Müsahibimiz Akademik Milli Dram teatrının aktyoru,
Əməkdar artist Anar Heybətovdur. Onunla işlədiyi teatrda görüşdük.
Növbəti tamaşanın gərgin məşqləri getsə də, tanınmış səhnə adamı
bizimlə söhbətə vaxt ayıra bildi. İlk sualımız da elə məşqlərlə
bağlı oldu.
Topal Teymur qayıdır
- Anar bəy, məşqlər necə gedir?
- Yaxşı gedir. Bu yaxınlarda tamaşanı təhvil verməliyik. Hüseyn
Cavidin "Topal Teymur"unu səhnələşdirəcəyik.
- Tamaşaya kim quruluş verir?
- Bu əsərə bir çox rejissorlar müraciət edib. Bu dəfə isə tamaşa
Mehriban xanım Ələkbərzadənin quruluşundadır. Elə indicə məşqlər
sona çatdı.
- Hansı obrazı canlandırırsınız tamaşada?
- Orxan obrazını canlandırıram, sizi də dəvət edərik, gəlib
baxarsınız.
Əlli-əlli...
- Bu gün teatr hansı yerdədir, sizi qane
edirmi?
- Müəyyən nüanslar var ki, qane edir, elə bir nüans da var ki,
qane etmir. Bu, normaldır. Ümumi desəm, əlli-əlliyə razıyam.
- Hansı uğurlara görə qane edir?
- Uğurlarımız çoxdur, yəni tək mənimlə bağlı deyil. Yalnız
Akademik Milli Dram teatrında deyil, başqa teatrlarımız da var ki,
xaricdən rejissorlar dəvət edib tamaşalar qoyurlar. Bu yaxınlarda
Gənc Tamaşaçılar Teatrında ingiltərəli rejissor bir tamaşa
hazırlamışdı orda. Təbii ki, elə hallar da olur ki, aralarında
uğursuz tamaşalar da olur.
- Qane etməyən tərəfi hansıdır, sizi narahat edən
nədir?
- Bir çox narahatçılıqlar var. O da, düşünürəm ki, hər şey rahat
olsa, mənasız olar. Ümumiyyətlə, həyat özü mənasız olar, ardınca da
işimiz mənasızlaşar. Çalışırıq ki, bacardığımız qədər bu
problemləri aradan qaldıraq.
Aktyorların maaşı azdır
- Dövlətin mədəniyyətə qayğısında teatra olan münasibət
nə yerdədir?
- Yaxşı sualdır. Məncə, normaldır. Şəxsən bizim teatrda dövlət
sifarişi ilə hazır olan tamaşalar var. Lakin teatrın öz hesabına
başa gələn tamaşalar da var. Hansı ki, teatrın daxili hesabına
hazırlanır. Narazılığımız aldığımız məvaciblə bağlıdır, yəni
aktyorların maaşı azdır. Amma mənim yadıma gəlir ki, biz teatra
gələndə aldığımız məvacib çox az idi. Yavaş-yavaş bir az artdı.
Lakin yenə də indiki zaman üçün aldığımız maaş heç yetərli deyil.
İnşallah yəqin yenə artırarlar (gülür).
50 yaşı var, teatrda olmayıb
- Teatrda tamaşaçıları cəlb etmək üçün hansı işlər
görülür?
- Bilirsiniz, tamaşaçını cəlb etmək üçün birinci, yaxşı
tamaşalar lazımdır, ikincisi, mən bunu yüzdə-yüz düşünürəm ki,
tamaşaların reklamı getməlidir televiziya kanallarında, anonslar
getməlidir, afişalar asılmalıdır küçələrdə. Televiziyalarda isə
reklam çox bahadır. Mən dəfələrlə telekanallara müraciət etmişəm
ki, teatrlara güzəştli qiymətlər qoysunlar. Biz mal satmırıq və
yaxud hər hansı firmanı reklam etmirik. Biz nə pul qazanırıq ki, o
qədər də pul tələb edirlər? Gündə bir neçə dəfə reklam çarxı getsə
efirdə, tamaşaçını cəlb etmək olar. Tamaşadan da çox şey asılıdır,
əgər tamaşaçı teatra gəlirsə, tamaşa xoşuna gəlmirsə, daha gəlmir
teatra, elə bilir ki, bütün tamaşalar o gündədir. O cür tamaşalar
tamaşaçını itirir. Elə tamaşaçı var ki, 50 yaşı var, bu vaxta kimi
teatrda olmayıb.
- Daha çox hansı yaş nəsli teatra üz tutur?
- Hər yaş nümayəndəsi üz tutur bura, bizdə hər bazar günü saat
12-də gənc nəsil üçün nağıl tamaşaları oynanılır.
- Bizim xalq niyə teatrsevər deyil? Xalq teatrı anlamır,
yoxsa teatrda uğurlu tamaşalar yoxdur?
- Bilirsiniz, zaman dəyişib. Hamı internetdən istifadə edir,
kimin həvəsi varsa tamaşalar haqqında məlumatı internetdən alır.
Çox düz qeyd etdiniz, bizim xalqın çox faizi teatrsevər deyil,
tamaşalara gəlmirlər. Mən belə bir şeyin həvəsindəyəm ki, fərqi
yoxdur, mən orda rol aldım, ya yox, bizdə tamaşalara maraq çox
olsun, tamaşaçı bilet tapa bilməsin gəlməyə.
- Azərbaycanda teatrın təbliği üçün nə
gərəkir?
- Bizdə gənclər təşkilatı olur. Aktyorlar məktəblərə gedir görüş
üçün. Biz misal üçün Fuad Poladov, Əli Əmirli, Elşən Rüstəmov və
başqaları bir neçə dəfə məktəblərdə görüşlər keçirmişik. Uşaqlarla
təmasda olmuşuq. Müəllim heyəti ilə bizim teatrın direktoru
görüşüb, çalışdığı qədər teatrın gənclərə nə dərəcədə xeyirli
olduğunu bildirib.
- Bir çox seriallara çəkilmisiniz. Serialların texniki
imkanı müasir tələblərə imkan verirmi?
- Mən hamısını bilmirəm hansı avandanlıqla işləyirlər, amma bir
çoxları bəli, xaricdən gələn avadanlıqla işləyir.
Bizim hər hansı bir aktyoru aparaq
Türkiyəyə...
- Niyə bizdə keyfiyyət eyni nəticəni
vermir?
- Bir çox səbəblər var. Birincisi, bura Azərbaycandır, Türkiyə
deyil. Bizdə ssenari onların ssenarisindən zəifdir. Burda serial
çəkəndə kadr arxası on nəfər olursa, orda yüz nəfər olur, hərə öz
işini görür. Təbii ki, onların seriallara ayırdığı vəsaiti burda
bizimkilər seriala, kinoya ayırsa, yüz faiz deyə bilərəm ki, bizdə
qat-qat keyfiyyətli filmlər alınar. Bu dəqiqə bizim hər hansı bir
aktyoru aparaq, Türk serialında çəkilsin. Bizim aktyor çox böyük
bir məharətlə rolunun öhdəsindən gələcək, nəinki türk aktyoru.
- Yeni seriala təklif var?
- Var, amma dəqiq bilmirəm, çünki ola bilər ki, alınmasın. Belə
bir söhbət var ki, may ayında yeni mövsüm üçün serial çəkilməlidir,
alınsa, bu haqda sizə deyəcəm.
- Bir çox obrazları canlandırmısınız. Elə bir hal ilə
üzləşmisinizmi ki, rolda özünüzü görməmisiniz, yəni sizin üçün
çətin olub həmin obrazın öhdəsindən gəlmək?
- Yox, olmayıb. Bütün tamaşaları məşq edirik öncədən, obrazı
özümüzünküləşdirirk. Belə bir halla hələ üzləşməmişəm.
- Burdan teatrsevərlərə necə müraciət edərdiniz ki,
tamaşalara gəlsinlər?
- Təbii ki, hamının problemi var, iş-güc. Amma mən özüm də vaxt
edən kimi tamaşalara baxıram. Sözün əsl mənasında dincəlirəm.
Tamaşaçılara da demək istəyirəm ki, teatra gəlsinlər, dincəlsinlər.
Təbii, elə şeylər var ki, burdan öyrənə bilərlər. Misal üçün,
tarixi, mədəniyyəti, hər hansı pis əməli etməməyi öyrənə
bilərlər.
- Sosial şəbəkədən istifadə etdiyinizi bilirik. Elə hal
olubmu ki, sizə sevgi etirafı etsinlər orda?
- Siz məni boşatdırmaq istəyirsiniz? (gülür). Çox olub, bəli,
mən onlarla dostluq etməyə çalışmışam, istəməmişəm kimisə qırım.
Normal qarşılayıram bütün bunları.