13:38
Dekabrın 28-də Abşeron Qazma İdarəsinin rəhbərliyi
qurumun ləğv olunması haqda Dövlət Neft Şirkətinin qərarını
işçilərə elan edib.
İşçilərin verdiyi məlumata görə, qərar ciddi narazılıqlara səbəb
olub və onlar Prezident Administrasiyası qarşısına yığışmağa qərar
veriblər: "Biz tələb edəcəyik ki, bu qərarı geri götürsünlər. Bizim
idarə ilə yanaşı daha 6 idarə yanvarın 1-dən ləğv olunur.
Təkcə bizim
idarədə 750 nəfər çalışır. Kompleks Qazma İşləri Trestinə 7 idarə
daxildir, bu idarələrdə ümumilikdə 6-7 min adam çalışır. İndi
onların hamısını ləğv edirlər. Bağlanma barədə qərar da vermirlər
ki, əlimizdə əmr olsun. İdarə rəhbərliyi şöbə müdirlərinə tapşırıq
verib ki, heç kimin binadan çıxmasına imkan verməsin".
Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məsələdən məlumatsız
olduqlarının bildirirlər ( "Azadlıq" radiosu).
***
18.17
Abşeron Qazma İdarəsindən verilən məlumata görə, rəhbərliyin
göstərişi ilə işçilər idarədən çölə buraxılmır: "Hətta bir
jurnalist də gəlib çöldə dayanıb. Nə onu içəri buraxırlar, nə də
bizi çölə. Heç kimi idarədən buraxmırlar ki, sözümüzü deyək.
Hamımız qalmışıq içəridə".
***
19:10
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks qazma işləri
İdarəsinin 7 trestinin bağlanması qurumun strukturu üzrə aparılan
təkmilləşdirmə işləri ilə bağlıdır. Bunu ARDNŞ-in prezidenti Rövnəq
Abdullayev Kompleks qazma işləri İdarəsinin bəzi trestlərinin
bağlanması ilə bağlı sualı cavablandırarkən bildirib: "İndi Sovet
dövrü deyil ki, hər idarənin tərkibində bir neçə trest saxlayasan.
Biz beynəlxalq standartlara uyğun fəaliyyət göstəririk. Şirkətdə
beynəlxalq audit keçirilir. Belə bir trestin olması beynəlxalq
standartlara cavab vermir".
"Bu səbəbdən də düşündük ki, hamısını birləşdirək və vahid idarə
yaradaq. Adının necə olması önəmli deyil. Belə modernləşmə işləri
gələn ildən başlayaraq, şirkətin Geologiya və Geofizika
idarələrində, həmçinin "Azəriqaz" İstehsalat Birliyində də
aparılacaq", - deyə R.Abdullayev qeyd edib.
ARDNŞ rəhbəri vurğulayıb ki, bu trestlərin ləğv olunması
nəticəsində ixtisar olunmuş 1100 nəfər işçinin çoxu yenidən işlə
təmin olunacaq, qalanlarına isə təzminat ödəniləcək.