Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin
olunması diqqətdə saxlanılır. Bu məqsədlə aqrar-sənaye kompleksi
inkişaf etdirilir, daxili bazarın tələbatı yerli istehsal hesabına
ödənilir. Hər il yeni müəssisələr fəaliyyətə başlayır, keyfiyyətli
və rəqabətə davamlı məhsul istehsal olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən
Axar.az-a bildirilib ki, oktyabrın 31-də "Naxçıvan Məhsulları"
Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal sahələri və anbarları
istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil
Seyidov tədbirdə çıxış edərək deyib ki, muxtar respublikada
sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Yerli istehsal
müəssisələrinin fəaliyyəti yaxşılaşdırılır, istehsal olunan
məhsulların keyfiyyəti diqqətdə saxlanılır, daxili bazarın tələbatı
ödənilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, 2016-cı ildə
muxtar respublikada 23 yeni istehsal və xidmət sahəsi
yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov
"Naxçıvan Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə
başlaması münasibətilə kollektivi təbrik edərək deyib: "Naxçıvan
Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında məqsəd
muxtar respublikada istehsal olunan məhsulların daxili bazarda
dövriyyəsini təmin etməkdən ibarətdir. Bu gün muxtar respublikada
150-dən çox qapalı və dövlət tərəfindən təminatı həyata keçirilən
müəssisələr vardır. Bu müəssisələrin ərzaq məhsulları ilə
təchizatının əsas hissəsi idxal hesabına həyata keçirilirdi. Lakin
"Naxçıvan Məhsulları" Məhdud Məsuliyyətli Cəmiyyətinin
yaradılmasından sonra qapalı müəssisələrin təminatının idxal
hesabına ödənilməsinin qarşısı alınmış, bu müəssisələrin
tələbatının tamamilə yerli məhsullar hesabına ödənilməsi təmin
edilib.
Ali Məclisin Sədri deyib: Muxtar respublikada həyata keçirilən
bu tədbirlər daxili bazarda yerli istehsalın həcminin artmasına,
yeni iş yerlərinin yaradılmasına, dövlət vəsaitlərinin ölkə
daxilində qalmasına və səmərəli istifadəsinə imkan verdi. Dövlət
vəsaitinin ölkə daxilində dövr etməsi isə daxili bazarın
qorunmasına və insanların rifahının yaxşılaşdırılmasına xidmət
edir. Daxili bazarın və dövlət büdcəsindən maliyyələşən idarə,
müəssisə və təşkilatların ərzaq məhsullarına olan tələbatının yerli
istehsal hesabına ödənilməsi, muxtar respublikada istehsal olunan
məhsulların Naxçıvan brendi ilə xarici bazarlara çıxarılması və
tanıdılması müəssisənin qarşısında duran növbəti vəzifələrdir. Ona
görə də müəssisədə fəaliyyət günün tələbləri səviyyəsində
qurulmalı, keyfiyyətə ciddi diqqət yetirilməli, gələcəkdə tələbata
uyğun yeni istehsal sahələri fəaliyyətə başlamalı və məhsulların
ixrac imkanları genişləndirilməlidir.
Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasında
istehsal olunan məhsullar öz keyfiyyəti ilə seçilir. Buna
baxmayaraq, Naxçıvan Muxtar Respublikası Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehsal müəssisələrində
keyfiyyətə daha ciddi nəzarət etməli, uşaq bağçaları, məktəblər,
xəstəxanalar və digər qapalı müəssisələr yüksək keyfiyyət
standartlarına malik yerli məhsullarla təmin edilməlidir. Dövlət
Gömrük Komitəsi muxtar respublikada istehsal olunmayan məhsulların
idxalını tələbata uyğun tənzimləməli, daxili bazar keyfiyyətsiz
məhsullardan qorunmalıdır.
Ali Məclisin Sədri "Naxçıvan Məhsulları" Məhdud Məsuliyyətli
Cəmiyyətinin fəaliyyəti üçün bundan sonra da lazımi şəraitin
yaradılacağını bildirib, kollektivə işlərində uğurlar
arzulayıb.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib,
müəssisədə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, müəssisənin ərazisində tikinti-quraşdırma
işləri aparılıb, yeni avadanlıqlar, avtoyükləyici və yük
avtomobilləri alınıb. Müəssisədə makaron istehsalı, bal, pendir və
yabanı tərəvəz məhsullarının qablaşdırılması sahələri, müxtəlif
temperatur rejimində və rütubətsiz şəraitdə fəaliyyət göstərən 4
soyuducu anbar, iş və xidmət otaqları yaradılıb, 50 yeni iş yeri
açılıb. Soyuducu anbarlara tələbata uyğun kənd təsərrüfatı
məhsulları tədarük olunub. İstehsal və qablaşdırma sahələrinin
yaradılması muxtar respublikada fəaliyyət göstərən heyvandarlıq və
arıçılıq təsərrüfatlarında istehsalın həcminin artmasına imkan
verəcək.
Ali Məclisin Sədri dövlət büdcəsindən maliyyələşən idarə,
müəssisə və təşkilatların ərzaq məhsulları ilə təchizatının mövsümə
uyğun olaraq tənzimlənməsi barədə tapşırıqlar verib.