01:47
Azərbaycan Muğannasını itirdi.
Azərbaycanın Xalq yazıçısı, qeyri-adi istedadı və ədəbi dili ilə
yeni ədəbi nəslin yetişməsində böyük rol oynayan və məşhur
"Altımışıncılar"ın özlərinə ustad saydıqları üzvü İsa Muğanna
(Hüseynov) bu gecə 86 yaşında dünyasını dəyişib.
Neçə illərdir ki, bir çox xəstəliklərdən əziyyət çəkən, ona
qarşı həmişə hücumda dayanan ölümün gözünə dik baxan, son nəfəsinə
qədər qələmini yerə qoymayan "İdeal" yazarımız Ağstafada orta
məktəbi bitirəndən sonra BDU-nun Filologiya fakültəsində oxumuş,
təhsilini Moskvadakı Qorki adına Ədəbiyyat İnstitutunda davam
etdirmişdi. "Azərnəşr"də Ədəbiyyat şöbəsinin redaktoru ,
"Literaturnıy Azerbaydjan" qəzetində nəsr şöbəsinin müdiri,
C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında baş redaktor,
redaktor, ssenari şurasının üzvü, Azərbaycan Kinematoqrafiya
Komitəsində baş redaktor vəzifələrində çalışmışdı.
İsa Muğannanın "Yanar ürək", "Məhşər", "İdeal" və s. romanları
Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindəndir. O,
ədəbiyyatımıza çox böyük bir irs qoyub getdi.
İsa Hüseynovun ssenariləri əsasında "Tütək səsi", "26 Bakı
Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" və s. filmlər çəkilib,
əsərləri xarici dillərə tərcümə olunub.
Xalq yazışısı, "İstiqlal" ordenli İsa Muğanna 2012-ci ildə
Yazıçılar Birliyinin təsis etdiyi "Nəsimi" mükafatına layiq
görülüb. Bu, onun son mükafatı idi. Ən böyük mükafatı isə
oxucuların və sözə dəyər verən insanların ona olan əbədi ehtiramı
və məhəbbətidir. Ömrünün 86-cı baharında bizi tərk edən korifey
yazıçı axıra qədər öz əqidəsinə, amalına sadiq qaldı.
İsa Muğanna şəxsiyyəti, zənginliyi, yaddaşı və xatirələri ilə
əvəzsiz bir xəzinə idi. O xəzinənin açarını özü ilə apardı.
2:35
İsa Muğannanın sevimli həyat yoldaşı Füruzə Hüseynova bu qəfil
itki ilə bağlı "Aktual.az"a danışıb. Firuzə xanım bildirib ki,
axşam saat 6 radələrində İsanın halı birdən-birə pisləşib:
"Ona qədər yaxşı idi. Çimmişdi. Çörək yemişdi. Mətbəx tərəfə
getmək üçün ayağa durdu. Kömək eləmək istədim. Gözü yaxşı görmürdü
... Qoymadı. Bir-iki addım atıb qayıtdı, divanda oturdu. Gördüm ki,
çətin nəfəs alır. Tez reanimasiyalı təcili tibbi yardım çağırdıq.
Həkimlərin köməyi ilə azca özünə gəldi. Nəsə dedi. Amma heç nə başa
düşə bilmədik. Mərkəzi klinikaya aparmaq istədilər, qoymadım.
Həkimi Əli müəllimə zəng etdim, o da evdəki həkimlərlə danışandan
sonra dedi ki, qərar Sizindir. Mən fikrimi dəyişmədim. Bilirəm axı,
bu vəziyyət nə deməkdir... Beləcə, İsa qəfildən, gözümüzün
qabağındaca keçindi. Heyif oldu İsa, o cür insan, o cür yazıçı, o
cür kişi..."
Allah rəhmət etsin!