"PAŞA Bank" ASC-nin
rəhbərliyində dəyişiklik baş verib.
Bankdan APA-ya verilən məlumata görə, Müşahidə Şurasının qərarı
ilə bankın İdarə Heyətinin yeni sədri müəyyən olunub. Sədr
vəzifəsinə öncə bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımov
təyin olunub.
Xatırladaq ki, bu təyinatdan əvvəl "PAŞA Bank"a Fərid Axundov
rəhbərlik edib. F.Axundov öz işini bankın Müşahidə Şurasının üzvü
kimi davam edəcək.
T.Kazımov yeni vəzifəsinin icrasına cari ilin iyulun 1-dən
başlayacaq.
Qeyd edək ki, Taleh Kazımov ali təhsilini 2000 - 2004-cü illərdə
Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama
texnikası fakültəsində alıb. O, 2006-cı ildə MBA dərəcəsi alıb.
İdarə Heyətinin yeni sədri peşəkar fəaliyyətə 2001-ci ildən
başlayıb. T.Kazımov 02.2004-cü ildən 09.2006-cı ilədək Bank
Standard QSC-də müxtəlif vəzifələrdə, o cümlədən Xəzinədarlıq
departamentinin aparıcı mütəxəssisi, İdarəetmə uçotu və büdcə
planlaşdırılması istiqamətinin rəhbəri, Korporativ kreditləşmə
istiqamətinin direktor müavini vəzifələrində işləyib. 09.2006-cı
ildən 01.2007-ci ilədək "Ernst & Young" şirkətində auditor
vəzifəsini tutub.
T.Kazımov 2007-ci ilin iyul ayından "PASHA Bank"da Risklərin
İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə
başlayıb. 2009-ci ildən isə bankın Xəzinədarlıq Departamentinin
direktoru vəzifəsini tutur. Taleh Kazımov 2011-ci ildən "PASHA
Bank"ın İdarə Heyətinin üzvü seçilib, korporativ və biznes-bankinq
istiqamətləri, investisiya bloku, ticarət maliyyələşdirməsi,
maliyyə institutları və kredit menecmenti sahələri onun
kurasiyasında olub.
Fərid Axundov ali təhsilini 1987-1992-ci illərdə Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun Sənayenin planlaşdırılması fakültəsində
alıb. O, 1993-cu ildə Nottinqem Trent Universitetinin (Bakı)
Menecment kurslarını bitirib. F.Axundov 1995-ci ildə Britaniyanın
Mançester şəhərində yerləşən Salford Universitetinin Biznesin
administrasiyası fakültəsini bitirib.
1996-2003-cü illərdə Yaxın Şərq Britaniya Bankında Maliyyə
nəzarəti şöbəsinin meneceri, Müştəri xidmətləri şöbəsinin meneceri,
Baş icraçı direktorun müavini vəzifələrində
çalışıb.10.2003-06.2005-ci illərdə QSC "Bank Standard" KB-nın İdarə
Heyətinin sədri vəzifəsində əmək fəaliyyətini davam etdirib.
30.06.2007-ci il tarixdən isə "PAŞA Bank" ASC-nin İdarə
Heyətinin sədri vəzifəsində işləyib.