"Azərbaycanın dövlət
büdcəsini 19 milyard manat gəlir, 20 milyard manata yaxın isə xərc
təşkil edir. Bunun 27%-i sosial , 32%-i isə investisiya
layihələridir. İnvestisiya layihələrinin 1.3 milyardı Avropa ilə
əlaqədardır. Yəni təxminən 1 milyard manat Bakı-Qars dəmiryolunun
çəkilməsinə daxildir".
Bunu Axar.az-a Milli Məclisin İqtisadi siyasət daimi
komissiyasının üzvü, millət vəkili Vahid Əhmədov 2015-ci il üçün
dövlət büdcəsi ilə bağlı layihələr barədə açıqlama verərkən
deyib.
Onun sözlərinə görə, əsas məsələlərdən biri neftin qiyməti ilə
bağlıdır.
Vahid Əhmədov bildirib ki, neftin qiyməti 90 dollar nəzərdə
tutulsa da, 2015-ci il üçün 80 dollar səviyyəsində götürülsə, daha
yaxşı olar:
"Əgər büdcədə əlavə vəsait yaradılarsa, qiymətin 90 dollar
olmasına baxmaq olar. Ümumi götürdükdə, büdcənin göstəriciləri
müsbətdir. Dövlət Neft Fondundan 10.3 milyard transfer var, bu da
büdcənin təxminən 51 faizini təşkil edir. 2015-ci il üçün dövlət
büdcəsində sosial layihələr yerinə yetirilərsə, heç bir problem və
sıxıntı olmayacaq; hesab edirəm ki, yetiriləcək də. Çünki 53
milyard dollarlıq ehtiyat fondumuz var. Ancaq yenə də neftin
qiyməti ilə bağlı ehtiyatlı davranmaq lazımdır".
Millət vəkili noyabrın 16-17 də Milli Məclisin plenar iclasında
müzakirə ediləcək əsas məsələlərə də toxunub:
"Təkliflərimiz neftin qiyməti, ipoteka kreditləri, bizim
seçildiyimiz dairələrlə əlaqədar yaranan bir neçə problemlərlə
bağlı məsələlər olacaq. O ki qaldı Dövlət Sosial Müdafiə Fondunun
2015-ci il büdcəsinə, keçən ilə nisbətən vəziyyət indi daha
yaxşıdır. Çünki transfer 40-42 milyon manat az olub. Dövlət Sosial
Sığorta Fonduna yığılmalara nəzarət daha da gücləndirilib. Yığılma
böyükdür. Ona görə dövlət büdcəsindən transferi azaltmaq lazımdır.
Ən əsas məsələ isə yerli xərclərlə bağlıdır ki, burda da müəyyən
qədər azalma var. Əvvəl beş şəhər idisə, indi 6-cı - İmişli
rayonunun da tam maliyyə təminatı ilə bağlı irəliləyişlər var. Buna
görə də hesab edirəm ki, 2015-ci il dövlət büdcəsi üçün hər hansı
problem gözlənilmir".