbəkəsində və VL-10 kilovat AB və PG
elektrik ötürücü xəttində dəyişdiriləcək 1924 yeni dəmir-beton
dirək dəyişdirilib, kontakt şəbəkəsində reabilitasiya,
rekonstruksiya və tikinti işləri yekunlaşıb.
Üçüncü mərhələdə uzunluğu 74,1 kilometr olan Salka-Axalkalaki
sahəsində 179 (4 qar yığımı əleyhinə qalareya, 11 körpü və yol
keçidi, 8 daş qırıntılarının axması əleyhinə divar, 25 qar yığını
əleyhinə divar, 131 müxtəlif su ötürücü boru) süni qurğuda 25 qar
yığımı əleyhinə divarda işlər əsasən başa çatdırılıb. Sahədə yolun
üst qurluşu elementləri tam dəyişdirilib. Trialeti, Pokani və
Ninotsminda dartı yarımstansiyalarına yeni avadanlıq və qurğular
gətirilərək, onların montajı yekunlaşıb, kontakt şəbəkəsində (1990
dirək basdırılaraq, naqilin asılması), VL-10 kilovat AB və PG
elektrik ötürücü xəttinin reabilitasiya, rekonstruksiya və tikinti
işləri davam etdirilir. Trialeti, Taparavani, Pokani və Ninotsminda
stansiyalarında vağzal binalarının rekonstruksiyasında işlər əsasən
başa çatdırılıb.
Hazırda sahədə lifli optik rabitə və işarəvermə kabelləri
qoyularaq, örtülmüş, rabitə, işarəvermə, bloklama və mərkəzləşmə
qurğuları gətirilərək, onların yerləşdirilməsi və montajı başa
çatıb. Marabda-Axalkalaki sahəsində sınaq yük qatarının hərəkəti
təmin edilib.
Axalkalaki stansiyasında vağzal binasının, çeşidləmə parkının,
süni qurğuların tikintisində işlər davam etdirilir. Stansiyada
təkər cütlərinin dəyişdirilməsi məntəqəsində 1520 millimetr və 1435
millimetr izli yollar qoyulub. Axalkalaki stansiyasını
Axalkalaki-Türkiyə sərhədi (Kartsaxi) ərazisindəki dəmir yolu ilə
birləşdirən, Qırxbulaq çayı üzərindəki 6 dayaqlı 153 metrlik
körpünün tikintisində işlər başa çatdırılıb, Gürcüstanın
iqtisadiyyat və sabit inkişaf müvafiq əmri ilə istismara qəbul
olunub. Bu mərhələdə əsas işlərdən biri də Salka-Axalkalaki
sahəsində müxtəlif uzunluqda 4 ədəd tunel-qalereyanın (yerüstü
tunel) tikintisidir (1165, 600, 500 və 400 metr uzunluğunda).
Bunların tikintisinin əsas səbəbi qışda bu yerlərin qarla
örtülməsidir. Tunel-qalereyalar qışda hərəkətin ahəngdarlığının
pozulmasının qarşısını müəyyən qədər alacaq. Bundan əvvəl ikinci
mərhələdə, uzunluğu qisa olsa da, 2 ədəd tunel-qalereya avtomobil
keçidi üçün istismara verilib.
Dördüncü mərhələdə ümumi uzunluğu 26,3 kilometr (Gürcüstan
ərazisində tikiləcək tuneldə daxil olmaqla) olan Axalkalaki
(stansiya istisna olmaqla) - Türkiyə sərhədi (Kartsaxi) sahəsində
(Kartsaxi stansiyası da daxil olmaqla) dəmir yolun torpaq yatağında
işlər başa çatdırılıb. 51 süni qurğunun tikintisi əsasən başa
çatdırılıb, layihə-smeta sənədlərində nəzərdə tutulmamış 3 süni
qurğuda işlər davam etdirilir. Sahənin 26,3 kilometrnə, Kartsaxi
stansiyasının 1 baş və 6 yan yolunda yolun üst quruluşu elementləri
(rels, şpal) qoyulub, relslərin qaynaqlanması və yola çınqıl
tökülməsi başa çatıb, ərazidə ekaloji tarazlığı saxlamaq üçün 50
mindən artıq ağac əkilib. Sərhəd stansiyası olan Kartsaxidə vağzal,
mərkəzləşdirilmiş post və yardımçı binaların tikintisində
tamamlama, digər mülki bina və tikililərdə işlər yekunlaşıb.
Sərhəddə tikilən 4450 metr uzunluğunda körpünün Gürcüstan
ərazisinə düşən 2070 metrində (240 metr uzunluqda portalla
birlikdə) 1830 metr uzunluğundakı sahədə üst keçid işləri
tamamlanıb, 1780 metr uzunluğunda sahədə yolun alt yatağı qazılmış,
53 metrdə qazma işləri davam etdirilir. Eyni zamanda, tunelin
betonlanması işləri aparılır. Betonlama işlərinin yaxın aylarda
başa çatdırılması nəzərdə tutulur. Axalkalaki-Kartsaxi sahəsində
işçi sınaq qatarının hərəkəti təmin edilib.
Reabilitasiya, rekonstruksiya və tikinti işlərinin aparıldığı
Marabda-Türkiyə sərhəddi (Kartsaxi) ərazisi relyefinə və iqliminə
görə mürəkkəbdir. Dəmir yolu xəttinin mailliyi 35 faizdir. Sahədəki
ilk stansiya- Marabda dəniz səviyyəsindən 750 metr, 100-cü
kilometrdəki Taparavani stansiyası dəniz səviyyəsindən 2250 metr,
sonuncu stansiya - Kartsaxi dəniz səviyyəsindən 1850 metr
hündürlükdə yerləşir.