Əməkdar artist Aygün Bəylərin adı 2013-cü ildən itkin
düşmüş hesab edilən əmisi nəvəsi Elnur Hümbətovun qətlində
hallanır. Belə ki, əməkdar artistin qardaşı Abbas Hümmətov
E.Hümbətovun ölümündə şübhəli bilinərək saxlanılıb. Mərhumun anası
Səadət Hümmətova isə mətbuata açıqlamasında bildirib ki, Aygün
Bəylər Elnur Hümmətovun qardaşı tərəfindən öldürüldüyünü bilib,
ancaq gizlədib.
Səsləndirilən ittihamlar qarşısında əməkdar artistin səssiz
qalması onun barəsində yeni iddiaların yayılmasına səbəb olub.
A.Bəylərin ölkədən qaçdığı, hətta mühacirətə getdiyi iddia
olunur.
Bəs, ittihamlar qarşısında Aygün Bəylər niyə susur?
Səsləndirilən iddialar nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı Musavat.com-un suallarını müğənni xanımın prodüseri və
dostu Sultan Mustafayev cavablandırıb:
- Aygün Bəylərin ölkədən qaçması barədə xəbərlər
yayaılıb. Aygün xanım hazırda haradadır?
- Aygün Bəylər iki həftə öncə xarici ölkələrin birinə istirahətə
gedib. Hazırda dincəlir. Tezliklə qayıdacaq. Ölkədən də qaçmayıb.
Vətənini sevən insandır, uzun müddət buradan uzaq qala bilməz. 1
həftəyə geri dönəcək.
- Ölüm hadisəsini gizlətməkdə ittiham olunan əməkdar
artist niyə susur?
- Aygün xanım sənətkardır. O, ucuz şoulara fikir bildirmir. O,
deyir ki, böyük sənəti var, insanlar sənətindən danışsınlar. Hər
kəsin qohumu cinayət törədə bilər. Kimsə bundan sığortalanmayıb.
Sözügedən cinayətdə Aygün xanımın adının hallanması, sənətinə kölgə
salmaq cəhdi ədalətsizlikdir. Jurnalistlərdən obyektiv olmağı
istəyirik. Azərbaycanla yanaşı, dünyada da Aygün Bəylərin sənətini
bəyənirlər. Onun qardaşı səhv edib, hüquq-mühafizə orqanları da
lazımi cəzasını verib. Sənətdə bir neçə sənətkar qalıb. Onlardan
biri də Aygün xanımdır. Sənətkarı sənətindən bezdirmək,
uzaqlaşdırmaq lazım deyil.
- Aygün xanımın mühacirətə getdiyi deyilir. Bu
məlumatlar nə dərəcədə doğrudur?
- Aygün xanım vətənpərvərdir, ölkəsini, prezidentini sevir,
Azərbaycanın əməkdar artistidir. O, ölkəsini heç bir ölkəyə, şəhərə
dəyişməz. O, mühacirət edə bilməz. Burada onu milyonlarla insan
sevir. Azadlıq, sülh içərisində yaşayır. Niyə mühacirətə
getməlidir? Bu iddialar absurddur.
- Aygün xanım bəzi qohumlarının onun haqqında
səsləndirdiyi ittihamlara görə hüquq-mühafizə orqanlarına müraciət
edəcəkmi?
- Hüququ-mühafizə orqanlarına müraciət edib-etməyəcəyini
bilmirəm. Məncə, etməyəcək. Çünki onun haqqında o xanım artıq-əskik
danışıb. Amma hər şeyi zaman göstərəcək. Aygün xanım hələlik
susmağı seçir. Zamanı gələndə hər şeyi mətbuata açıqlayacağıq.
- Qohumlarının ittihamları ilə bağlı hüquq-mühafizə
orqanları Aygün xanımla əlaqə saxlayıbmı?
- Bu cinayətlə bağlı nə Aygün xanıma zəng edilib, nə də o,
hüquq-mühafizə orqanlarına dəvət edilib. Qanuni dövlətdə yaşayırıq.
İfadə almaq üçün polisə dəvət edilsə, gedəcək. Aygün xanım qanundan
qaçan insan deyil.