Son müddət ərzində Azərbaycanda pambıqçılığın inkişafına
böyük təkan verildi. Qısa müddət ərzində görülmüş tədbirlər
nəticəsində biz əkin sahələrini təxminən 3 dəfə artıra bilmişik.
Gözlənilən məhsul isə bu il keçən ilə nisbətən 3 dəfə artıq olacaq.
Gələn il isə bu ilə nisbətən 8-10 dəfə artıq olacaq və pambıq
ipliyi fabrikinin xammal bazası Azərbaycan pambığıdır.
Axar.az xəbər verir ki, bu sözləri İlham Əliyev Mingəçevir
Sənaye Parkının təməlqoyma mərasimində çıxış edərkən bildirib.
"Bütün bu məsələlər bir-biri ilə uzlaşmalıdır və müvafiq
qurumlar bu işlərlə məşğul olurlar. Bizim pambıq istehsalımız
artdıqca burada emal olunan məhsul da təbii ki, artacaq. Eyni
zamanda, mən artıq Sabirabadda pambıqçılıqla bağlı müşavirədə qeyd
etdim, bir daha demək istəyirəm ki, biz yaxın illərdə yeni
pambıqtəmizləmə zavodlarını işə salmalıyıq. Çünki mövcud
pambıqtəmizləmə zavodlarımızın istehsal gücü təqribən 300-350 min
tondur. Biz isə pambıqçılığı tam bərpa edərək, əlbəttə ki, bundan
qat-qat çox məhsul yetişdirəcəyik. Bu fabriklərin fəaliyyəti, eyni
zamanda, yun tədarükünə də müsbət təsir göstərəcək. Əfsuslar olsun
ki, bu sahə Azərbaycanda tənəzzülə uğrayıb. Halbuki bunun çox böyük
potensialı var. Sovet vaxtında bu sahə bizim respublikamıza çox
böyük gəlir gətirirdi. Ona görə, yun tədarükü yun ipliyi fabriki
ilə uzlaşma səviyyəsində fəaliyyət göstərməlidir.
Burada ayaqqabı fabriki yaradılacaq. Azərbaycanda dəri istehsalı
artmalıdır. Biz əksər hallarda dəridən çox səmərəsiz istifadə
edirik. Demək olar ki, ya xammal kimi xarici ölkələrə aşağı
qiymətlə satılır, ya da ki, məhv edilir, yandırılır və beləliklə,
biz böyük gəlir itiririk. Hər bir sahə inkişaf etdikcə, onun digər
sahəyə də böyük təsiri olacaq. Sevindirici hal ondan ibarətdir ki,
Mingəçevir Sənaye Parkının xammal bazasının əsas hissəsi
Azərbaycanda yaradılacaq. Beləliklə, bu fabriklərin fəaliyyəti kənd
təsərrüfatına da çox güclü dəstək olacaq. Bizim əsas məqsədimiz bu
gün kənd təsərrüfatının, sənayenin inkişafına nail olmaq və bu
inkişafı daha da sürətləndirməkdir. Ona görə, bu Sənaye Parkında
görüləcək işlər həm kənd təsərrüfatı sahəsini, həm də sənaye
istehsalı sahəsini birləşdirir. Əslində, bu park bizim siyasətimizi
özündə əks etdirir. Çünki bizim siyasətimiz qeyri-neft sektorunun
inkişafıdır. Bax bu gün biz bunu görürük. Bizim siyasətimiz
investisiyaları cəlb etməkdir. Biz görürük ki, buraya çox böyük
həcmdə sərmayə qoyulacaq. Mənə verilən məlumata görə, avadanlığın
alınmasına 150 milyon və inşaat işlərinə 60 milyon dollar sərmayə
qoyulacaq. Yəni, bu, onu göstərir ki, - mən bunu həmişə demişəm, -
ölkəmiz investisiyalar üçün çox cəlbedici ölkədir. Bu, onu göstərir
ki, hətta böhranlı illərdə Azərbaycan iqtisadiyyatına böyük həcmdə
sərmayə qoyulur. Ən sevindirici hal ondan ibarətdir ki, bu,
qeyri-neft sektoruna qoyulur. Biz neft-qaz sektoruna qoyulan
sərmayələrə öyrəşmişik, bu, təbiidir. Çünki bu, çox böyük gəlir
gətirən sahədir və xarici investorlar özləri maraq göstərirlər və
bizə müraciət edirlər. Qeyri-neft sektoruna isə investorları biz
özümüz cəlb etməliyik. Həm dövlət orqanları, həm yerli icra
orqanları, investorlar, sahibkarlar - biz burada bir nöqtəyə
vurmalıyıq. Ona görə, investisiyaların təşkili və böyük həcmdə
buraya gətirilməsi bizim siyasətimizin təzahürüdür", - İlham Əliyev
vurğulayıb.