Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti
"Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar arasında
hesablaşmaların aparılması Qaydaları"nı ləğv edib və "Azərbaycan
Respublikasında banklararası mərkəzləşdirilmiş ödəniş sistemlərində
hesablaşmaların təşkili Qaydaları"nı təsdiqləyib.
Axar.az xəbər verir ki, bu qaydalar Azərbaycan Respublikasının
ərazisində banklararası mərkəzləşdirilmiş ödəniş sistemləri olan
Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sisteminin
(AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin
(XÖHKS) iştirakçıları arasında hesablaşmaların aparılması
qaydalarını tənzimləyir. Mərkəzi Bank tərəfindən hər növbəti ilin
yanvar ayının 25-dən gec olmayaraq əvvəlki ilin yekun göstəriciləri
əsasında sistem əhəmiyyətli iştirakçılar müəyyən edilir və bu
barədə aidiyyəti iştirakçılar yazılı formada məlumatlandırılır.
Fövqəladə hallar zamanı AZIPS və XÖHKS-də fəaliyyətin
davamlılığının təmin edilməsi məqsədilə sistem əhəmiyyətli
iştirakçının fövqəladə hallarda fəaliyyətinin davamlılığı və bərpa
planları olmalıdır. Fövqəladə hallarda fəaliyyətin davamlılığı
planı və bərpa planı ildə bir dəfədən gec olmayaraq yenilənməlidir.
Fövqəladə hallarda bərpa planı müxtəlif mümkün ssenariləri, o
cümlədən təbii fəlakət, avadanlığın sıradan çıxması səbəbindən
prosesin dayanması, terrorçuluq, kənardan müdaxilə, rabitə
kanallarının kəsilməsi nəticəsində dayanmaları və digər mümkün
halları əhatə etməlidir. Bu ssenarilərin hər biri üzrə iki saatdan
gec olmayaraq AZIPS və XÖHKS-də fəaliyyətin bərpa edilməsi nəzərdə
tutulmalıdır.
Sistem əhəmiyyətli iştirakçı tərəfindən ehtiyat mərkəz
yaradılmalı və əsas mərkəzdə istifadə olunanla eyni olan əsas
infrastruktur avadanlığı, sistem konfiqurasiyası (texniki və
proqram təminatı üzrə yeniliklər və dəyişikliklər), alternativ
rabitə xətləri, dayanıqlı elektrik cərəyanı, ilkin yanğınsöndürmə
vasitələri ilə təmin edilməlidir. Avadanlıqların texniki vəziyyəti
dövrü olaraq nəzərdən keçirilməli və yenilənməlidir. Ehtiyat mərkəz
istənilən anda əməliyyatların aparılmasına hazır olmalı, işçi
heyətinin fövqəladə hal aradan qaldırılanadək fəaliyyətinin davam
etdirilməsi üçün lazımi şəraitlə təmin edilməlidir. Sistem
əhəmiyyətli iştirakçı ehtiyat mərkəzdə həyata keçirdiyi fəaliyyəti
başa çatdırdıqdan sonra nəticəsi barədə hesabatı 7 iş günü
müddətində Mərkəzi Banka yazılı formada təqdim etməlidir.
Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallara hazırlıq
səviyyəsini yoxlamaq üçün ən azı rübdə bir dəfə real vaxt rejimində
ödəniş sistemlərində iştirakını ehtiyat mərkəz vasitəsilə təmin
etməlidir. Sistem əhəmiyyətli iştirakçı fövqəladə hallarda
fəaliyyətinin davamlılığının təmin olunması üçün sorğuların
cavablandırılması və məlumat mübadiləsinin aparılmasına məsul olan
əməkdaşları (əsas və əvəzedici şəxslər) təyin edərək onları
təlimatlandırmalı, həmçinin bu əməkdaşlar haqqında hər ilin fevral
ayının 25-dən gec olmayaraq Mərkəzi Banka yazılı məlumat (adı,
soyadı, vəzifəsi və əlaqə məlumatları) verməlidir. Məsul əməkdaşlar
dəyişdirildikdə yeni təyin edilmiş şəxslər haqqında yazılı məlumat
5 iş günü ərzində Mərkəzi Banka təqdim edilir. Sistem əhəmiyyətli
iştirakçı AZIPS və XÖHKS-də fəaliyyətinin dayanmasına səbəb olmuş
halları qeydə almalıdır. Bu hallar baş verdikdən sonra ən geci 3 iş
günü müddətində hadisənin təfsilatı, o cümlədən baş verdiyi tarixi,
onun aradan qaldırıldığı müddəti və görülən işlərin açıqlanması
haqqında məlumatı Mərkəzi Banka yazılı formada təqdim etməlidir.
Sistem əhəmiyyətli iştirakçı ehtiyat mərkəzi ilə əsas mərkəz
arasında əsas proqram təminatları üzrə məlumat mübadiləsinin
təşkilinə dair tərtib edilmiş topoloji diaqramı və ehtiyat mərkəzin
yerləşdiyi ünvan barədə məlumatı hər ilin fevral ayının 25-dən gec
olmayaraq Mərkəzi Banka təqdim etməlidir.