Gənc Markeslə söhbət: 45 il yubanmış
müsahibə
"Yüz il tənhalıqda" romanına görə Nobel mükafatı almış
Markes çox vaxt "magik realizm" adlandırılan özünəməxsus üslubu ilə
məşhurdur. Bu üslubun səciyyəvi cəhəti real və uydurma olayların
möcüzəvi ustalıqla çulğaşmasıdır.
Həftəlik elektron qəzet "Wikers Weekly" Markesin çox "qədim",
lakin heç vaxt dərc olunmamış müsahibəsini yayımlayıb. Bu
müsahibədən keçən müddətdə yazıçının baxışları dəyişmişdimi?
Bilmirik. Amma bu söhbətin görkəmli yazıçının portretinin hansısa
çizgisini tamamlayacağına söz yoxdur. Odur ki, Axar.az həmin
müsahibəni oxucularına çatdırmağı lazım bilir.
Bir nəfərdən başqa
60-cı illərin sonlarında, daha dəqiq desək, 1969-cu ildə insanın
Aya ilk uçuşundan əvvəl İspaniyanın Barselona şəhərində 45
broşürdən ibarət "Kainatda özgə ad altında yaşayan siklop" (siklop
- yunan əsatirində təpəgöz, div sutərləridir – tərc.) seriyası
çıxır. (Ciclope la incognita del espacio).
Bu nəşrlər ufologiya, UNO-lar, kainatdakı digər sivilizasiyalar,
kosmosdakı gələcək insan məsələlərinə həsr olunmuşdu. Redaksiyanın
tərkibində Latın Amerikasından olan jurnalistlər öz həmvətənlərinin
gənc yazarlarından müsahibələr almışdılar. Onların həmsöhbətlərinin
demək olar ki, hamısının adları artıq çoxdan unudulub, bir nəfərdən
başqa... Dünya şöhrətli Qabriel Qarsiya Markesdə başqa.
Onların məqsədi Yer deyil
- UNO haqqında nə düşünürsünüz?
- Mənim UNO haqqındakı düşüncələrim, ola bilsin
ki, bir qədər sağlam düşüncənin fövqünə qalxsın. Hesab edirəm ki,
UNO-lar mövcuddurlar və başqa planetlərdən uçub gəlirlər, lakin
onların məqsədi Yer deyil.
- Digər planetlərdə həyatın mövcudluğuna
inanırsınız?
- Bizim planetin yeganə məskunlaşmış planet olmasını iddia
edənlərin təkkəbbürü təəssüf doğurur. Fikrimcə, biz daha çox,
kainatın ucqar bir əyalətindəki kənd kimi unudulmuşuq və əsrlərin
gecələrindən keçən parlaq disklər insanlara biz toyuqlara
baxdığımız kimi baxır.
- Necə fikirləşirsiniz: onlar haradan gəlirlər və ya
onları kimlər göndərir?
- UNO-nun ekipajı, çox güman
ki, bizimkindən daha geniş və səmərəli bioloji imkanlara malik
varlıqlardan təşkil olunur. Onlar bizimlə əlaqəli deyillər, çünki
bizim öyrəndiklərimizi min illər bundan əvvəl kainat üzərindəki
sonuncu tədqiqatları zamanı öyrənib bitiriblər. Onlar nəinki bizim
haqqımızda özümüzdən də çox bilirlər, hətta bizim taleyimiz də
onlara bəllidir. Əslində yer onlar üçün sadəcə kosmik naviqasiyada
nəzərə alınan adalar kimi bir maneədir.
- Sizcə, ictimaiyyət bu predmetlər haqqında lazımınca
bilgiləndirilibmi?
- UNO haqqında həqiqətləri bizlərdən gizlətmək
barədə böyük dövlətlərin müqaviləsi olduğunu güman etmirəm. Bu, o
demək olardı ki, bu dünyanın böyükləri əslində olduqlarından daha
ağıllıdırlar.
- Bəs bəzi alimlərin Yer kürəsi xaricində kosmik
sivilizasiya və gəmilərin mövcudluğunu inkar etməsinə necə aydınlıq
gətirə bilərsiniz?
- Həyat elə alınıb ki, bəşər övladı gələcəyi
görə bilməyə layiq görülməyib. Odur ki, biz mürtəce elmin, kobud
doqmatizmin hakimiyyəti altındayıq. Əgər yadplanetliləri burda,
yanımızda, stolun üstündə, kimya kolbasında görə bilmiriksə, demək,
sübut da edə bilmərik. Haqqında danışdığınız insanlar marslıların
mövcudluğunu inkar edən köhnə fikirli mürtəce alimlərdir. Onlar bu
varlıqları gözləri ilə görmədikləri üçün inkar edirlər, hətta heç
ağıllarına da gəlmir ki, bəlkə bu marslılar elə bədənimizdəcə
bizimlə mübarizə aparmağa qadir gözlə görünməyən mikroblardır.
Nə vaxta qədər ki, elmimiz bəsirət gözünü yumub, eksperimentlər
yolu ilə gedəcək bəşəriyyət korlar səltənəti olaraq qalacaq.
Ağzımızı açıb hələ Bibliyanın yazıldığı zamanlardan mövcud olan
işıq saçan diskləri izləyəcək və onların varlığını danacağıq. Çünki
onların heyəti keçmişlərdə dəfələrlə baş verdiyi kimi düşüb bizimlə
nahar etmir. Çünki biz Kainatın ən ucqar, mürtəce və geridə qalmış
planetinin sakinləriyik.