Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Xələf Xələfov Meksika Birləşmiş Ştatları Xarici İşlər Nazirliyinin
Avropa Baş idarəsinin baş direktoru Fransisko del Rio ilə görüşüb
və ölkələrimiz arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi
keçirilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən Axar.az-a bildiriblər ki, X.Xələfov ölkəmizin Meksika
ilə əlaqələrinin inkişafına xüsusi önəm verdiyini, buna misal
olaraq Azərbaycanın Latın Amerikasında ilk səfirliyinin Mexiko
şəhərində açıldığını diqqətə çatdırıb.
İki ölkə arasında münasibətlərin inkişafından məmnun olduğunu
bildirən nazir müavini Meksikanın Azərbaycanda səfirlik açmasını
yüksək qiymətləndirib. X.Xələfov xarici işlər naziri Elmar
Məmmədyarovun Meksikaya səfərini xatırladaraq, yüksəksəviyyəli
qarşılıqlı səfərlərin ölkələrimiz arasında iqtisadi və siyasi
münasibətlərin inkişafına müsbət təsir edəcəyini, bu xüsusda
Fransisko del Rionun bu səfərinin əməkdaşlığa töhfə verəcəyinə
əminlik ifadə edib.
X.Xələfov ölkəmizin Meksika ilə bütün istiqamətlərdə, o cümlədən
parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduğunu
vurğulayıb, bu ölkənin qanunverici orqanı tərəfindən qəbul edilmiş
Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar və Xocalı soyqırımını
qınayan qətnamələrə görə Meksika tərəfinə təşəkkür bildirib. Nazir
müavini ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf
etdirilməsi üçün bu sahədəki təşəbbüs, layihə və ideyaları
əlaqələndirəcək mexanizmlərin müəyyənləşdirilməsini təklif edib.
X.Xələfov, həmçinin ölkəmizin iqtisadi qurumlarında görüşlərin
keçirilməsinin arzuedilən olduğunu, iki ölkə arasında ticarət
dövriyyəsinin həcminin artırılması üçün mövcud potensialdan
səmərəli istifadə edilməsinin vacibliyini vurğulayıb.
Baş direktor Fransisko del Rio ölkəsinin Azərbaycanı beynəlxalq
səviyyədə vacib ölkə kimi qəbul etdiyini bildirib. Ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, habelə
Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin həyata
keçirilməsində rolunu yüksək qiymətləndirən meksikalı diplomat
görüşdə səsləndirilən təklifləri müsbət qarşılayıb. O, bu barədə
Meksikanın müvafiq qurumlarına məlumat verəcəyini deyib.
Parlamentlərarası əlaqələri diplomatiyanın vacib tərkib hissəsi
adlandıran baş direktor, 2016-cı il sentyabrın 20-də Meksika
parlamentində Azərbaycan ilə dostluq qrupunun yaradılması barədə də
məlumat verib. O, bu ilin noyabrında bir qrup azərbaycanlı iş
adamının Meksikaya səfər edəcəyini və bu qəbildən olan qarşılıqlı
səfərlərin iki ölkə arasında ticarət dövriyyəsini artıracağına
ümidvar olduğunu deyib.
Görüşdə hər iki ölkənin enerji sahəsində böyük təcrübəsini
nəzərə alaraq, bu sahədə təcrübə mübadiləsinin aparılması, turizm
sahəsində əməkdaşlığın genişləndirilməsi yolları ətrafında müzakirə
aparılıb. X.Xələfov Azərbaycanın Meksikada, Meksikanın isə
Azərbaycanda tanıdılması və təbliğ edilməsi üçün ölkələrimizin
kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf
etdirilməsinin vacibliyini vurğulayıb.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı
məlumat verən X.Xələfov, Azərbaycan torpaqlarının Ermənistan
tərəfindən işğalını ölkəmizin ən böyük problemi olduğunu qeyd edib.
O, münaqişənin yalnız ölkəmizin suverenliyi və ərazi bütövlüyü
əsasında beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq
həll edilməsinin vacibliyini qeyd edib.