"Ədəbiyyat qəzeti" və "Ulduz" jurnalının baş
redaktorları dəyişdi. Şair Qulu Ağsəs "Ulduz" jurnalına, Elçin
Hüseynbəyli isə "Ədəbiyyat qəzeti"nə baş redaktor təyin
olundu.
Maraqlıdır, yazarlar və tənqidçilərin bu kadr dəyişikliyindən
gözləntiləri nədir?
"Axar.az" bir necə yazar və tənqidçiyə bu
sualla müraciət etdi.
Ayaz
Vəfalının getməsi məsləhət idi
"Ədəbiyyat qəzeti"nin katibi Atababa İsmayıloğlu uzun illər bu
qəzetə rəhbərlik etmiş Ayaz Vəfalının baş redaktor vəzifəsindən
getməsinin məsləhət olduğunu bildirdi. "Elçin Hüseynbəyli "Ulduz"
jurnalında təcrübə toplayıb və operativ biridir. İnanıram ki,
"Ədəbiyyat qəzeti"nin keyfiyyətini dəyişəcək. Operativ xəbərlər
gözləyirik. Mən ümid edirəm o, çox dəyişiklik edəcək. Ayaz
Vəfalının getməsi məsləhət idi. Çünki qəzetdə yazılar kiçik ölçüdə
verilməlidir, ancaq Ayaz bəy yazıları ədəbi əsərlərə oxşadıb çapa
verirdi".
Mən
heç bir dəyişiklik gözləmirəm
Şair Musa Yaqub bu dəyişiklikdən heç nə gözləmir: "Kadr
dəyişikliyindən ədəbiyyata heç nə olmaz. Əgər belə məsləhətdirsə,
olsun. Amma mən heç bir dəyişiklik gözləmirəm. Özlərinin müəyyən
ideyaları varsa, onları yerinə yetirmək dəyişiklik etmək deyil,
onlar bir vasitədir. O qədər kadr dəyişiklikləri olub ki... Hansı
nə edib?"
"Ədəbiyyat
qəzeti" 15 ildir ki...
Tənqidçi Əsəd Cahangir "Ədəbiyyat qəzeti"nin on beş ildir ki,
kənarda qaldığını dedi: "İnanıram ki, Elçin Hüseynbəyli gəlişi ilə
"Ədəbiyyat qəzeti"nin formatından tutmuş məzmun dəyişikliyinə qədər
islahatlar edəcək. Təxminən on beş ilə yaxın o qəzet kənarda qalıb.
Ayaz Vəfalı on səkkiz il "Ədəbiyyat qəzeti"ndə baş redaktor işlədi.
Ədəbi proseslərə müdaxiləsi çox zəifləmişdi, heç bir dəyişiklik
etmirdi. Yəqin ki, Elçin Hüseynbəyli də bunlardan nəticə çıxaracaq,
öz potensialını əsirgəməyəcək. Ümid edirəm ki, bundan sonra o, daha
fəal müdaxilə edəcək. O ki qaldı Qulu Ağsəsə, o da fəal işləyəcək,
həm də təcrübəsi var. Həmçinin "Ulduz" jurnalında dəyişikliklər baş
verəcək. Ümumiyyətlə, gənclərin rəhbər işlərə təyin olunmasını
müsbət hal kimi qiymətləndirirəm".
Onlar
vəzifələrini layiqincə yerinə yetirəcək
"Ulduz" jurnalının poeziya şöbəsinin müdiri Fərqanə Mehdiyevanın
sözlərinə görə, onların ikisi də vəzifələrini layiqli şəkildə
yerinə yetirəcək:
"Mən illərdir Elçin Hüseynbəyli və Qulu Ağsəslə işləyirəm. Mənə
elə gəlir ki, onlar ikisi də öz vəzifələrini layiqli şəkildə yerinə
yetirəcək. İkisi də çox istedadlı insandır, həm yazar, həm də insan
kimi... İnanıram ki, "Ədəbiyyat qəzeti" çox rəngarəng, gözəl və
maraqlı çap olunacaq. Biz onu çox səbirsizliklə gözləyirik. Elçin
müəllim qəzeti özünəməxsus şəkildə oxucuların ixtiyarına verəcək.
Qulu Ağsəs də həmçinin gənclərlə bağlı çox maraqlı işlər
görəcək".
"Ədəbiyyat
qəzeti" ədəbiyyat qəzeti deyildi
Şair Qəşəm Nəcəfzadə də bildirdi ki, "Ədəbiyyat qəzeti" demək
olar ki, ədəbiyyat qəzeti deyildi: "Əgər Anar müəllim məsləhət
bilibsə, çox düzgün seçim edib, mən də çox razıyam. Elçin bizim
istedadlı və tanınmış yazarımızdır. "Ədəbiyyat qəzeti" demək olar
ki, ədəbiyyat qəzeti deyildi. Ayaz Vəfalıdan narazı deyiləm, amma
onun çap etdiyi qəzetdən çox narazı idim. Həqiqi ədəbiyyat çap
etmirdi. Mən inanıram ki, Elçin Hüseynbəyli qəzetin həm formasını,
həm də məzmununu tamamilə yeniləyəcək. Gənclərə xüsusilə yer
ayıracaq. Elə Qulu Ağsəs də cavan və istedadlı şairdir. Həmçinin də
ondan dəyişiklik gözləyirəm".
Ayaz
Vəfalının dövrü
Azər Turanın fikrincə də "Ədəbiyyat qəzeti"ndə ədəbiyyat dövri
deyildi:
"Hər redaktorun öz zövqü olur. İkisi də istedadlı insanlardır.
Hələ indidən heç nə deyə bilmərəm. Çünki gördükləri iş və
dəyişiklikləri görmək lazımdır. Hər redaktor öz dövrü ilə yadda
qalan olur. Bu dövr də Ayaz Vəfalının dövrü kimi yadda qaldı.
Düzünü desəm, mən şəxsən Ayaz bəyin dövrünü qəbul edə bilmirdim,
çünki "Ədəbiyyat qəzeti"ndə ədəbiyyat dövrü deyildi. Ayaz bəyin
etmədiklərini Elçin bəyin etməsini gözləyirəm. Çünki o, yetərincə
ədəbiyyatda öz dəsti-xətti və potensialı olan bir yazıçıdır".