Prezident İlham Əliyev Azərbaycan Respublikasında
istehsal olunan malların vahid məlumat bazasının yaradılması
haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
sahibkarlıq sahəsində son illərdə nail olunmuş sürətli inkişafın
davamlılığını təmin etmək, yerli malların ənənəvi və yeni bazarlara
çıxarılması imkanlarını artırmaq, beynəlxalq bazara inteqrasiya
prosesini sürətləndirmək və bu sahədə əlverişli şəraiti daha da
genişləndirmək məqsədi ilə qərara alıram:
1. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:
1.1. Azərbaycan Respublikasında istehsal olunan mallar və həmin
malların istehsalçıları barədə məlumatları əks etdirən, ən azı üç
dildə (Azərbaycan, ingilis və rus dillərində) fəaliyyət göstərən
İnternet portalının üç ay müddətində yaradılmasını təmin etsin;
1.2. həmin portalda istehsal fəaliyyəti üzrə (hər bir mal növü,
onun istehsalçısı, hüquqi ünvanı, əlaqə vasitələri, habelə
istehsalçı qrupları, istehsal imkanları, tərəfdaşlar və s.)
istifadəsi sadə olan axtarış sistemi yaratsın;
1.3. informasiya-kommunikasiya texnologiyalarının imkanlarından
istifadə etməklə istehsalçılarla informasiya mübadiləsinin elektron
şəkildə və daha operativ qaydada təşkil olunması, habelə
istehsalçılar tərəfindən məlumatların portala daxil edilməsi və
yenilənməsi məqsədi ilə portalda "elektron kabinet" bölməsi
yaratsın;
1.4. malların istehsalçıları tərəfindən məlumatların portalda
yerləşdirilməsi üçün mütəmadi olaraq təbliğat-təşviqat tədbirləri
həyata keçirsin;
1.5. yaradılmış portal barədə məlumatın kütləvi informasiya
vasitələri ilə yayılmasını təmin etsin;
1.6. bu Sərəncamın 3-cü hissəsinə əsasən ayrılan vəsaitin
qanunvericiliyə uyğun və təyinatı üzrə xərclənməsini təmin
etsin;
1.7. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını iki ay
müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncamın 1.1-ci bəndində nəzərdə tutulan portalın
yaradılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il
dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin ehtiyat fondundan İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinə 400,0 (dörd yüz) min manat ayrılsın.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
3-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. Yerli icra hakimiyyəti orqanları onlara aid inzibati ərazi
vahidlərində fəaliyyət göstərən malların istehsalçıları və onların
istehsal etdikləri mallar barədə məlumatların bu Sərəncamın 1.1-ci
bəndində nəzərdə tutulan portal istifadəyə verildikdən sonra həmin
malların istehsalçıları tərəfindən dörd ay müddətində portalda
yerləşdirilməsinin təmin edilməsi istiqamətində təşviqedici
tədbirlər həyata keçirsinlər və məlumatların mütəmadi olaraq
yenilənərək aktual saxlanmasına nəzarət etsinlər.
7. Bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına,
aidiyyəti dövlət qurumlarına tapşırılsın ki, bu Sərəncamdan irəli
gələn vəzifələrin icrası ilə bağlı İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinə zəruri kömək göstərilməsini və onun
müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin
etsinlər.