"Planet Parni iz Baku" teatrının bədii rəhbəri Tahir
İmanovla Heydər Əliyev sarayında verəcəkləri konsert öncəsi
müsahibə götürmək üçün görüşmək istədik. Gərgin məşqlərin getdiyi
bir dönəmdə vaxtının az olmasını desə də, suallarımızı
cavablandırmaq üçün vaxt ayırdı. Məşqlərin getdiyi Filarmoniyada
görüşdük.
- Sizə necə müraciət etməyimizi istərdiniz - müəllim,
yoxsa bəy?
- Sadəcə, Tahir.
- Məşqlər üçün niyə məhz Filarmoniya?
- Yaxşı sualdır. Artıq neçə ildir ki, bizim məşq eləməyə yerimiz
yoxdur. Mən bu il bir neçə teatr rəhbərinə, bir neçə quruma
müraciət elədim ki, bizə məşq üçün yer versinlər, hamısından da
mənfi cavab aldım. Elə bil, biz həmin KVN uşaqları deyilik:
Respublikanı təmsil edirdik, ölkənin bayrağını qaldırırdıq. Ölkə
başçısı konsertlərimizə gəlmir deyə, bizə münasibət 180 dərəcə
dəyişib. Əlbəttə ki, adi tamaşaçılarımızın münasibəti 20 il bundan
öncəki kimidir. Yeganə bizə kömək edən qurum Müslüm Maqomayev adına
Dövlət Filarmoniyası və onun rəhbəri Murad Adığözəlzadədir. Mən
fürsətdən istifadə edib Murad qardaşıma öz və teatrımız adından
dərin təşəkürümü bildirirəm.
- Tamamilə başqa bir sahədə təhsil almısınız, necə oldu
ki, aktyor oldunuz?
- Bu haqda məni sevənlər bilirlər, amma qısaca deyə bilərəm ki,
1980-cı illərin sonunda Moskvada KVN oyunu bərpa olunandan sonra,
Azərbaycanda da bu hərəkat dəbə düşdü. Demək olar ki, hamı KVN
oynayırdı. Bizim məktəbdə də bir nömrəli oyun KVN idi, əvvəlcə
siniflərarası, sonra məktəblərarası. Mən 189 saylı orta məktəbin
KVN komandasının üzvü idim və o vaxt Bakı çempionatı keçirilirdi.
Münsiflər heyətinə Anar Məmmədxanov gəlmişdi. Həmin oyundan sonra
Anar mənə yaxınlaşdı və "Parni iz Baku" KVN komandasına dəvət etdi.
O gündən bu günə qədər həyatım bu üç hərfə bağlıdır. Düzdür, o
vaxtdan çox keçib, lakin mən bundan sonra da gələcəyimi məhz bu üç
hərifdə görürəm - KVN.
- Anar Məmmədxanovun itkisi həyatınızda nəyi
dəyişdi?
- Əlbəttə ki, dəyişdirdi. Yaxın insanı itirəndə, insan necə
olur? Depressiyaya düşürsən, fikirli olursan və dəyişilməz bir
faktdır ki, bu gün biz "Parni iz Baku" adını yaşadırıq, söhbət XX
əsrin çempionlarından gedir, yəni mən, Cabir, Bəhram, Emil, Azər və
sair. Biz bu hərəkatı yaşadırıq və qoymurıq ki, sönsün.
- Tez-tez məmurları parodiya edirsiniz, inciyənlər
olurmu?
- Bəli, olub.
- Məsələn?
- Ad çəksəm, bizə çox böyük problemlər yarada bilərlər.
- Ona görə ad çəkmək istəmirsiniz?
- Tez-tez zəng edib təzyiq edirlər, nə bilim, bu səhnəciyi
çıxar, bu səhnəcik efirə getməsin. Amma biz bu təzyiqlərə qarşı
mübarizə aparırıq və Allahdan da başqa heç kəsdən qorxmuruq.
Bilirsiniz, ölkə başçısının dəstəyi olmasaydı, bizə çətin olardı və
həmin təzyiq göstərən məmurlar bizi sözün əsil mənasında
tapdalayardılar. İndi bəlli oldu ki, onların içində yumor hissi
yoxdur. Baxmayaraq ki, 1990-cı illərdə ümummilli liderimiz Heydər
Əliyev bizim bütün konsertlərə gələndə, onlar da gəlirdilər. Biz də
elə bilirdik ki, onlar gülmək üçün gəlirlər, sən demə, adi bir
"protokol" imiş bu. Cənab Prezidentimiz gəlirdi deyə, onlar da
məcburən gəlirdilər. Prezidentimizin çox böyük yumor hissi vardı və
o bizim konsertlərin bir nömrəli tamaşaçısı idi. Heydər Əliyev
sözün əsl mənasında bizim konsertdə istirahət edirdi, o məmurlar
isə "protokola" görə gəlirdilər. Çünki ölkə başçısı dünyasını
dəyişəndən sonra konsertlərimizdən məmurların da ayağı bir yolluq
kəsildi. Demirəm ki, bu, hamısına aiddir. Elələri var ki, gəlib
kənardan öz parodiyalarına baxır. Misal üçün, Xarici İşlər naziri
Elmar Məmmədyarov, "Azərbaycan Hava Yolları"nın baş direktoru
Cahangir Əsgərov o məmurlardandır ki, yumor hissi var. Amma
təəssüflər olsun ki, bəziləri bizə təzyiq göstərir.
- Təzyiq edib nə deyirlər?
- Keçən dəfə mən sizin sayta müsahibəmdə demişdim ki, bizim
bannerləri asmağa Bakı şəhər İcra Hakimiyyətinin reklam
departamenti icazə vermir. Bu da o deməkdir ki, onlar bizə təzyiqi
bu cür göstərirlər, qoymurlar bizim bannerlər onlara həvalə olunan
yerlərdə asılsın.
– Qoymayıb nə deyirlər?
- Müxtəlif bəhanələr gətirirlər. Bir dəfə "Yumor kuboku"
başlayanda orada "İrəli" ictimai birliyinin loqotipi var idi, çünki
bizə təşkilati dəstəyi onlar verirdi. Bizə dedilər ki, olmaz siyasi
reklam. Bu bir az gülməlidir, çünki "İrəli" siyasi qurum deyil,
ictimai birlikdir. Biz yenə də mübarizə aparırıq, ən əsası, ölkə
başçısının dəstəyini hiss edirik. Onun dəstəyi olmasaydı, yenə
deyirəm, bu gün bizi tapdalayardılar. Cənab Prezidentimizinin gözəl
bir sözü var: "Mən hər bir azərbaycanlının prezidentiyəm". Biz bu
sözü onun əməllərində görürük.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki,
məmurların yumor hissi müğənnilərdən yüksəkdir. Bu nədən irəli
gəlir?
- İntelektdən, intellektin səviyyəsindən. Axı intellekti yüksək
olan şəxs hər həftə çıxıb maqazin proqramlarında ona-buna söz
atmaz. İntellekti olan müğənni sırf sənətindən danışar, təəssüflər
olsun ki, televiziyamız səviyyəsiz proqramlarla millətin intellekt
səviyyəsini aşağı salır. Söhbət maqazin proqramlarından gedir.
Şəxsən məni bir tamaşaçı kimi bu cür mövzular maraqlandırmır, kim
kimin toyuna getmir, bir müğənni digər müğənnini nə üçün təhqir
edib və sair. Məni maraqlandıran yalnız sənətkarın sənətidir, şəxsi
həyatı yox.
- Məlumdur ki, aprelin son günlərində KVN üç gün konsert
proqramı ilə çıxış edəcək. Bəziləri konsert verəndə çoxlu dəvətnamə
paylayır ki, yerlər dolsun. Sizdə necə, kiməsə dəvətnamə
vermisiniz?
- Bəli, bəzi adamlara dəvətnamələr verilib.
- Həmin insanlar tamaşaçıların neçə faizini təşkil
edir?
- Cəmi iki faizini. Valideynlərimizə, bizim komandanın
üzvlərinin ailələrinə, bir də bizim əsl sənətkarlarımıza dəvətnamə
vermişəm.
- Əsl sənətkar deyərkən...
- Fərhad Bədərbəyli, Murad Adığözəlzadə, Rauf Babayev, Faiq
Sücəddinov, Fidan və Xuraman bacıları, Zülfiyyə Xanbabayeva,
Brilyant Dadaşova, Fuad Poladov, Afaq Bəşirqızı, Ramiz Novruz,
Valeh Kərimov, Şahmar Qəribli, Yalçın Adığözəlov. Bunlar bizim əsl
dostlarımız və əsil sənətkarlarımızdır.
- Bir insanın gözünüzdən düşməsi üçün hansı hərəkəti bəs
edər?
- Qeyri-səmimiliyi və yalan danışmağı.
- Niyə evlənmirsiniz?
- Bu suala cavab vermək istəmirəm, şəxsi suallar yalnız mənim
özümə aiddir, kütləvi informasiya vasitələri üçün deyil. Geniş
kütlə qoy mənim sənətimlə maraqlansın.
- Cabir İmanovla Tahir İmanovun fərqli cəhətləri
nədir?
- Çox azdır fərqli cəhətlərimiz, demək olar ki, bir mühitdə
böyümüşük, eyni tərbiyəni almışıq.
- Onun sizin qədər mediaya açıq olmamasının
səbəbi?
- Vaxtı azdır, yəqin ondan irəli gəlir. Bu onun şəxsi
prinsipidir.