Cari ilin oktyabrın 15-dən noyabrın 15-dək Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən Bakı şəhəri, Nobel prospekti, 23
ünvanı, "Amay" ticarət mərkəzində arıçılıq məhsullarının respublika
sərgi-satış yarmarkası keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə,
iştirak etmək istəyən arıçılardan Kənd Təsərrüfatı Nazirliyinin
"1652" nömrəli Çağrı mərkəzinə müraciət (zəng) edərək qeydiyyatdan
keçmək xahiş olunur.
Qeydiyyatdan keçmiş şəxslər arıçılıq məhsulları ilə birlikdə
aşağıda göstərilən sənədləri Kənd Təsərrüfatı Nazirliyində
yaradılmış sərgi-satış yarmarkasının təşkili üzrə işçi qrupuna
təqdim etməlidirlər:
- Şəxsiyyət vəsiqəsi
- Arıxananın baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi)
- Rayon (şəhər) baytarlıq idarəsindən verilən baytarlıq
şəhadətnaməsi (Forma № 2)
- Sərgi-satış yarmarkasında nümayiş etdiriləcək (satılacaq)
arıçılıq məhsullarının Zona Baytarlıq Laboratoriyasında müayinəsi
barədə ekspertiza rəyi
Yarmarkada yalnız bilavasitə arıçılıq fəaliyyəti ilə məşğul olan
(arı saxlayan və arıçılıq məhsulları istehsal edən) fiziki və ya
hüquqi şəxslər iştirak edə bilərlər.
Yarmarkada müəyyən edilmiş keyfiyyət standartlarına cavab verən
təbii balın və digər arıçılıq məhsullarının satışına icazə
veriləcək. Arıçı-fermerlər tərəfindən yarmarkaya təqdim ediləcək
arıçılıq məhsulları əvvəlcədən müvafiq qaydada zona baytarlıq
laboratoriyalarında və Respublika Baytarlıq Laboratoriyasında
müayinədən keçirilməlidir. Keyfiyyət göstəriciləri müvafiq
laboratoriya tərəfindən təsdiq edilən arıçılıq məhsulları xüsusi
nişanlanmış və arıçılıq məhsullarının saxlanılmasına icazə verilən
ağzı kip bağlanmış qablarda akt əsasında yarmarkanın müvəqqəti
saxlanma anbarında yerləşdiriləcək.
Keyfiyyət göstəricilərini təsdiq edən müvafiq sənədi olmayan
arıçılıq məhsullarının sərgi-satış yarmarkasında nümayişinə və
satışına yol verilməyəcək.
Arıçı kimi yarmarkada iştirak etmək üçün qeydiyyatdan keçmiş
şəxslər şəxsiyyətini təsdiq edən sənədi (hüquqi şəxsin dövlət
qeydiyyatından keçmiş nizamnaməsi və əsasnaməsi) yarmarkaya
nəzarəti həyata keçirən məsul şəxslərə təqdim etməlidirlər. Əks
halda onlar arıçı kimi yarmarkaya buraxılmayacaqlar.
Yarmarkanın keçirildiyi müddətdə şəffaflığın və təhlükəsizliyin
təmin olunması məqsədi ilə arıçılıq məhsullarının müvəqqəti
saxlanma anbarında və satış pavilyonlarında quraşdırılmış müşahidə
kameraları vasitəsi ilə də nəzarət həyata keçiriləcək. Yarmarkada
yerlərin bölüşdürülməsi arıçıların iştirakı ilə püşkatma qaydasında
müəyyən ediləcək.
İştirak edəcək arıçılar öz məhsullarını tam həcmdə oktyabrın 1-dən
8-dək yarmarkanın müvəqqəti saxlanma anbarına təhvil verməlidirlər.
Oktyabrın 8-dən sonra müraciət edən arıçıların məhsulları satış
üçün yarmarkaya buraxılmayacaq. Sərgi-satış yarmarkasında iştirak
etmək istəyən arıçıların qeydiyyatı sentyabr ayının 15-dən oktyabr
ayının 7-dək aparılacaq. Qeydiyyatdan keçmiş arıçılar,
məhsullarının müayinəsi üçün Nazirliyin əməkdaşlarına dəstək
göstərməyə dəvət edilirlər.