Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov bu gün
APA-ya müsahibə verib. Müsahibəsində tamaşa qoymaq üçün pyes
qıtlığından söhbət açan İsrafil bəy hazırda yazılan pyeslərin çox
zəif olduğunu vurğulayıb. Elçin Hüseynbəylini zəif dramaturq kimi
qiymətləndirən direktor onunla aralarında olan söhbəti də dilə
gətirib. E.Hüseynbəylinin "zəifik, yetişdirin" sözünü xatırladaraq,
"Bura şitillik deyil, səni yetişdirək. Mənə mükəmməl pyes lazımdır.
Əlli yaşlı adamdan dramaturq düzəldə bilmərəm", - dediyini
bildirib.
Daha sonra Firuz Mustafa haqqında bu sözləri deyib: "İnanın, mən
Firuz Mustafanın pyesini tamaşaya qoymaq istəyirdim. 12 pyesini
oxudum və gördüm, yox, bu pyeslərdən birini də tamaşa qoya
bilmərik".
"Axar.az" adı çəkilən müəlliflərin münasibətini öyrənib.
İsrafil özü yetişməlidir
Elçin Hüseynbəyli:
- İsrafil bəy mənim sözlərimi yanlış anlayıb, mən ona ərklə
demişdim bunu. Demişdim ki, pis yazırıqsa, bizi yetişdirsinlər. Bu
hadisə azı iki il bundan əvvəl olub, köhnə palan içi tökmək lazım
deyil. İsrafil bəy, "Bizlə düz başlamadı", - deyib, amma əslində,
mənimlə düz başlamayan o özüdür. Təmirdən sonra Mədəniyyət
Nazirliyi özü məndən yeni pyeslər istəmişdi. Sonra qəbul
etmədilər.
İndiyə qədər 10 əsərim tamaşaya qoyulub. Altı pyesimi Hüseynbala
Atakişiyev səhnələşdirib. Mən özümü kifayət qədər yetişmiş
dramaturq hesab edirəm. İsrafil özü direktor kimi yetişməlidir.
Nazirliyə dəfələrlə şifahi, yazılı müraciət etmişəm, cavab
verilməyib. Nə vaxt gedirəm, İsrafil müəllimin katibəsi deyir ki,
qonağı var. Qonaqları evdə qəbul edərlər, işdə yox.
Sabah onlar vəzifədən getsələr, İsrafil başqa maska
taxacaq
Firuz Mustafa:
- İsrafil İsrafilov deyir ki, Firuz Mustafanın on iki pyesini
oxudum, o əsərləri tamaşaya qoymaq olmaz. Mən həm də məntiq
mütəxəssisiyəm, filosofam. Məntiqi sual çıxır: tamaşaya qoyulması
mümkün olmayan on iki əsəri birnəfəsə oxumaq olarmı və ya buna
ehtiyac duyularmı? Ötən il mənim 33-cü pyesim tamaşaya qoyuldu. İlk
pyeslərimi mərhum Hüseynağa Atakişiyev tamaşaya qoyub. Sizcə,
Hüseynağa güclü, ağıllı rejissor olar, ya İsrafil? İsrafilov yoldaş
vəzifəli adamların yanında bulunmağı xoşlayan siyasi
konyukturşikdir. Baxın görün, o kimin əsərlərini tamaşaya qoyur?
Vəzifəli adamların. Elçin Əfəndiyev, Kamal Abdulla çox istedadlı
dramaturqlardır. Mən hər ikisi haqda yazmışam. Amma yoldaş
İsrafilov onların əsərlərini istedad amilinə görə deyil, tutduqları
vəzifəyə görə hazırlamağa məhkumdur. İnandırım sizi, sabah onlar
vəzifədən getsələr, İsrafil başqa maska taxacaq. Yenə deyirəm,
adlarını çəkdiyim şəxslər dünya teatr arenasına çıxmağa
layiqdirlər. Mənim bu İsrafil deyilən adamla düz-əməlli tanışlığım
yoxdur. Ara-bir yazılarını və müsahibələrini oxumuşam. Deyilənə
görə, vaxtilə epizodik rollar oynayıb, rejissor assistenti olub,
dissertasiya müdafiə edib, Mərkəzi Komitədə, teatr muzeyində, icra
aparatında çalışıb. Çox maskalar taxıb. Teatrı nə kökə salıb,
yaradıcı heyətlə hansı münasibətdədir, bu da göz önündədir. Mənim
"Bəyaz kölgələr" əsərimi repertuardan çıxarıb. Pyesi Ağakişi
Kazımov hazırlayırdı. Əvvəlcə rejissorla mübahisələri düşdü, sonra
əsərə qulp qoymağa başladı. Dəfələrlə mən olan verilişlərə onu
debata çağırıblar, gəlməyib, aradan çıxıb. Yox, mən deyə bilmərəm
ki, bu, nə isə bir təmənna ilə bağlıdır. Qətiyyən, belə desəm,
yalan olar. Sadəcə olaraq, həyatda belə adamlar olur: karyerist,
təkəbbürlü, özünü hamıdan çoxbilmiş hesab edən, nihilist. Belə
adamların haqq yoluna gəlməsi, ədalət hissinə yiyələnməsi qaldı bir
də, o məlum-məşhur pritçada olduğu kimi, İsrafilin sur düdüyünü
çalacağı vaxtı gözləməyə.