Bir sıra banklarda əmanətlərin taleyi ilə bağlı
qeyri-müəyyənlik əhalinin yığımla bağlı qərarlarına ciddi təsir
göstərməkdədir.
Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov
açıqlama verib.
Ekspert bildirib ki, lisenziyası hələ də ləğv edilməyən 2 bankda
əmanətçilərin öz pullarını geri almaqda çətinliklərlə üzləşməsi
problemi daha da aktuallaşdırıb:
"Bir sıra bankların öhədliklərini yerinə yetirə bilməməsi bəzi
vətəndaşlarımızda pullarını əmanət formasında saxlanılması ilə
bağlı müəyyən tərəddüdlər yaradıb. Nəticədə, Mərkəzi Bankın rəsmi
məlumatına əsasən, banklarda əgər bu il iyulun 1-ə 7 milyard 653
milyon manatlıq əmanət var idisə, bu göstərici avqustda 7 milyard
605 milyon manata, sentyabrın əvvəlində isə 7 milyard 320 milyon
manatadək azalıb. Hesabat dövrü üzrə son 2 ayda əmanətlərin həcmi
333 milyon manat aşağı düşüb. Göründüyü kimi, bir sıra banklarda
əmanətlərin taleyi ilə bağlı qeyri-müəyyənlik əhalinin yığımla
bağlı qərarlarına ciddi təsir göstərməkdədir. Bütün bunlarla
yanaşı, hətta sadəcə təhlükəsizlik baxımından vətəndaşların öz
pullarını evlərində deyil, banklarda saxlaması daha
məqsədəuyğundur".
İqtisadçı əmanətlərin yerləşdirilməsi zamanı diqqət yetirməli
vacib qaydaları qeyd edib:
1. Pulunuzu əmanət kimi banka yerləşdirməmişdən öncə bankların
internet səhifəsinə daxil olub onun illik və rüblük hesabatlarına
baxmaq vacibdir. Bu hesabatlar bankın fəaliyyəti barədə potensial
əmanətçidə fikir formalaşdıra bilər. Əgər mənfəət və zərərlər
bölməsində pozitiv dinamika müşahidə edilirsə, o zaman həmin bankla
əməkdaşlıq haqda düşünmək olar.
2. Bankın internet səhifəsində maliyyə hesabatların mütəmadi
yerləşdirilməsinə diqqət yetirmək lazımdır. Öz maliyyə
hesabatlarını internet səhifələrində mütəmadi yerləşdirməyən
banklarda əmanətlərin yerləşdirilməsi heç bir halda tövsiyə
edilmir.
3. Bankın Əmanətlərin Sığortalanması Fonduna üzvlüyünün bir daha
yoxlanılması vacibdir. Doğrudur, fondun məlumatına görə, 45 bank
sözügedən qurumun üzvüdür. Bununla belə, bu istiqamətdə hər hansı
dəyişikliklərin baş vermədiyinə əmin olmaq üçün üzvlük statusuna
baxılması vacibdir.
4. Bankda əmanət yerləşdirməmişdən öncə həmin bankla əməkdaşlıq
etmiş yaxınlarınız və qohumlarınız arasında bir sorğunun
keçirilməsinə ehtiyac var. Bununla da əməkdaşlıq etməyi
düşündüyünüz bankda problemlərin olub-olmadığını empirik olaraq
müəyyənləşdirə bilərsiniz. Çünki tanışlarınızın üzləşdiyi
problemlər qərarlarınıza birbaşa təsir göstərəcək, çünki onların
fikrirləri real vəziyyəti əks etdirir.
5. Bankda əmanət yerləşdirmək üçün əvvəlki 4 şərtin hər hansı
birinin deyil, hamısının təmin olunması vacibdir. Əgər bu
şərtlərdən hər hansı biri yoxdursa, o zaman bir daha düşünməyiniz
lazımdır.
6. Bankda əmanət yerləşdirən zaman bir bankda pulunuzun 30 min
manatı (və ya dollar) ötməməsi və illik depozit faizinin 12-dən çox
olmamasına diqqət yetirin. Nəzərə almaq lazımdır ki, sığorta
əmanətlərə deyil, əmanətçiyə görə aparılır. Nəhayət, yüksəK faiz
təklif edən deyil, etibarlı bankda öz pullarınızı saxlayın".