Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP)
Direktorlar Şurasının 23 sentyabr 2016-cı il tarixli qərarına
əsasən, 2 hüquqi şəxs və 86 nəfər fiziki şəxs sığorta vasitəçisi
fəaliyyəti üçün verilmiş lisenziyalar ləğv edilib.
Axar.az xəbər verir ki, "Lider Sığorta Agentliyi" MMC-nin
lisenziyasının ləğv olunmasına səbəb, "Sığorta fəaliyyəti haqqında"
Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin tələblərinə
riayət etməyərək sığorta sirri hesab edilən məlumatların
yayılmasına şərait yaratması və qanunun 84.1.2.3-cü maddəsinin
tələblərini pozaraq cəmiyyətə lisenziya verilməsi üçün əsas
götürülmüş rəhbər vəzifəyə təyin ediləcək şəxs barədə yalnış
məlumatlar verməsidir.
"Lider Sığorta Agentliyi" MMC-də aparılmış yoxlama zamanı
hesabatların təqdim edilməməsi və hesabatların natamam tərtib
edilməsi ilə yanaşı onların təhrif edilməsi, sığorta sirri ilə
bağlı müqavilələrin rəsmiləşdirilməsi zamanı sığorta
qanunvericiliyin tələblərinə riayət edilməməsi, lisenziya verilməsi
üçün əsas götürülmüş sənədlərdə əks olunmuş səhv və yalnış
məlumatlarla bağlı faktlar aşkar edilib. Yoxlama zamanı müəyyən
edilib ki, "Lider Sığorta Agentliyi" MMC fəaliyyət dövrü ərzində
526 762 sığorta müqaviləsi üzrə ümumilikdə 93 418 418 AZN sığorta haqqı toplamış və
bunun müqabilində komisyon muzd əldə edib.
Qeyd olunanlarla yanaşı, yoxlama zamanı "Lider Sığorta
Agentliyi" MMC-nin hesabatlarında məlumatların təhrif edilməsi
faktı aşkar edilib. Belə ki, 2014-cü il ərzində sığorta
müqavilələrinin bağlanmadığı açıqlansa da, yoxlama zamanı Сəmiyyət
tərəfindən 2014-cü ilin 9 ayı ərzində 157 783 müqavilə bağlandığı,
32 350 476 AZN sığorta haqqının
toplandığı aşkar olunub.
Direktorlar Şurasının qərarı ilə həmçinin, sığorta agenti
fəaliyyəti ilə məşğul olan daha 1 hüquqi şəxs ilə yanaşı 85 nəfər
fiziki şəxsin lizensiyaları ləğv edilib. Qeyd olunan şəxslərin
lisenziyalarının ləğvi 9 halda könüllü, 78 halda isə məcburi
qaydada olub.
Lisenziyalarının məcburi ləğvinə səbəb sığorta vasitəçilərinin
Palata tərəfindən edilən rəsmi xəbərdarlıqlara baxmayaraq "Sığorta
fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun
tələblərin pozulması ilə əlaqədardır.
MBNP-nin Direktorlar Şurasının digər qərarına əsasən isə rüblük
hesabatlarını maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi
formada Palataya təqdim etmədiklərinə görə sığorta agentləri
fəaliyyətinə lisenziya almış 78 nəfər fiziki şəxsin
lisenziyalarının qüvvəsi 3 ay müddətinə dayandırılıb.