ABŞ-ın Federal Rezerv Bankının (FED) uçot dərəcəsi ilə
bağlı qərarı həm ABŞ-da infilyasiya səviyyəsinin aşağı olması, həm
də digər ixracatçı ölkələrdə həyata keçirilən yumşaq məzənnə
siyasəti ilə əlaqələndirilir.
Axar.az xəbər verir ki, bu haqda FED-in uçot dərəcəsi ilə bağlı
qərarını şərh edərkən iqtisadçı ekspert Vüqar Bayramov deyib.
İqtisadçıya görə, əslində, ABŞ son qərarı ilə dolların dünya
bazarına mövqelərinin kəskin möhkəmlənməməsi siyasətini
dəstəklədi:
"Görünür, 2006-cı ildən bəri uçot dərəcəsinə toxunmayan
amerikalı maliyyəçilər "status-kvo"nu saxlamağı əlverişli saydılar.
Bununla belə, FED gələn ay keçiriləcək toplantısında uçot
dərəcəsinə yenidən baxılmasını mümkün sayır. Amma analtiklər
oktyabrdakı toplantıdan sonra mətbuat konfransının nəzərdə
tutulmadığını əsas götürərək FED-in sükutu pozacağını güman
etmirlər. Uçot dərəcəsinin dəyişidirilməməsi həm ABŞ-da inflyasiya
səviyyəsinin aşağı olması, həm də digər ixracatçı ölkələrdə həyata
keçirilən yumşaq məzənnə siyasəti ilə əlaqələndirilir. 2 faizə
yaxın inflyasiya dərəcəsinə malik olan Birləşmiş Ştatlarda ilin
sonunadək bu həddin qorunub saxlanılacağı gözlənilir".
İqtisadçının sözlərinə görə, FED-in son qərarı hazırda dünya
səhm və valyuta bazarına təsir göstərməkdədir:
"Dov Jones indeksində 0,39, S&P indeksində 0,26 faiz eniş
qeydə alınsa da, Nasdaq mövqelərini qoruyub saxlaya bilib. Dünən
dollar avroya nisbətən yenidən dəyər itirib. Belə ki, bir gündə 1,2
faiz dəyər qazanan Avropa pulu almaq üçün indi 1,14 dollar ödəmək
lazım gəlir. Manat da FED-in qərarına reaksiya verib. Valyuta
bazarımızda dollar ucuzlaşıb. Manatın dollara nisbətən məzənnəsi bu
gün 1,0477-dən 1,0473-dək möhkəmlənib. Bununla yanaşı, rəsmi
məzənnədə dünən 1 avro almaq üçün 1,1838 manat ödəmək lazım
gəlirdisə, bu gün 1,1935 manatdan keçmək lazımdır".
Vüqar Bayramov hesab edir ki, FED-in uçot dərəcəsini artırmaması
heç də dolların yaxın zamanlarda kəskin ucuzlaşması anlamına
gəlməməlidir:
"Əslində, ABŞ son qərarı ilə dolların dünya bazarına
mövqelərinin kəskin möhkəmlənməməsi siyasətini dəstəklədi. Aydındır
ki, dolların məzənnəsinin kəskin möhkəmlənməsi iqtisadi baxımdan
Amerikanın maraqlarına uyğun deyil. Baxmayaraq, ABŞ-da işsizlik
aşağı rəqəmlə ifadə edilir, iqtisadi artım tempini qoruyub
saxlayıb. Dolların kəskin möhkəmlənməsi Amerikanın ixracatına mənfi
təsir göstərir. Xüsusilə, əsas rəqibi olan Çin yuanını ucuzlaşdırıb
və ixrac imkanlarını genişləndirib. O baxımdan FED sıfra yaxın faiz
dərəcəsini qoruyub saxladı. Bununla yanaşı, ABŞ pulunun dünya
bazarına mövqelərinə təsir göstərən bu qərar təbii ki, heç də
dolların yaxın zamanlarda kəskin ucuzlaşması anlamına
gəlməməlidir".
İqtisadçı alim milli valyutamızın məzənnəsi üçün FED-in bu
qərarını məqbul hesab etdiyini bildirib:
"Belə ki, bu addım qlobal valyuta bazarındakı dəyişikliklərin
manata təzyiqini azaldacaq. Qeyd edək ki, manatın cari məzənnəsi
müəyyənləşdirilən zaman neftin dünya bazar qiyməti deyil, məhz
dollar-avro münasibəti nəzərə alınır. Bu ilin fevral ayından
Mərkəzi Bank iki valyutalı səbətdən istifadə edir və artıq avro
dollar ilə yanaşı dayanır. Yəni, dünya valyuta bazarında məzənnə
dəyişikliyi baş verirsə, artıq manatın dollar kursu sabit qalmır, o
da dəyişir. MB-nin valyuta səbətində dolların payı yenə də çoxdur.
Bu isə o deməkdir ki, dollar avroya məzənnə dəyişən zaman ABŞ pulu
avropalıların puluna nisbətən buna daha az reaksiya verir. Buna
görə də, FED-in son qərarı dolların manata təzyiqini azaltmaqla
yanaşı gələcəkdə dünya bazarında avronun möhkəmlənəcəyi halda
manatın da dollara nisbətən güclənməsinə gətirib çıxaracaq.
Beləliklə, ABŞ "möhkəm dollar" mərhələsinə qədəm qoymadı. Qlobal
valyuta bazarının dərhal reaksiya verdiyi bu qərara manat da yerli
bazarda dolları "cüzi sıxışdırmaqla" münasibət göstərdi".
Qeyd edək ki, ABŞ Mərkəzi Bankı FES-in Federal Açıq Bazar
Komitəsinin (FOMC) 2 gün davam edən kritik sentyabr iclası baş
çatıb. Komitə yaydığı bəyanatda uçot dərəcəsini artırmadığını
açıqlayıb, faiz dərəcələri 0-0,25 faiz arasında saxlanılıb.