Mayın 17-də Bakıda Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç ilə Azərbaycanın işgüzar dairələrinin nümayəndələri arasında görüş keçirilib.
Axar.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Serbiya Respublikasının Maliyyə Nazirliyi və Serbiyanın İnkişaf Agentliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, yerli müəssisə, şirkət və assosiasiyaların nümayəndələri iştirak ediblər.
Görüşdə Azərbaycan-Serbiya iqtisadi əməkdaşlığının genişləndirilməsi, ticarət və investisiya əlaqələrinin inkişafı və biznes dairələri arasında yeni tərəfdaşlıq imkanları müzakirə olunub.
İclasda çıxış edən Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluğunu ifadə edib. Prezident iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələrin gücləndirilməsinin, qarşılıqlı investisiyaların təşviqinin və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır.
Serbiya Prezidenti Bakı ilə Belqrad arasında birbaşa aviareysin açılmasının iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib. Onun sözlərinə görə, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir və bu istiqamətdə Azərbaycan və Serbiya turizm şirkətləri arasında əlaqələrin daha da gücləndirilməsi vacibdir.
Serbiya Prezidenti həmçinin enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsinin önəmini vurğulayıb. O qeyd edib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə "Serbiagas" arasında yeni qaz elektrik stansiyasının inşası üzrə əməkdaşlıq perspektivləri nəzərdən keçirilir. A.Vuçiç Azərbaycan biznes nümayəndələrini Serbiyada yeni investisiya imkanlarını araşdırmağa dəvət edib. O, xüsusilə pərakəndə ticarət, spa və dağ kurortu, eləcə də kənd təsərrüfatı məhsulları sahələrində geniş əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırıb.
Serbiya Baş nazirinin birinci müavini və maliyyə naziri Sinişa Mali isə ölkəsinin investisiya mühiti, iqtisadi inkişaf prioritetləri və Azərbaycanla əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıb. O, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə biznes təşəbbüslərinin dəstəklənməsinin vacibliyini qeyd edib.
Serbiyanın İnkişaf Agentliyinin strateji investisiyalar departamentinin direktoru Vladimir Tomiç Serbiyada xarici investorlar üçün mövcud dəstək mexanizmləri barədə məlumat verib. Bildirilib ki, Serbiya bazarı Azərbaycan şirkətləri üçün müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları təqdim edir.
Tədbir çərçivəsində şirkət və assosiasiyaların təqdimatları keçirilib, onların fəaliyyət istiqamətləri, ixrac və investisiya potensialı, Serbiya tərəfi ilə mümkün əməkdaşlıq sahələri barədə məlumat verilib.