Nazirlər Kabineti 2015-ci il dövlət büdcəsi layihəsinin,
habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və
proqnoz göstəricilərinin hazırlanması və Prezidentə təqdim olunması
məqsədi ilə sərəncam qəbul edib.
Sərəncamda deyilir ki, Maliyyə Nazirliyi növbəti büdcə ili üzrə
dövlət büdcəsinin və icmal büdcəsinin layihəsini və sonrakı üç il
üçün icmal büdcənin göstəricilərini 2014-cü il sentyabrın 15-dək,
İqtisadiyyat və Sənaye Nazirliyi növbəti büdcə ili və sonrakı üç il
üzrə iqtisadi və sosial inkişaf konsepsiyasını və proqnoz
göstəricilərini, toplu maliyyə balansını və digər sənədləri
hazırlayıb Prezidentə təqdim olunması üçün Nazirlər Kabinetinə
təqdim etməlidirlər.
Dövlət Statistika Komitəsinə cari il üçün ölkənin ortamüddətli
iqtisadi və sosial inkişaf proqramını dəqiqləşdirmək üçün 2013-cü
ilin ilkin statistik məlumatlarını 2014-cü il fevralın 5-dək
İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə təqdim
etmək, həmçinin növbəti büdcə ili və sonrakı üç il üçün ölkənin
iqtisadi və sosial inkişaf konsepsiyasının, dövlət büdcəsi
layihəsinin və toplu maliyyə balansının hazırlanması üçün zəruri
statistik məlumatların mütəmadi olaraq əlaqədar nazirliklərə və
təşkilatlara çatdırılmasını təmin etmək tapşırılıb.
Bundan başqa, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və
dövlət büdcəsinin gəlirlərini təmin edən digər orqanlar dövlət
büdcəsinin tərtibi və icrası prosesi üçün gəlirlərlə bağlı zəruri
olan qanunvericilik aktlarında müvafiq dəyişikliklər edilməsi
məqsədi ilə təkliflərini 2014-cü il martın 1-dək Nazirlər
Kabinetinə, növbəti büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsi
gəlirlərinin layihəsini hazırlamaq məqsədi ilə müvafiq məlumatları
isə iyulun 1-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Sərəncama əsasən, Maliyyə Nazirliyinə 2015-ci il və sonrakı üç
il üçün dövlət və icmal büdcələrinin proqnozunun (gəlir, xərc və
kəsir) ilkin ortamüddətli göstəricilərini 2014-cü il aprelin
10-dək, dəqiqləşdirilmiş variantını 2014-cü il sentyabrın 5-dək,
dövlət büdcəsində dövlət investisiya xərclərinin ilkin həcmini
2014-cü il martın 31-dək, dəqiqləşdirilmiş məbləğini isə 2014-cü il
iyulun 20-dək İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etmək
tapşırılıb.
İqtisadiyyat və Sənaye Nazirliyi 2014-cü il üçün
dəqiqləşdirilmiş, 2015-ci il və sonrakı üç il üçün ölkənin iqtisadi
və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin,
ümumi və əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış
minimumunun 2015-ci il üçün ilkin proqnozlarını 2014-cü il martın
1-dək, dəqiqləşdirilmiş variantını və növbəti il üçün dövlət
büdcəsinin layihəsi ilə uyğunlaşdırmaq məqsədi ilə dövlət
investisiya proqramının layihəsini 2014-cü il avqustun 1-dək
Maliyyə Nazirliyinə təqdim etməlidir.
Həmçinin 2015-ci il və sonrakı üç il üçün Ümumi Daxili Məhsulun
həcminin, istehlak qiymətlərinin orta illik indeksinin, orta aylıq
əməkhaqqının, əhalinin gəlir və xərclərinin, məşğulluğunun və
demoqrafik göstəricilərinin ilkin variantı 2014-cü il martın 1-dək,
dəqiqləşdirilmiş variantı isə avqustun 1-dək Dövlət Sosial Müdafiə
Fonduna təqdim olunmalıdır.
Vergilər Nazirliyinin regional və yerli bölmələrinə növbəti
büdcə ili və sonrakı üç il üçün dövlət büdcəsinin gəlirləri üzrə
proqnoz layihələrini 2014-cü il iyunun 1-dək Maliyyə Nazirliyinin
aidiyyəti yerli bölmələrinə təqdim etmək tapşırılıb.
Sərəncamda daha sonra Naxçıvan Muxtar Respublikasının Nazirlər
Kabinetinə, nazirliklərin, komitələrin, idarə və təşkilatların
rəhbərlərinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına
tapşırılır və bələdiyyələrə tövsiyə edilir ki, lazım olan
materialları iqtisadiyyatın müvafiq sahələrinin inkişafının təhlili
əsasında növbəti büdcə ili və gələn üç il üçün ölkənin iqtisadi və
sosial inkişaf konsepsiyasını, proqnoz göstəricilərini və toplu
maliyyə balansını hazırlamaq üçün 2014-cü il iyulun 15-dək
İqtisadiyyat və Sənaye Nazirliyinə təqdim etsinlər.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, dövlət
büdcəsindən müvafiq maliyyə yardımları alan idarə və təşkilatlar,
həmçinin yerli icra hakimiyyətləri Maliyyə Nazirliyinin rayon
(şəhər) üzrə maliyyə idarələri (şöbələri) ilə birlikdə növbəti
büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini (hər bir Dövlət
Proqramı üzrə xərclər ayrıca göstərilməklə) 2014-cü il iyulun 1-dək
Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Nazirliklərə, komitələrə və dövlət büdcəsindən maliyyələşən
digər təşkilatlara tapşırılıb ki, növbəti büdcə ili və sonrakı üç
il üçün büdcə layihələrini və büdcə prosesinin təkmilləşdirilməsinə
dair təkliflərini 2014-cü il iyulun 1-dək Maliyyə Nazirliyinə
təqdim etsinlər. Habelə dövlət büdcəsi vəsaitinin səmərəli
istifadəsini təmin etmək məqsədi ilə funksional təsnifatın müvafiq
bölmələri çərçivəsində inzibati təsnifata uyğun olaraq, boş
(vakant) ştatlar (vakant ştatların vəzifə adı, sayı və vəzifə maaşı
göstərilməklə) barədə məlumatlar hər rübdən sonrakı ayın 15-dək
Maliyyə Nazirliyinə təqdim olunmalıdır.
Dövlət Sosial Müdafiə Fondu və Dövlət Neft Fondu növbəti büdcə
ili və növbəti üç il üçün öz büdcə layihələrinin ilkin variantını
2014-cü il martın 15-dək, dəqiqləşdirilmiş variantını isə iyulun
1-dək İqtisadiyyat və Sənaye Nazirliyinə və Maliyyə Nazirliyinə
təqdim etməlidir.
Sərəncama əsasən, Nəqliyyat Nazirliyinə "Avtomobil Yolları"
Məqsədli Büdcə Fondunun, Maliyyə Nazirliyinə isə "Dövlət zəmanəti
ilə alınan borcların Təminat Fondu"nun növbəti büdcə ili və gələn
üç il üçün büdcə layihələrinin ilkin variantını 2014-cü il martın
15-dək, dəqiqləşdirilmiş variantını il iyulun 1-dək İqtisadiyyat və
Sənaye Nazirliyinə təqdim etmək tapşırılıb.
Dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almaq istəyən
bələdiyyələrə tövsiyə edilib ki, "Büdcə sistemi haqqında" qanununun
11.14-cü maddəsində göstərilən sənədləri və məlumatları 2014-cü il
mayın 1-dək Maliyyə Nazirliyinə təqdim etsinlər.
Nazirliklər, komitələr və dövlət büdcəsindən maliyyələşən digər
təşkilatlar, dövlət büdcəsindən müvafiq maliyyə yardımı (dotasiya,
subvensiya və subsidiya) alan idarə və təşkilatlar 2014-cü il
iyulun 1-dək aidiyyəti dövlət proqramlarının, tədbirlər planlarının
icra vəziyyəti və əldə olunmuş nəticələr barədə məlumatları
hazırlayıb Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye
Nazirliyinə təqdim etməlidirlər. Dövlət büdcəsinin vəsaiti hesabına
maliyyələşdirilən tədbirlərin dövlət sifarişinə aid olanları barədə
təkliflər isə Maliyyə Nazirliyinə təqdim olunmalıdır.
Sərəncamda Maliyyə Nazirliyinə və İqtisadiyyat və Sənaye
Nazirliyinə lazım olduqda, ölkənin növbəti büdcə ili və sonrakı üç
il üçün dövlət büdcəsi layihəsinin, iqtisadi və sosial inkişaf
konsepsiyasının və toplu maliyyə balansının tərtibi üçün əlavə
əsaslandırıcı materialları və hesablamaları mərkəzi və yerli icra
hakimiyyəti orqanlarından, habelə onların struktur bölmələrindən,
mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, digər
hüquqi şəxslərdən, bələdiyyələrdən, büdcə və büdcədənkənar dövlət
fondlarından tələb etmək tapşırılıb.
Dövlət büdcəsi gəlirlərinin icrasını təmin edən orqanlar və
büdcədən maliyyələşən nazirliklər, komitələr və digər təşkilatlar,
müvafiq dövlət fondları, dövlət büdcəsindən müvafiq maliyyə yardımı
(dotasiya, subvensiya və subsidiya) alan idarə və təşkilatlar,
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Azərbaycanın
Maliyyə Nazirliyinin rayon (şəhər) üzrə maliyyə idarə və şöbələri
növbəti büdcə ili və sonrakı üç il üçün büdcə layihələrini tərtib
edərkən, Azərbaycan Nazirlər Kabinetinin "Dövlət büdcəsinin tərtibi
və icrası Qaydaları"ndan irəli gələn vəzifələrin yerinə
yetirilməsini təmin etməlidirlər. (Trend)