Ekspertlər bu addımın bir neçə səbəbindən danışsalar da,
SOCAR sahib olduğu səhmlərin heç də hamısını satmaq niyyətində
deyil.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Petkim"dəki sahib olduğu
səhmlərin 3,4 faizini satışa çıxarıb. Satış işlərinə fevralın 5-dən
başlanılması planlaşdırılır. APA isə bildirir ki, SOCAR Topdan
Satışlar Bazarında "Petkim"də sahib olduğu hissələrdən 34 milyon
ədəd səhmi hər bir ədədi 4 lirədən olmaqla, "BCM Global Fund"
şirkətinə satacaq. Əqdin dəyəri 136 milyon lirə (57 mln. dollara
yaxın) təşkil edəcək. Səhmlərin satışı fevralın 5-də "Ünlü Menkul
Değerler" şirkəti tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, bu
xəbərdən sonra "Petkim"in səhmləri 2 bənd yüksəlmə ilə başlayaraq,
3,67 faiz artımla 3,95 lirəyə yüksəlib.
Xatırladaq ki, SOCAR Türkiyəyə məxsus "Petkim Petrokimya
Holding"in nəzarət səhm paketinə (61,32 faiz) sahibdir.
Ekspertlər isə SOCAR-ın həmin səhmləri satışa çıxarmasını
müxtəlif cür qiymətləndirirlər. İqtisadçı ekspert Natiq Cəfərlinin
musavat.com-a bildirdiyinə görə, bu addım SOCAR-ın öhdəliklərini
yerinə yetirməyəcəyi təhlükəsindən qaynaqlanıb: "Son proseslər onu
göstərir ki, SOCAR-da olan problemlər, neftin qiymətinin enməsi və
bu trendin uzunmüddətli davam etmə ehtimalı yüksək olduğuna görə
getdikcə problemlər artır. Çünki SOCAR həm də ən böyük kredit alan
təşkilatlardan biridir. SOCAR-ın təqribən üst-üstə 7 milyarda yaxın
kredit borcu var. Bundan əlavə, daxildə də ən çox borc almış
şirkətdir. Yəni ölkə daxilində Mərkəzi Bankın birbaşa kreditləşmə
xəttindən istifadə edib, Beynəxlaq Bankın kredit xəttlərindən
istifadə edir. Yəni SOCAR-ın kredit yükü həddindən artıq yüksəkdir.
Öhdəlikləri də çoxdur və SOCAR o öhdəlikləri götürərkən dünyada
neftin qiymətləri çox yüksək idi və barreli 110-115 dollar
civarında satılırdı. Həmçinin bu qiymət uzun müddət idi ki, eyni
səviyyədə qalmaqdaydı. SOCAR çox güman ki, planlar qurarkən məhz bu
qiymətlərin uzunmüddətli olacağı ehtimalından çıxış edərək, üzərinə
çox böyük öhdəliklər götürüb. İndi SOCAR-ın bu öhdəlikləri yerinə
yetirməsində problemlərin yaşana biləcəyi ilə bağlı ehtimal
yüksəkdir. Bu, neftin indiki qiymətləri ilə əlaqədardır. Ona görə
də, çox güman ki, bu prosesləri müəyyən dərəcədə az ağrılı keçirmək
üçün SOCAR "Petkim"də olan öz payının bir hissəsini satışa
çıxarmağa üstünlük verir. Əslində, bu, normal biznes addımıdır.
Dünyada baş verən trendlərin dəyişməsi ilə əlaqədar atılmış
addımlardır. Sadəcə, arzu edərdik ki, bu tipli addımlar və bu tipli
hərəkətlilik daha çox şəffaflıq şəraitində davam etsin və
ictimaiyyət normal bilgiləndirilsin. Çünki SOCAR dövlət şirkətidir
və ona görə də ictimaiyyətə doğru-düzgün bilgi vermək öhdəliyi var.
Çox istərdik ki, bu proseslər daha şəffaf şəkildə getsin və
vətəndaşlar doğru məlumatlar ala bilsinlər".
Ekspert Fikrət Yusifov da bunu normal hal hesab edir: "SOCAR-in
"Petkim"dəki payı 61,32 faizə bərabərdir. SOCAR-a "Petkim"
şirkətindəki nəzarət paketini təmin etmək üçün bu payın 51 faizini
özündə saxlamaq kifayətdir. Bu payın 3,4 faizinin satılması elə bir
narahatçılıq doğurmamalıdır. Heç şübhə yoxdur ki, payın 3,4 faizə
bərabər bir hissəsinin satışı təşəbbüsü dünya bazarlarında neftin
qiymətlərinin aşağı düşməsi nəticəsində Neft Şirkətinin gözlənilən
gəlirlərinin azalması ilə bağlıdır. Daha real görünən odur ki, bu
satışdan əldə ediləcək vəsaitlər maliyyələşməsi gündəmdə dayanan
başqa layihələrin təmin edilməsində istifadə ediləcək. Çünkü
SOCAR-ın pay iştirakı ilə reallaşdırılan digər beynəlxalq və yerli
layihələr mövcuddur. Şübhə yoxdur ki, SOCAR-ın rəhbərliyi bu addımı
atmaq qərarını ona görə verib ki, icra edilən digər layihələrin
maliyyələşməsində hər hansı bir fasilə yaranmasın. Bu prosesi
bütövlükdə yaranmış vəziyyətdə normal hal hesab edirəm".
İqtisadçı İlham Şaban isə bildirir ki, səhmlərin satışa
çıxarılmasının maraqlı səbəbi var: "Bunu araşdırmaq lazımdır. Çox
düşünülmüş bir addım atıblar. Səbəbi isə faizin kiçik
olmasındadır".