"Baltika-Bakı" şirkəti
avqustun 15-dən istehsalatı müvəqqəti dayandıracaq.
Şirkətdən APA-ya
verilən xəbərə görə, Azərbaycanda pivə bazarında ağır vəziyyətin
yaranması nəticəsində 2015-ci il ərzində bazarın həcmi ötən ilin
analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə
daha 35% azalıb və bu tendensiya davam etməkdədir.
Bildirilir ki, bu ilk növbədə ölkədə yaranmış makro-iqtisadi
vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə
bağlıdır, hansı ki əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə
təsir göstərib.
"Bütün bunların fonunda şirkətin biznesinə eyni zamanda
qanunvericiliyin nizamlaması da təsir göstərir: cari ilin ikinci
rübündə suyun tarifikasiya sistemi dəyişilib, bu isə yalnız 2016-cı
il ərzində istehsalat xərclərinin 500 min manat artmasına gətirib
çıxaracaq. Eyni zamanda, sentyabrın 1-dən aksiz markası ilə
markalanmalı olan malların nağd vəsait ilə dövriyyəsini qadağan
edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə
minir, bu isə şirkət üçün öz məhsulunun realizasiyasını olduqca
çətinləşdirir. Qanuna tabe olan və Dövlətin "vergi partnyoru"
statusuna malik olan "Baltika-Bakı" dövlətin hesablaşmalar və
məhsul dövriyyəsinin şəffaflığını artırmaq üzrə səyini dəstəkləyir.
Lakin hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin
iqtisadi azadlığını məhdudlaşdırma ölkədə biznesin inkişafına
olduqca neqativ təsir göstərəcək, və xüsusilə də, pivə dövriyyəsi
sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq", - şirkətdən
bildirilir.
Bununla bağlı olaraq, şirkət tərəfdən 15 avqust 2016-cı ildən
"Baltika-Bakı" zavodunda anbardan yük boşalmalarının davam edilməsi
ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə
dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi
haqqında qərar qəbul edilib. Bu addım şirkətin istehsalat
xərclərini azaltmağa və 2016-cı ilin nəticələrinə əsasən şirkətin
Azərbaycanda biznesinin rentabelliyini saxlamağa imkan verəcək, o
cümlədən də kütləvi ixtisarların qarşısını almağa və maksimal
dərəcədə iş yerlərinin qorunub saxlanmasını mümkün edəcək.
Qeyd edək ki, dünyada ən iri pivə istehsalçılarından olan
"Carlsberg Group"un bir hissəsi və Azərbaycanda pivə bazarının
75%-dən çox hissəsinə malik olaraq pivə istehsalı sənayesinin
lideri olan "Baltika-Bakı" Azərbaycanın qeyri-xammal sektorunun ən
iri müəssisələrindən biri və yüzlərlə Azərbaycan vətəndaşının iş
yeridir. "Baltika-Baku" pivə zavodu Xırdalan şəhərində Azərbaycanın
paytaxtından 10 km məsafədə yerləşir. Zavodun istehsal gücü ildə 10
milyon dekalitr təşkil edir. Şirkətdə 250 işçi və 400 vasitəçi
(distributor, agentlik, icraçı) çalışır. "Baltika-Bakı" şirkətinin
dövlət büdcəsinə illik ödəmələri 20 mln. manat, zavodun inkişafına
ayırdığı ümumi investisiya isə 47 mln. manat təşkil edir.