Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan
"Trans-Adriatik" (TAP) qaz boru kəmərinin Yunanıstan ərazisindən
keçən hissəsinin inşası məqsədilə boruların daha bir hissəsi bu
ölkəyə gətirilib.
AzərTac xəbər verir ki, bu barədə TAP-ın
"twitter" səhifəsində məlumat verilir. Bildirilir ki, ümumilikdə
700-dən çox boru Yunanıstanın Aleksandrupolis limanına
çatdırılıb.
TAP-ın inşasında ümumilikdə 53 mindən çox borudan istifadə
olunacaq. Boru kəmərinin Yunanıstan hissəsində 32 min, Albaniya
hissəsində 12 min, Adriatik dənizi hissəsində 8,75 min, İtaliya
hissəsində isə 660 borudan istifadə ediləcək. Boruların ümumi
çəkisi 526 min tondur. Bunun da Albaniya hissəsində 126 min tonu,
Yunanıstanda 323 min tonu, dəniz hissəsində 72 min tonu, İtaliyada
isə 5 min tonu istifadə ediləcək.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı
"Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən
də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı "Cənub Qaz
Dəhlizi"nin (Southern Gas Corridor - SGC) tərkib hissəsi olan TAP
layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub,
"Şahdəniz-2"dən hasil olunacaq qazın Yunanıstan və Albaniya
vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna,
oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə
Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya,
İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün
böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10
milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard
kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr,
Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya –
8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). Bu
il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma
mərasimi keçirilib. Mayın sonlarına kimi layihə üzrə iş həcminin
19,5 faizi yerinə yetirilib və ümumilikdə 877 milyon avro həcmində
sərmayə qoyulub. 2020-ci ilədək layihə üzrə Azərbaycan
şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. TAP
üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. Boru
kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur.
TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), "Snam
S.p.A." (20 faiz), "Fluxys" (19 faiz), "Enagás" (16 faiz) və "Axpo"
(5 faiz).