Ana səhifə Kult |
Sabah Azərbaycanın teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti Zərnigar Ağakişiyevanın 69 yaşı tamam olur.
Bir çoxları onu "Təhminə" filmində Zaurun anası olan Zivər obrazı ilə tanıyır.
Uzun müddətdir səhnədən və mediadan uzaq duran Zərnigar xanımla əlaqə saxladıq. Xalq artistinin Axar.az-a müsahibəsini təqdim edirik:
- Zərnigar xanım, doğum gününüzü harada keçirəcəksiniz?
- Heç yerdə. Qeyd etməyəcəm.
- Sizi təbrik edən olub?
- Təbrik edənlər çox olub. Sənət yoldaşlarımdan, redaktorlardan, radio və televiziyalardan təbrik ediblər. Sənət yoldaşlarımın mənə çox böyük diqqəti var. Onlar öz işləri ilə məşğuldur. Mənim onlardan elə bir narazılığım yoxdur. Sənət yoldaşlarımdan ancaq xoş xatirələr qalıb və onlardan yalnız xoş münasibət görmüşəm.
- Bəs Mədəniyyət və Turizm Nazirliyindən təbrik edən olubmu?
- Bilirsiz, nazirliyin başı qarışıqdır. Respublikada işlər görülür, konfranslar keçirilir, əlaqələr qurulur və teatr sahəsində böyük işlər görülür.
- Hal-hazırda hansısa film və ya seriala çəkilirsiniz?
- Seriallarda qüvvəli adama ehtiyac var. Çəkilişlər müxtəlif məkanlarda olur. İndi daha çox gənc nəsil seriallara çəkilir və onlarla ayaqlaşmaq lazımdır. Amma mənim seriala çəkilməyə səhhətim imkan vermir. Lakin təklif olsa, qısametrajlı filmlərə məmnuniyyətlə çəkilərəm.
Qeyd edək ki, Zərnigar xanım 1945-ci ildə Qubada anadan olub. Onun yaratdığı obrazlar həmişə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Aktrisaya 1989-1992-ci illərdə cəmi iki rol verilməsi onun səhnədən uzaqlaşmasına səbəb olub. 7 il sonra Ədalət Vəliyevin dəvəti ilə yenidən teatra qayıdıb.
O, həyatı boyu 14 teatr tamaşası və 47 filmdə rol alıb.
Zərnigar Ağakişiyeva 1982-ci ildə Əməkdar, 2000-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. Prezident təqaüdçüsüdür.
Tarix
2014.11.07 / 11:44
|
Müəllif
İlham Sahiloğlu
|