Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Reşat Kəsəmənlinın
adına mətbuatda tez-tez rast gəlirik. Başı qardaşı Araz
Kəsəmənlinin həbsinə, məhkəməsinə qarışıb. Ancaq bu darmacalda yenə
də bizimlə görüşə zaman ayırıb, suallarımızı cavablandırmağa razı
oldu.
Mən Rəşad deyiləm…
- Reşat bəy, mən də çoxu kimi sizi Rəşad kimi tanımışam.
Ancaq belə deyilmiş…
- Bəli, adım Reşatdır, Rəşad deyil və həmişə tələb etmişəm ki,
elə də yazılsın. Eyni mənanı daşısa da, istəyirəm ki, Reşat
yazılsın.
- Səbəbi? Əgər fərqi yoxdursa, niyə tələb
edirsiniz?
- Çünki bu adı atam türk yazışısı Reşat Nuri Güntekinin şərəfinə
verib mənə.
- Siz aktyor, teleaparıcı və eyni zamanda şairsiniz.
Çətin deyil sizə?
- İdmanı da əlavə etsək, dörd olacaq (gülür). Xeyr, heç bir
çətinliyi yoxdur. Bu sahələri çox gözəl bilirəm.
İcra başçısına məktub yazacağıq
- Bu gün Nüsrət Kəsəmənliyə verilən dəyər sizi qane
edirmi?
- Xalq tərəfindən götürsək, təbii ki, qane edir. Xalq sevir, hər
an xatırlayır və hörmət edir xatirəsinə. Lakin bəzi şeylər var ki,
həyata keçirilməlidir. Rayonda onun adına mütləq ev muzeyi
olmalıdır. Bunun üçün rayonun icra başçısına məktub yazacağıq.
Çünki hər gələn-gedən soruşur ki, Nüsrət Kəsəmənlinin adına ev
müzeyi varmı?
Pul söhbəti etmirik
- Müğənnilər sizə şair kimi müraciət
edirlərmi?
- Bəli, çox olur.
- Qarşılığında pul alırsınız?
- Əlbəttə. Ancaq bəzən həddən artıq yaxın dostlarımız olur, heç
onlarla pul söhbəti etmirik.
- Bəs yaxın adam olmayanda məbləğ nə qədər
olur?
- Bilirsiniz, o baxır mahnıya. Lakin o pul ehtiyaca görə deyil,
sadəcə, elə bir dövrdə yaşayırıq ki, o məbləği qoymayanda, inanın,
həddindən artıq gözəl yazsa da, dəyər verən olmur.
- Ən bahalı mahnınız hansı olub bu vaxta
qədər?
- Yadımda deyil axı. O qədər mahnı vermişəm ki, müğənnilərə.
Unutmuşam hansı ucuz olub, hansı baha. Amma belə orta qiymətlə mən
şeirin birini 400-500, daha yaxşısını isə 700-800 manata
vermişəm.
Toya gedirdik, yolda saxladılar bizi
- Araz haqqında nə deyə bilərsiniz? Son günlər gündəmdə
olan məsələlərdən biri Arazın həbs olunmasıdır.
- Qardaşımın günahsız olduğunu bilirəm. Əmin olmasam, heç vaxt
danışmaram, bunu məni yaxşı tanıyan insanlar da bilir.
Düşünməsinlər ki, doğmamdır, qardaşımdır deyə, müdafiə edirəm.
Əsla! Heç mənim qardaşım deyil, Nüsrət Kəsəmənlinin oğlu deyil, adi
bir Azərbaycan vətəndaşıdır. Belə olmalıdır?! Günahsız insanı həbs
etmək nə dərəcədə düzgündür? Mən hər kəsi dəvət edirəm məhkəməyə,
aparılan istintaqa baxsınlar, bu uşaqda heç bir günah yoxdur. Uzun
illərdir ibadət edir, heç vaxt nə siqaret çəkib, nə içki içib, necə
ola bilər axı bu?! Ekspertizanın nəticələri məlumdur, qanı
tər-təmizdir. Əgər kiminsə şübhəsi varsa, ekspertizanı götürüb
getsin yoxlatdırsın, qardaşımın qanı təmizdir, nə narkotik
aşkarlanıb, nə də içki. Cəmi üç aydır həbsxanadan çıxdığı, heç
şəhəri tanımır. Məndən xahiş edirdi, bərabər çıxırdıq. Həmin günü
bərabər olmuşuq, toya gedirdik. Yolda saxladılar bizi. Üç nəfər
idik. Mən, qardaşım və dostumuz. Özlərini təqdim etmədən bizi
apardılar bölməyə. Yoxladılar üstümüzü, dostumla məni buraxdılar,
qardaşımı yox. Guya cibindən külli miqdarda narkotik vasitə aşkar
ediblər.
Hakim onlara dedi ki, yalan danışırsınız
- Necə düşünürsünüz, bunu kimsə qəsdən təşkil
edibmi?
- Axı niyə, kim edir, nə istəyirlər?! Kimdirsə, çıxsın ortaya,
adam düşmənşçilik edəndə də kişi kimi edər.
- Kömək üçün harasa müraciət etmisiniz?
- Əlbəttə, bir neçə məktub hazırlamışam. Bizim dövlət başçımız
cənab İlham Əliyevə, ölkəmizin birinci xanımı Mehriban xanım
Əliyevaya məktub yazmışam. Mən onlardan əfv istəmirəm, o zaman əfv
istənilər ki, günahkar olar. Mən sadəcə, haqq-ədalətlə məsələyə
baxılmasını istəyirəm. Çox xahiş edirəm ki, işə ədalətli baxılması
üçün sərəncam verilsin. İnanıram ki, dövlətimiz buna biganə
qalmayacaq, məhkəməmiz özü və hakimlərimiz ədalətli qərar
çıxaracaqlar. Məhkəmə gedən zaman hətta hakim ittihamçıya sual
verdi ki, niyə yalandan izahat verirsiniz? Çünki həmin qurumun
rəisi və onun yanında olan üç-dörd nəfər var ki, hamısı
ayrı-ayrılıqda dindiriləndə fəqrli fikirlər bildiriblər. Gah
dedilər Araz tutulanda tək olub, gah dedilər qardaşi ilə olub.
Hakim o zaman onlara dedi ki, siz əməliyyat zamanı bir olmusunuz,
lakin danışdıqlarınız bir-birinə ziddir. Çünki yalan
danışırsınız.
- Məhkəmənin necə qərar çıxaracağını
gözləyirsiniz?
- İnanın, heç nə bilmirəm, artıq şok vəziyyətindəyəm. Heç nə
sübut olunmayıb. Nə qanında narkotik maddə aşkarlanıb, nə alkoqol
aşkarlanıb, nə bu vaxta kimi kiməsə narkotik satdığı, nə də
kimdənsə narkotik vasitə almağı. Heç nə yoxdur, günahsız yerə tutub
salıblar içəri.
- Dedikləriniz həqiqətdirsə, onda nəyə əsasən tutublar
Arazı?
- Tutub aparıblar, deyirlər ki, üstündən baxış zamanı filan
qədər narkotik çıxıb. Yaxşı, əgər o qədər maddə çıxıbsa, niyə
üzərində əl izləri aşkarlanmayıb? Necə çıxa bilər axı?! Bunlar
hamısı istintaq gedən zaman vərəqdə yazılıb. Bunlar hamısı
sübutdur, faktdır.
Deyir, özümü öldürəcəyəm
- Arazın bu baş verənlərə reaksiyası necə
oldu?
- Araz sadəcə, şokdadır. Deyir, mən ədalət istəyirəm. Əgər mənə
günahsız yerə iş kəssələr, özümü öldürəcəyəm. Niyə günahım olmadan
on il yatmalıyam, axı niyə? Hansı insan buna dözər?! Bu, insan
həyatıdır e, günahdır. Maşında hamımız ola-ola qalxıb üzümüzə
dururlar ki, siz olmamısınız, tək olub Araz. Özümü saxlaya
bilməyib, dedim, olar bir sual verim? Hakim dedi, buyurun. Dedim,
iddia edirlər ki, biz olmamışıq maşında, Araz tək olub, o zaman
gedin həmin günü bizdən aldığınız izahatlara baxın. Məhkəmə qalxdı
ayağa, kağızı göstərdi və həmin qurumun rəisinə dedi ki, sən özün
almısan izahatı və qol çəkdirmisən. Bəs bunların nə işi var idi
orda, əgər Araz tək idisə? Bu qədər iftira olar?! Çox söz var,
hamısı da Arazın günahsız olduğuna dəlalət edir. Qarşı tərəf deyir
ki, Arazın cibində on dörd manat pul olub. Hakim sual verir ki,
hansı məntiqə uyğundur ki, toya gedən adamın cibində on dörd manat
olsun? Cavab verir ki, bəlkə qardaşı salacaqdı nəməri. Hakim dedi,
bəs deyirdin Araz tək idi, indi də deyirsən ki, bəlkə qardaşı
salacaqdı?! Hakim dözmədi, sonunda dedi ki, ayıbdır, yekə
adamsınız, yalandan ifadə vermək sizə yaraşmaz! Buna görə də mənim
yeganə əlacım dövlət başçımıza müraciət etməkdi və inanıram ki,
məhkəmənin ədalətli qərar çıxarması üçün sərəncam verəcəklər. Yenə
deyirəm, heç mənim qardaşım deyil, siravi Azərbaycan vətəndaşıdır!
Haqq öz yerin tapsın.
Qadının silahı onun dilidir
- "Ailədə qadın və kişi hüquqları bərabərdir sözləri ilə
əsla razılaşmıram", -bu sözləri siz müsahibələrinizin birində
demisiniz. Niyə belə düşünürsünüz?
- Təbii ki, razılaşmıram. Kişini Allah kişi yaradıb, qadını
qadın. Qadın incə olmalıdır, zərif olmalıdır. Əgər qadın ucadan
danışırsa, özünü kişi kimi aparırsa, öz incəliyini davranışında
qoruyub saxlaya bilmirsə, mən həmin qadına artıq qadın kimi baxa
bilmərəm. Quranda da, Allah buyurub ki, "mən qadını kişi tək
qalmasın deyə yaratdım". Demir ki, kişini, qadın tək qalmasın deyə
yaratdım. Və ailədə bu gün boşanmaların sayı ona görə artır ki,
qadın kişini kişi yerinə qoymur. Qadın kişini ikinci atası bilsə və
təbii ki, kişi də özünü ikinci ata kimi aparsa, ailələr heç vaxt
dağılmaz. Qadının dikbaşlığı onun fəlakətidir. Deyirlər ki, qadına
əl qaldırmaq olmaz. Amma mən düşünürəm ki, qaldırılar da, betəri də
olar. Necə olur, qadın kişini təhqir edib, üstünə qışqıra bilir
bəs? Qadının silahı onun dilidir. Əgər qadın öz silahından istifadə
edirsə, niyə də kişi öz silahından istifadə etməsin?
Mən o kişini kişi saymıram
- Dediniz ki, qadının silahı dilidir. Kişinin silahı
nədir, qadına əl qaldırmaq?
- Bəs kişi neynəməlidir? Qadın deyinəndə "arvad" kimi otaqdan
çölə çıxmalıdır?! Mən o kişini kişi saymıram.
- Vacibdir ki, kişi əl qaldıra? Sözlə başa salmaq
olmaz?
- O, qadınlara təsir eləmir. Qadın həyasızlıq etdiyi anda,
qadınlığını itirir. Qadın özünə hörmət qoymalıdır, qadın öz adından
şərəf duymalıdır. Qadın elə etməlidir ki, kişi onun adını eşidəndə
ərisin, bir az həssas olsun. Qadının ən böyük silahı onun
qadınlığıdır, incəliyidir, davranışıdır.
Dünyanın ən gözəl qadınını gətirin yanıma
- Aqressivsiniz…
- Bəli, çox aqressiv insanam.
- Deyəsən daha çox xanımlara aqressivsiniz?
- Xeyr, elə deməzdim. Çünki qadın deyiləndə mənim gözümün önünə
gətirdiyim ilk şəxs anam olur. Qadınlara qarşı aqressiv ola
bilmərəm, əksinə qadın anadır, qadın bacıdır, qadın həyat
yoldaşıdır. Qadın mənəvi cəhətdən rahatlıq deməkdir. Təbii ki,
söhbət əsl qadından gedir. O birilərini qadın saymıram. O insan ki,
cızığından çıxır, özünü kişi kimi aparır, cəmiyyət arasında ucadan
danışır, oturuşuğu-duruşuğunu bilmir, mən elələrini qadın saymıram.
Dünyanın ən gözəl qadınını gətirin yanıma, danışığını bilməyib,
özünü kişi aparsa, gözümdə kiçiləcək. Mən onu kişi gözündə
görəcəm.
- Elə bir xanım var aranızda?
- Təbii ki, o qədər. Şou-biznesdə o qədər eləsini tanıyıram ki,
xanımlıqdan çıxıblar.
- Kimdir o xanımlığını itirənlər?
- Ad çəkməyəcəm. Yox, qorxmuram. Sadəcə, o da anadır, bacıdır,
həyat yoldaşıdır, sevgilidir. Mən ad çəksəm, sadəcə, həmin insanı
deyil, onun ətrafındakını, ailəsini də təhqir eləmiş olaram.
Onların da öz qeyrəti, namusu var. Mən də heç kimin qeyrət-namusuna
toxunmaram. Yeri gələndə həmin xanımların özünə də demişəm ki, bir
az incə ol, xanım kimi.
- Həmin xanımın bu sözə reaksiyası necə
olub?
- Sadəcə, gülüş. Cavabı necə ola bilər ki, eyni cür cavab versə,
bilir ki, beş-betərini deyəcəm. Çünki məndə kiməsə və ya nəyəsə
xatir özünü incəliyə vurmaq yoxdur. Necə varamsa, eləyəm.
Qurban olum, çıx oxu efirdə…
- Oxumaq keçib heç ağlınızdan?
- Dostlarım əl çəkmir ki, Reşat, qurban olum, çıx oxu efirdə.
Amma razılaşmıram, çünki bu xarakterimə uyğun deyil. Müğənni
dostlarım çoxdur, lap yaxın dostlarımın adını çəkə bilərəm: Ədalət
Şükürov, Elxan Şirinov, Vasif Məhərrəmli, Nazim Faytonçu, Rüfət
Axundov, Vüqar Muradov - bunlar həqiqətən də müğənniliyin damğasını
vurmuş insanlardır və beləcə, mənim çixıb oxumağım düz gəlməz.
- Ad çəkdiyiniz müğənni dostlarınız mahnıya görə
müraciət edirlər sizə?
- Bəli, var. Elə bu yaxınlarda Ədalət Şükürova iki mahnı təqdim
edəcəm. İnşallah, uğurlu alınar. Başqa İrad İbrahimova, Arzu Mələk
və digərləri mənim sözlərimə aid mahnı oxuyublar.
Özümü oynayıram…
- "Küləklər şəhəri" serialında özünüzü necə hiss
edirdiniz?
- Həmin serialın rejissoru yaxın dostum Samir Qulamov həmin
obrazı sırf mənə görə yazmışdı. Mənə dedi ki, Reşat, mən bu rolu
sırf sənin üçün yazmışam, sənin xarakterinə uyğun. Getdim baxdım,
oxudum ssenarini, bəyəndim və gördüm ki, eynən mənim xarakterimi
yazıb obrazda. Eyni zamanda həm sərt, həm də həssas. Həmin obrazı
çox rahat oynamışam, özüm necə varamsa, rolu da elə oynamışam. Heç
bir çətinliyi olmayıb mənə. Evdə də eləyəm - aqressiv, əsəbi,
özümdən tez çıxıram. Amma bir kəlməyə yumşalıram, sanki heç nə
yaşanmamış kimi.
- Növbəti çəkiləcəyiniz serial varmı?
- Bəli, var. O gün kastinqə dəvət etmişdilər. Rusiyalı rejissor
çəkir, iyirmi beş seriyalı film olacaq. Həmin rejissor məni görən
kimi dedi ki, siz mütləq bu serilda çəkilməlisiniz. Görünür, məni
serialın hansısa obrazına uyğun bilib.